Əlaqə Arxiv
news Image
2016.05.12
09:45
| A A A
Manatın məzənnə sabitliyi qorunur
Cəfər İbrahimli: “Banklardan tələb gəlmədiyi təqdirdə Mərkəzi Bankın dolları alıb rezervlərini artırması normal prosesdir” Rəşad Həsənov: “Məzənnə sabitliyinin qorunması zamanı aşağı meyllərin qarşısının alınmaması sonradan yuxarı meyllərin formalaşmasına gətirib çıxara bilər”

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraca çıxarılan vəsaitlərin bir hissəsi artıq Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən alınır. Bununla da dolların manata nisbətən kursunun 1,50 intervalından aşağı düşməsinin qarşısı da alınmış olur.

"Kapital Menecment" İnvestisiya Şirkətinin direktoru Cəfər İbrahimli bildirdi ki, valyutalar arasında olan kursu ona olan tələbat, ixrac-idxal əməliyyatları müəyyən edir: "Dünyada mərkəzi bankların valyutaların kursunu müəyyənləşdirmə hədəfi yoxdur. Bu, mərkəzi bankların mandatına uyğun hal deyil. Amma ölkədə gedən ümumi proseslər fonunda valyutaların məzənnəsi də Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasətə uyğun müəyyən olunur. Mərkəzi Bank Neft Fondunun valyuta ilə olan vəsaitlərini alır. Çünki Neft Fondunun da büdcəyə müəyyən öhdəlikləri var. Banklardan tələb gəlmədiyi təqdirdə Mərkəzi Bankın dolları alıb rezervlərini artırması normal prosesdir. Bazarda tələblə təklifin tənzimlənməsi çərçivəsində təbii ki, Mərkəzi Bankın alışı olduğu müddətdə manatın kifayət qədər azlığı kursun bir qədər yüksəlməsiə kömək edir. Lakin hələlik ciddi dəyişikliklər də yoxdur.

Manat dollara nisbətdə bir müddət 1,50-1,55 civarında stabil olaraq qalacaq. Dolların manata nisbətdə kursunun bu həddə qalmasının ölkə iqtisadiyyatına müsbət və yaxud mənfi mənada nə vəd edəcəyini söyləmək isə çətindir. Burada kursu valyutaya olan tələb, valyuta bazarı, ölkənin idxal-ixrac əməliyyatları, tədiyyə balansının vəziyyəti müəyyənləşdirir. Hazırda cərəyan edən proseslər fonunda valyutaya ciddi tələblər də yoxdur. Hətta bazarda valyuta ala biləcək qədər manat kütləsi də yetərincə deyil. Ona görə də hazırda manatla dolların kursu 1,50 civarında dayanaraq gözləyir".

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, manatın dollara nisbətdə məzənnəsinin 1,50 nisbətində saxlanılması bu rəqəmin daha da aşağı düşməsi fonunda devalvasiya təhlükəsinin yarana bilməsindən sığortalanmaq məqsədi daşıyır: "Görünən ondan ibarətdir ki, indiki halda Mərkəzi Bank manatla dolların məzənnəsinin 1,50 həndəvərində qalmasında maraqlıdır. Mərkəzi Bank itirmiş olduğu rezervlərinin bərpası məqsədilə artıq valyuta hərraclarında alıcı tərəf kimi çıxış edir. Burada digər məsələ ondan ibarətdir ki, dövlət büdcəsinin müəyyən hissəsi neft gəlirlərindən Neft Fonduna daxil olan vəsaitlər hesabına formalaşır. Bu əməliyyatlar da xarici valyuta ilə həyata keçirilir. O da manata konvertasiya olunur. Bu zaman manatın məzənnəsi 1,50 və ondan yuxarı olması sərfəlidir. Amma məzənnənin aşağı düşməsi Neft Fondundan dollar qismində əlavə vəsaitin çıxması deməkdir. Belədə həmin vəziyyət Neft Fondunun hazırkı gəlirləri prizmasında onun gəlirlərinin azalmasına aparan yoldur. Belə hallar göz önünə gətirildiyindən hazırda hökumət dollar manat kursunun 1,50-dən aşağı olmasında maraqlı görünmür.

Növbədi dövrlərdə isə hardasa ciddi artımlar baş verə bilər. Bu da ümumi iqtisadi faktorlardan, insanlarda manata olan ictimai inamdan formalaşır. Hökumət mümkün qədər çalışır ki, sabitliyi qorusun. Məzənnə sabitliyinin qorunması zamanı aşağı meyllərin qarşısının alınmaması sonradan yuxarı meyllərin formalaşmasına gətirib çıxara bilər ki, bu mənada əvvəlcədən risqlərin minimuma endirilməsi kursunu davam etdirir".

Sizin Reklam Yeriniz