news Image
2016.05.06
12:53
| A A A
Fikrət Yusifov: Nəzarət Palatası əsas məsələni həll etməyə özündə cəsarət tapmadı...

Bu qədər "dişsiz" bir qərar vermək üçün bir ay düşünməyə gərək yox idi.Xarici valyutada olan kreditlərlə bağlı hər kəsin gözlədiyi qərarlar açıqlandı. Ancaq çox təssüf ki, bu qərarlarda yüz minlərlə insanların böyük ümüdlə gözlədiyi əsas məsələ öz həllini tapmadı. Mərkəzi Bankın illərlə apardığı səhv pul-kredit siyasəti üzündən bankların zaman zaman vətəndaşlara xarici valyutada zorla verdikləri kreditlərin ödənilməsi ilə bağlı yaranmış vəziyyətdə heç bir dəyişiklik baş vermədi.   Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələnin həllini yalnız xarici valyutada verilmiş kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiya edilməsində görə bildi. Bu qədər "dişsiz" bir qərar vermək üçün bir ay düşünməyə gərək yox idi. Əslində bu addımları Palatanın məlum qərarı olmadan da banklar özləri atırdı. Əksinə, Palata  xarici valyutada olan kreditlərlə bağlı bütün əməliyyatlara qadağa  qoymaqla, banklar tərəfindən həmən kreditlərin bu və ya başqa şəkildə restrukturizasiya edilməsi prossesini bir ay ləngitdi. Başa düşmək olmur ki, insanların həllini hədsiz ümüdlə gözlədiyi belə mühüm məsələyə Palata və onun rəhbərliyi nə üçün bu qədər etinasız bir münasibət sərgilədi. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada gəliri olmayanlara xarici valyutada kreditlərin verilməsinə qadağa qoyması doğru bir qərardır. Əslində bu təklifi bir neçə aydır ki, mətbuat səhifələrində əksər iqtisadi yazarlar tərəfindən, o cümlədən bizim tərəfimizdən səsləndirirdi. Sadə bir məntiq də xarici valyutada kreditlərin verilməsində bu prinsipin gözlənilməsinin əsas məsələ olduğunu deyirdi. Yəni bu qərarın qəbulu ilə Palata yeni heç nə təklif etmədi. Onun xarici valyutada əmanətləri olan vətəndaşlara xarici valyutada kreditlərin verilməsinin mümkün sayılması isə bir qədər müəmmalı qərardır. Bu gün banklarda olan bütün əmanətlərin 80,4%-i xarici valyutada olan əmanətlərdir. Bu qədər əmanətin xarici valyutada olması o demək deyil ki, onların sahiblərinin xarici valyutada gəlirləri  var. Xarici valyutada əmanətlərin bu həddə qədər artması, keçən il manatın iki kəskin devalvasiyası ərəfəsində və ondan sonrakı dövrlərdə  baş vermişdi. Yəni vətəndaşlar sadəcə olaraq, manatda olan əmanətlərini, xarici valyutada olan əmanətlərə çevirmişdilər. Bəs belə olan halda onların xarici valyutada kredit almalarına razılıq verilməsi nə deməkdir? Cavab çox sadədir. Əgər xarici valyutada əmanəti olub, xarici valyutada kredit götürən bir müştərinin gəlirləri manatladırsa və o manatla olan qazancı ilə xarici valyutada olan krediti gələcəkdə müəyyən səbəbdən - elə bugünkü kimi, qarşılaya bilməsə, deməli bank onun kredit borcunu xarici valyutada  olan əmanətindən siləcəkdir. Belə bir bəsit qərarın verilməsi üçün də bir ay sərasər düşünməyə ehtiyac yox idi. Banklar bu qərarsız da xarici valyutada əmanəti olub, xarici valyutada kredit götürən müştərilərlə belə yanaşırdılar. 

Xarici valyutada olan kreditlərin ödənişi sahəsində yaranmış problemləri həll etməyin çox sadə yolları var idi və bununla bağlı iqtisadçı ekspertlər tərəfindən son bir neçə ay ərzində kifayət qədər təkliflər verilmişdi. Onların içərisindən ən optimal sayıla biləcək təklifləri seçib istifadə etmək mümkün idi. Belə olduğu tədqirdə, yaranmış problem həm vətəndaşlar və həm də banklar üçün öz həllini tapmış olardı. 

Yeni yaranmış Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi başa düşməlidir ki, bu gün cəmiyyətdə vətəndaş – Prezident birliyinin bu qədər yüksək səviyyədə olduğu  bir dönəmdə, yüz minlərlə insanın taleyinin bağlı olduğu məsələnin tək iqtisadi deyil, həmdə siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu səbəbdən, məsələnin həllinə hər iki prizmadan yanaşmaq lazım idi.  


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs