Əlaqə Arxiv
news Image
2016.05.05
09:30
| A A A
Aqrar məhsulların istehsalında artım ərzağı ucuzlaşdıracaq
Çingiz Fərəcov: “Bu addımla büdcəyə əlavə vəsait toplanacaq, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatı tam təmin ediləcək”

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının artırılması hesabına ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən iri təsərrüfatların yaradılması üzrə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2015-ci il tarixli 300 nömrəli sərəncamına əsasən, "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi üzrə aidiyyəti dövlət və rayon icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İqtisadiyyat Nazirliyində yaradılmış komissiya tərəfindən yeni ərazilərin əkin dövriyyəsinə cəlb olunması və burada iri təsərrüfatların qurulması istiqamətində cari ildə Xızı və Siyəzən rayonlarında meliorativ tədbirlərin başa çatdırıldığı torpaq sahələri təyinatı dəyişdirilərək müsabiqə və hərrac yolu ilə kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşmış sahibkarlara uzunmüddətli icarəyə veriləcək. İri təsərrüfatların yaradılması məqsədilə təşkil olunacaq müsabiqədə kənd təsərrüfatı sahəsində ixtisaslaşmış sahibkarlar iştirak edə bilərlər. Bu məqsədlə cari ildə 5,7 min hektar torpaq sahəsi hərraca çıxarılacaq.

Bu qədər yeni ərazilərin əkin dövriyyəsinə cəlb olunması aqrar məhsul istehsalı və onunla bağlı bazara nə vəd edir? Daxili ərzaq istehsalının bu fonda artımını gözləmək olarmı?

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov bildirdi ki, yeni ərazilərin əkin dövriyyəsinə daxil edilməsi və onun əsasında iri təsərrüfatların yaradılması həm əhalinin aqrar məhsullara olan tələbatını tam ödəyəcək, həm də əlavə gəlir gətirəcək: "Taxtakörpü" su anbarının istifadəyə verilməsi kənd təsərrüfatı sahəsinin inkişafına ciddi təsir göstərəcək. Çünki Xızı, Dəvəçi və Siyəzən, dağ və dağ ətəyi rayonlarında yerləşən torpaqlar uzun illərdir istifadəsiz qalmışdı. Bu da həmin torpaqlarda müəyyən qədər şoranlaşmanın getməsilə bağlı idi. Bir sözlə, həmin torpaqlar əkin dövriyyəsindən kənarda qalmışdı. İndi "Taxtakörpü" su anbarının istifadəyə verilməsi və bu sahədə irriqasiya işlərinin aparılması nəticəsində xeyli dərəcədə torpaq əkin dövriyyəsinə daxil olur. Ona görə də sözügedən rayonlarda 5,7 min hektarlıq torpağın müsabiqə yolu ilə iş adamları, sahibkarlara verilməsi kənd təsərrüfatında əlavə məhsulun yetişdirilməsi demək olacaq. Bu fonda Xızı, Siyəzən, Şabran zonasında tərəvəz əkmək və taxılçılığı inkişaf etdirmək yerinə düşərdi.

Burada suvarılan torpaqların hər hektarından azı 30 sentner taxıl götürüləcək. Tərəvəz əkildiyi halda isə hər hektardan azı 400-600 sentner tərəvəz məhsulu yığmaq mümkün olacaq. Belədə kənd təsərrüfatına əlavə gəlir gələcək. Həmin istehsal edilən məhsulun ixracı isə gəlirlərin daha da artması demək olacaq. Həmin istehsal olunan məhsullar daxili bazarda realizə olunacaqsa, deməli, əhalinin taxıl, tərəvəzə olan tələbatının daha dolğun şəkildə ödənilməsinə yardım olacaq. Bununla da büdcəyə əlavə vəsait toplanacaq, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatı tam təmin ediləcək. Həmin torpaqlar peşəkar sahibkarlara verilməlidir ki, ondan səmərəli istifadə etsinlər, yüksək məhsul götürsün, gübrəni zamanında versinlər. Yəni, demək istəyirəm ki, belə torpaqları hər adama vermək olmaz, yalnız illər ərzində torpaqda işləyərək bu sahədə təcrübə toplayan insanlara verilməlidir".




Sizin Reklam Yeriniz