Əlaqə Arxiv
news Image
2016.05.11
08:00
| A A A
Manatın məzənnəsi sabitləşir
Natiq Cəfərli: “İqtisadi aktivliyin artdığı bir zamanda dollarla manatın məzənnəsində dəyişikliklərin olması ehtimalı çox yüksəkdir” Yaşar Əsədov: “Hökumət manatın kursunun sabit qalmasına çalışacaq, məzənnə ətrafında güclü tərəddüdlərin baş verməsinə imkan verməyəcək”

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov manatın məzənnəsində mövcud stabilliyin qalacağını bildirib: "Son dövrlər valyuta alışını həyata keçirmişik. Manat yenə də "üzən məzənnə" rejimində öz dayanıqlığını axtarır. Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsas verir". 

Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır". 

O bildirib ki, ilin əvvəlindən indiyə kimi AMB-nin valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb: "Neftin qiyməti yüksələrsə, təbii ki, strateji valyuta ehtiyatlarımız artacaq". 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, manatın kursunun sabit qalması bir çox faktorlardan asılıdır: "Əslində, manatın məzənnəsinə bu günün pənəcrəsindən baxdıqda bir müddət dollara nisbətdə milli valyutanın 1,55 manat səviyyəsində qalması ehtimalı hələlik yüksəkdir. Çünki ölkədə manat qıtlığı var. Mərkəzi Bank manatın dövriyyəsini iki dəfədən də çox azaldıb. Bu azaltma fonunda dollara olan basqılar da azalıb. Dollara görə manat kütləsi də azalır. Amma ölkənin ümumi makroiqtisadi göstəricilərinə baxdıqda uzun müddət belə sərt monetar siyasətin davam etməsinin Azərbaycana orta və uzun vadədə ziyan gətirəcəyini düşünürəm. 

İqtisadi aktivliyin artdığı bir zamanda dollarla manatın məzənnəsində dəyişikliklərin olması ehtimalı çox yüksəkdir. Yəni, manat kütləsi artdıqca, iqtisadi aktivlik canlandıqca, dolların məzənnəsində  yüksəlmə olması ehtimalı da var.  Burada ikinci amil təbii ki, neftlə bağlıdır. Son zamanlar neftin qiymətinin yüksələrək 45 dollara qalxması təbii ki, manata dəstək olub. Yaxın günlərdə manatın məzənnəsinin indiki səviyyədə qalması ehtimalı çox yüksəkdir. Lakin prosesin ilin sonuna qədər bu cür davam etməsi  bir çox faktorlardan, o cümlədən hökumətin apardığı monetar siyasət və dünya bazarında neftin qiymətindən asılı olacaq".

İqtisadçı-ekspert Yaşar Əsədov da qeyd etdi ki, məzənnə ətrafında güclü tərəddüdlər baş verməyəcək: "Azərbaycan hökuməti qarşısına daxili istehsalı gücləndirmək məqsədini qoyub. Daxili istehsalı isə ucuz milli valyuta stimullaşdırır. Yəni, daxildə istehsal olunan məhsullar ucuz valyutaya görə rəqabətə davamlı olur. 

Təbii ki, hökumət istəməz ki, başladığı işləri yarımçıq qalsın.  Bu fonda da zənn edirəm ki, hökumət manatın kursunun sabit qalmasına çalışacaq, məzənnə ətrafında güclü tərəddüdlərin baş verməsinə imkan verməyəcək. Azərbaycanda milli valyutanın dollarla məzənnəsinə kəskin təsir göstərə biləcək amil yanlız neftin qiyməti məsələsidir. Neftin qiyməti isə bir çox proqnozlara görə, uzun müddətli perspektivdə təxminən 40-50 dollar arasında var-gəl edəcək. Bu mənada milli valyuta hansısa kəskin beynəlxalq situasiyada baş verən sərt  dəyişkənliklərlə  üzləşməyəcək".


Sizin Reklam Yeriniz