Əlaqə Arxiv
news Image
2016.05.04
09:45
| A A A
Manat tələbi sürətlə artır
Samir Əliyev: “Hələlik proseslər manat üçün güclü təzyiqin olmadığını göstərir” Əkrəm Həsənov: “Dövriyyədə manatın kütləsi azalacaqsa, milli valyutamız güclənə bilər”

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il mayın 1-nə 4 milyard 120,6 milyon ABŞ dolları təşkil edib. Rəsmi valyuta ehtiyatlarının həcmi aprelin 1-nə olan göstərici ilə müqayisədə 54,8 milyon dollar və ya 1,34% artıb.

Proqnozlar artımın davamlı olacağını göstərir. Belə ki, mayın 3-də Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracını təşkil edib. Hərraca Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb. Fonddan verilən məlumata görə, hərraca çıxarılan valyutanın 5,6 milyon dolları 7 banka, 40 milyon dollarlıq hissəsi isə Mərkəzi Banka satılıb. Bunula baş bankın valyuta ehtiyatları yenidən artmağa başlayır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, bu artımın obyektiv səbəbləri var: "Əvvəla, Mərkəzi Bank aprel ayında alış həyata keçirdi və xeyli dollar alıb. Çünki, valyuta hərracında Dövlət Neft Fondu dollar çıxaranda banklar az alırdı. Mərkəzi Bank manatın bahalaşmaması üçün özü alış həyata keçirdi. Mərkəzi Bankın valyuta ehtiyatlarında dollardan sonra ən böyük paya malik olan avro son iki ay ərzində 0.5 faiz bahalaşıb. Digər valyutalar da dollara nisbətdə bahalaşıb. Yəni, bu hal məzənnə fərqindən yaranmış artımdır. Artımın əsas səbələri bunlardır".

Ekspert əlavə etdi ki, artımım davamlı olub-olmaması Mərkəzi Bankın valyuta bazarındakı davranışlarından asılı olacaq: "Hələlik proseslər manat üçün güclü təzyiqin olmadığını göstərir. Manatın məzənnəsində mart ayından etibarən sabitlik var. Mərkəzi Bank manatın daha çox bahalaşmasına və indiki həddən çox aşağı düşməməsi üçün alış həyata keçirəcək. Belə bir halda da Mərkəzi Bakın valyuta ehtiyatları arta bilər. Yəni, proseslər bankların valyuta bazarında dollar almasından asılı olacaq. Əvvəlki kimi bazara çıxarılan 100 milyon dolların banklar tərəfindən 30 faizi alınacaqsa, o zaman Mərkəzi Bank məcbur olub dollar alacaq. Bu da nəticədə Mərkəzi Bankın valyuta ehtiyatını artıracaq. May ayında da valyuta ehtiyatının artımı gözlənilir.

Mərkəzi Bank manatın güclənməməsi üçün dollar almağa başladı. Sonuncu hərracda 30 milyon dollar aldı. Mərkəzi Bank dollar almasa idi, 1 dollar 1.47 manat olardı. Yəni, valyuta ehtiyatının artması milli valyuta üçün güvənlik yaradır. Amma bizdə Mərkəzi Bank manatın bahalaşmasına imkan vermədiyi üçün ehtiyatlarının artması davam edəcək".

Digər mütəxəssis Əkrəm Həsənov bildirir ki, bu artımın iki səbəbi var: "Birincisi, ötən ayda banklara dolları Mərkəzi Bank yox, Dövlət Neft Fondu satmışdı. Yəni, Mərkəzi Bank ehtiyatlarını xərcləmədi. Ona görə də ehtiyatlarında azalma müşahidə edilmədi. Ehtiyatının artmasına səbəb isə odur ki, Mərkəzi Bank dövriyyədə manat kütləsini azaldıb.

Manat azaldığı üçün əhalinin milli valyutaya ehtiycı yaranır. Nəticədə əhali dolları satıb milli valyuta əldə edir. Təsadüfi deyil ki, son aylar Mərkəzi Bank manatın məzənnəsini artırmışdı ki, əməliyyatdan vəsait əldə edə bilsin. Yəni, az manat satmaqla dollar əldə etdi. Mərkəzi Bank ötən ay banklardan dolları alırdı, amma satmırdı. Buna görə də ehtiyatında artım baş verdi. Ancaq dövriyyədə manatın kütləsi azalacaqsa, manat güclənə bilər. Eyni zamanda bunun iqtisadiyyata mənfi təsirləri mümkündür".




Sizin Reklam Yeriniz