Əlaqə Arxiv
news Image
2016.05.06
07:00
| A A A
Azərbaycana gələn yüksək səviyyəli mütəxəssislərin sayı artacaq
Rəşad Həsənov: “Xarici peşəkar mütəxəssislərin cəlb olunması peşəkar marketinq xidmətinin inkişaf etdirilməsi, Azərbaycan brendinin yaradılıb xaricdə tanıdılması, gələcəkdə isə milli mütəxəssislərin yetişdirilməsinə k

"Yüksək səviyyəli mütəxəssislərin Azərbaycana cəlb olunması qaydaları ilə bağlı çox ciddi işlər aparlır".  Bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.  F.Nəbiyev bildirib ki, bununla bağlı təkliflər hazırlanıb: "Azərbaycana dəvət olunan iş adamları yüksək səviyyəli mütəxəssislər olmalıdırlar. Bununla bağlı təkliflər hazırlanıb, bir neçə nazirlikdə müzakirə olunub və bu yaxınlarda qaydalar da öz təsdiqini tapacaq". 

Qeyd edək ki,  bu və ya digər ölkə daxilində xaricdən gələn yüksək səviyyəli mütəxəssislərdən istifadə olunması hallarına dünyanın bütün ölkələrində rast gəlmək olar.  Hətta ABŞ kimi çoxsaylı yüksək səviyyəli mütəxəssisləri olan ölkə belə bura yaşamağa gələn miqrantlar arasında ilk növbədə məhz yüksək səviyyəli mütəxəssislərə yaşıl işıq yandırır. 

İqtisadçı-ekspert Rəşad Həsənov düşünür ki, xarici peşəkarların cəlbi ölkəmizdə yeni olan sahələrin inkişafına, Azərbaycan brendinin yaradılıb xaricdə tanıdılmasına, milli mütəxəssislərin yetişdirilməsinə yardım edə bilər: "Azərbaycanda yüksək səviyytəli kadrların yetişdirilməsi sahəsində problemlər mövcuddur. Bir çox sahələr üzrə bacarıqlı kadr çatışmamazlığı hiss olunur. Azərbaycan təxminən 25 il əvvəl bazar prinsipləri əsasında idarə olunan iqtisadi sistemə keçdi. Bu da özü-özlüyündə ciddi dəyişiklik və müasir standartlar tələb edən sistemdir. 

Eyni zamanda, rəqabətli mühit formalaşmalıdır. Bütün bu innovasiyaların idarə olunması, tətbiqi məsələlərində Azərbaycan üçün müəyyən problemlər var. Çünki bunlar ölkəmiz üçün yeniliklər idi və həmin yenilikləri tətbiq edəcək mütəxəssis və kadr məsələsi istiqamətində çatışmamazlıq mövcuddur. Eyni zamanda, yeni sistem Azərbaycan üçün əvvəlki dövrlərdə tətbiq olunmayan bir çox istehsal sahələri və istiqamətlərini özündə birləşdirirdi ki, bu da kadr çatışmamazlığını yaradan əsas amillərdəndir. 

Hazırda Azərbaycanda bir sıra ali təhsil ocaqları yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsinə cəhd göstərir. Onlar bu istiqamətdə müəyyən yol qət ediblər. Amma ölkə üzrə ümumi təhsil sisteminə diqqət yetirsək, görürük ki, hazırlanan mütəxəssislərin xeyli hissəsi müasir tələblərə cavab verən səviyyədə deyillər. Bu baxımdan da daimi olaraq Azərbaycanın peşıkarlara ehtiyacı var. Həmin peşəkarlar da müxtəlif ölkə və müxtəlif beynəlxalq institutlardan cəlb olunur. Prosesin başlanması üçün  hazırda iqtisadiyyatın diversifikasiya olunması və rəqabətli iqtisadi mühitin gücləndirilməsi istiqamətində görülən işlər daha da genişləndirilməlidir. Azərbaycan həmçinin ixrac qabiliyyətli istehsal mühitinin formalaşmasına başlamalıdır. Bu mənada da prosesə xarici mütəxəssislərin kifayət qədər dəstəyi ola bilər. 

Təbii ki, Azərbaycan neft sektoru üçün kifayət qədər keyfiyyətli mütəxəssislər yetişdirə bilib. Hazırda cəmiyyətdə bu sahə üzrə müzakirə olunan məsələ yerli mütəxəssislərin xaricilərə nisbətən aşağı  əmək haqqı ilə işləmələri, lazım olan fəaliyyət sferalarına cəlb olunmamaları ilə bağlıdır. Amma ümumən götürdükdə elm sahəsi və istehsalat prosesinin təmin olunması, müasir idarəetmə texnologiyasının təmin edilməsində xaricdən cəlb olunan peşəkarların dəstəyinə ehtiyacımız var. Ümumiyyətlə, dünyanın hər bir ölkəsində peşəkarların idxalı prosesi baş verir. Hətta ABŞ-ın özüdə bu istiqamətdə işlər gedir. ABŞ peşəkarların, beyinlərin idxalı istiqamətində ciddi səy göstərir. Ona görə xarici mütəxəssislərin cəlbi heç bir halda Azərbaycan üçün də neqativ məqamlar yarada biləcək hal sayıla bilməz. Proses ancaq müsbət mənada qiymətləndirilir. 

Xarici peşəkar mütəxəssislərin cəlb olunması, rəqabət mühitinin daha geniş vüsət alması,  peşəkar marketinq xidmətinin inkişaf etdirilməsi, dünya bazarlarını dərindən bilən menecerlərin prosesə cəlbi, Azərbaycan brendinin yaradılıb xaricdə tanıdılması baxımından  ölkəmizə xeyir verə bilər.  Eyni zamanda, bu bilik və bacarıqların idxalı, ölkəyə gətirilməsi, sonradan isə milli mütəxəssislərin yetişdirilməsində də kömək ola bilər".


Sizin Reklam Yeriniz