Əlaqə Arxiv
news Image
2016.05.07
08:00
| A A A
Dollar kreditlərinə tələb azalacaq
Vüqar Bayramov: “Xarici valyuta ilə ipoteka kreditinə qoyulan qadağa birbaşa olaraq əmlak bazarına öz təsirini göstərəcək” Ramil Osmanov: “Hazırkı dönəmdə banklar real iqtisadiyyatın möhkəmləndirilməsində iştirak edəcəklərsə, məcbur olub ipoteka kreditlərini də manatla verəcəklər”

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)  xarici valyutada ipoteka krediti verilişinə qadağa qoyub. Artıq aşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulub.  İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, xarici valyuta ilə ipoteka kreditinə qoyulan qadağa birbaşa olaraq əmlak bazarına öz təsirini göstərəcək: "Çünki bu gün əmlak bazarına daxil olan kommersiya və daxili ipoteka kreditlərinin əhəmiyyətli hissəsi məhz dollarla verilən kreditlərdir. Qeyd edək ki,  cari ilin birinci rübündə İpoteka Fondu tərəfindən çox az sayda ipoteka krediti təqdim olunub. Burada söhbət ondan gedir ki, bu ilin 3 ayı ərzində cəmi 11 adi ipoteka krediti, 6 sosial ipoteka krediti verilib. Deməli, bankların ipoteka kreditləri indiki məqamda təbii ki, əhəmiyyətsizləşir. Çünki belə olan halda banklar vasitəsilə daha çox daxili ipoteka krediti verilməsinə daha çox ehtiyac var. 

Dollarla ipoteka kreditinin qadağan edilməsi fonunda güman olunur ki, dollar depoziti olan, eyni zamanda dollarla əmək haqqı alanlara  bu qadağalar şamil edilməyəcək. Amma bütövlükdə dollarla kreditlərin verilməsi adi ipoteka kreditlərinin azalmasına təsir göstərməsə də, kommersiya bankları tərəfindən bazara daxil olan ipoteka kreditlərinin həcmində azalmalar müşahidə olunacaq. Bu da sözsüz təklifin azalmasına gətirib çıxaracaq. Təklifin azalması birmənalı şəkildə ona gətirib çıxaracaq ki, dövriyyə azalacaq. Çünki ipoteka təklifi həm də evlərə tələbatın azalması deməkdir. O da əmlak bazarı dövriyyəsinin azalmasına səbəb olacaq". 

Həmsöhbətimiz düşünür ki, bankları baş verən proses fonunda manatla ipoteka krediti verməyə meylləndirmək üçün stimullaşdırıcı addımlar atılmalıdır: "O baxımdan bankları stimullaşdırmaq lazımdır ki, manatla kredit verməkdə maraqlı olsunlar. Bankların manatla ipoteka krediti verilməsinin stimullaşdırılmasına ehtiyac var. Lakin bunun inzibati yollarla edilməsi praktik olaraq, mümkün deyil. Bunun üçün bankların manat bazası genişləndirilməlidir. Belə olarsa, banklar manatla kredit verə bilərlər. Belədə dollarla ipoteka krediti verilməsinin qadağan olunması fonunda manatla ipoteka kreditlərinin artırılmasına ehtiyac vardır.  Bu məsələdə Maliyyə Bazarlarına Nəzarət Palatası  tərəfindən bankların mütəmadi olaraq manat bazasının genişləndirilməsi istiqamətində addımların atılmasına zərurət var ki, vətəndaşlar da banklardan milli valyuta ilə ipoteka kredit götürə bilsin".  

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanov bu qənaətdədir ki, xarici valyuta ilə ipoteka krediti verilməsinə qadağa qoyulmasının əmlak bazarına hansısa bir təsiri olmayacaq: "Çünki hazırda nə ipoteka  kreditlərinin verilməsi baş verir, nə də banklar daxili ipoteka formasında kredit verirlər. İstər biznes kreditlərinin, istər ayrı-ayrı sahələrin maliyyələşdirilməsilə bağlı kreditlərin verilməsində hazırda problemlər yaşanır. Ona görə hesab etmirəm ki, indiki mərhələdə xarici valyuta ilə kredit verilişinin dayandırılması əmlak bazarında ciddi bir dəyişikliyə gətirib çıxarsın.  

Təbii ki, banklar öz resurslarını dollarla ipoteka krediti şəklində verməyə daha çox üstünlük verirlər. Bu da son zamanlar manatın etibarlılığının azalmasından qaynaqlanır. Amma indiki mərhələdə baş verən prosesin hər hansı formada daşınmaz əmlak bazarına əhəmiyyətli təsir edəcəyini düşünmürəm.  Qanunvericiliklə İpoteka Fondunun vəsaitləri manatla verilməlidir. Yəni burada dollarla ipoteka krediti verilməsi qadağandır. Amma ayrı-ayrı daşınmaz əmlak subyektləri, məsələn, biznes kreditləri zamanı girov qoyarkən bəzi banklar sahibkara dollarla kredit verirdi. Bu da müəyyən qədər  bazarda canlanma yaradırdı. Hazırkı dönəmdə isə banklar real iqtisadiyyatın möhkəmləndirilməsində iştirak edəcəklərsə, məcbur olub ipoteka kreditlərini də manatla verəcəklər. Çünki başqa yolları olmayacaq. Amma bu, təbii ki, daşınmaz əmlak bazarındakı əməliyyatların istisnasız olaraq azalmasına gətirib çıxaracaq".


Sizin Reklam Yeriniz