Əlaqə Arxiv
news Image
2016.05.06
13:17
| A A A
Turizmdə Qərb meyarlarıınn tətbiqi Azərbaycana gələn əcnəbilərin sayını artıracaq

Dünyanın turizm xəritəsini nəzərdən keçirsək, bu sxemdə inkişaf etmiş ölkələrin payının nə qədər yüksək olduğu aydın görünər. İlk baxışda bu paradoksal təsir bağışlaya bilər. Doğrudan da, axı insanlar gəzməyə çıxarkən adətən təbiət qoynuna yollanmağı düşünürlər. İnkişaf etmiş ölkələrdə isə meqapolislər, iri sənaye müəssisələri, səs-küylü əyləncə məkanları ayaq tutub yeriyir. Bu cür yerdə necə dincələsən ? Bu sual real səslənsə də, əslində, ritorik mahiyyət daşıyır.

Bu sualın cavabını aydınlaşdırmaq və panoramı tam təsəvvür etmək üçün  ölkənin infrastrukturuna diqqət yetirmək gərəkdir. 

Yolların rahatlığı və sürətli hərəkətə imkan verməsi turizmin başlıca məziyyətlərindəndir. Axı, turist gəzməyə məzuniyyət dövründə qısa müddətə gedir. Bu zaman o, az vaxtda çox yeri görməyi arzu edir ki, bu da sürətli və çevik marşrut tələb edir. 

Turistin fikri məşğul olmalıdır. Yoxsa, xərc çəkdiyi səfər ona darıxdırıcı görünəcəkdir. İlk növbədə yolun keçdiyi marşrutun yaşayış məntəqələri ilə birlikdə tam aydın əks olunduğu xəritəyə ehtiyac var. Özü də bir yox, bir neçə variantda. Turist əlində tutduğu xəritə əsasında məsafənin hansı kilometrində olduğunu, hansı məntəqənin yanından keçdiyini, yol üzərində daha hansı maraqlı tarixi abidələrin yaxud müasir məkanların olduğunu biləndə qərib ölkədə olduğunu sanki unudur, özünü məhrəm mühitdə hiss edir. Bu bilgini yoldakı müvafiq işarələr vasitəsilə dəqiqləşdirəndə isə ölkəyə ilk dəfə gəlməsi sarıdan keçirdiyi nigarançılığı rahatlıq əvəzləyir. 

Üstəlik, xarici turistlər həm mental, həm də dil problemi baxımından fərdi qaydada gəzintiyə üstünlük verirlər. Xüsusilə, avtomobil kirayələyib təkbaşına səyahət etmək onlar üçün heç bir problem yaratmır. Hətta hər hansı macəraya tuş gəlmək onların istirahətini rövnəqləndirir və yaddaqalan edir. Xaricilərin bu arzusuna mükəmməl infrastruktur, dəqiq məlumat kitabçaları və xəritələrlə cavab vermək olar. Yəni, turist qazanmağın ilkin mərhələsi bunlardan keçir. Təcrübə üçün qeyd edim ki, Avropada tanış olduğunuz hər bir ailənin kitab rəfində ən kiçik qəsəbə və kəndlərə qədər bütün inzibati və sosial obyektlərin ünvanı göstərilən xəritə taparsınız. 

İkinci mühüm cəhət mədəni irsə, təbii resurslara qayğı və onların təbliğidir. Fransanın Lanqedok-Ğusilyan regionunun Od departamentində cüzi maraq doğuran yaxud haqqında hər hansı əfsanə və ya rəvayət söylənilən bütün məkanlar turist marşrutlarına daxil edilib. Düzdür, beynəlxal marşrutlarla yerli marşrutlar arasında fərq var. Amma hər bir halda bu istiqamətlərin bolluğu turizm sənayesinin gəlirliyinə təsir edir. 

Fransa təcrübəsindən bir misala nəzər salaq. Od depatamentinin Lastuğ kəndi yaxınlığındakı dağlıq ərazidə vaxtilə qızıl hasil olunub. Amma torpaqda qızılın faizi az olduğundun xərci borcunu ödəməyib və bu səbəbdən 40 il əvvəl hasilat dayandırılıb. Bundan sonra qızıl mədənləri bağlanıb, hasilat zamanı ətraf mühitdə pozulmuş ekoloji tarazlıq bərpa olunub və dağlar boyunca 20-25 kilometrlik turist marşrutu yaradılıb. Bir də görürsən xaricilərdən ibarət 30-40 nəfərlik qrupdakı turistlərin hərəsinin əlində bir çəkic düşüblər dağların " canına ". Yolun üstü hündür dağlar, altı sürətlə axan çay, hər yanda da yaşıllıq. Turistlər ehtimal etdikləri qaya parçalarını çəkiclə döyəcləyib qızıl axtarırlar. Onlar geoloq deyillər. Heç qızıl tapmaq ümidləri də yoxdur. Amma təbiətin səfalı qoynunda qızıl macərası yaşamaq onlara unudulmaz təəssürat aşılayır. Həmin ərazidə dağın zirvəsində yerləşən yarıuçuq qalaya səfər də turistlərə əyləncəli saatlar bəxş edir. Belə ki, qalaya gedən yolda qəfil qarşınıza qədim cəngavər paltarında döyüşçü çıxması yaxud sadəlövh kəndli qızının quldurlarla mübarizədə yardım istəməsi sizi ilkin olaraq bir balaca hürkütsə də sonradan əhval-ruhiyyənizin yüksəlməsi şəksizdir. 

Departamentin ərazisində çoxsaylı turist məkanlarından biri də romalıların vaxtından qalma qədim yaşayış məskənidir. İstər xarici, istərsə də yerli turist olsun, hər kəs iş paltarında, müvafiq alətlərlə silahlanıb həmin ərazidə qazıntı işləri apara bilər. Bu arzuya düşən qazıntı ərazisinə müvafiq pul ödəməklə daxil olur. Üstəlik, lazımi iş paltarı, alətlər də almaq lazım gəlir. Deməli, turizm sənayesi digər sahələrin inkişafına da səbəb olur.

Bakı və onun ətrafında bu istiqamətdə turizm sənayesinin yaradılması demək olar ki, sürətlə davam edir. Buna hər il təmirdən sonra tarixiliyi qorumaq şərtilə yeni qiyafədə istifadəyə verilən qədim qala və tarixi yerlər, məsələn, Qobustan Dövlət tarixi-bədii qoruğu, Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi, Mərdəkan qalası və s. misal ola bilər. Yəqin, turistlərin həddən ziyadə maraq göstərdikləri " Yanar dağ " təbiət muzeyinin də müasirləşməsi tezliklə baş verəcək.     



Sizin Reklam Yeriniz