news Image
2016.05.11
18:30
| A A A
SOCAR və SAP şirkəti birgə layihəni işə salıblar (FOTO)

Mayın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, vitse-prezidentlərinin, idarə, müəssisə, təşkilat və müştərək müəssisələrin, habelə "SAP MDB" şirkətinin və Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları rəhbərlərinin iştirakı ilə SOCAR və SAP şirkətinin əməkdaşlığı çərçivəsində "İnsan Resursları funksiyalarının transformasiyası" layihəsinin təqdimatı keçirilib.


Movqe.az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse prezidenti Xalik Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi tövsiyəsi ilə əlaqədar şirkətdə insan resurslarının inkişafı ilə bağlı görülmüş işlərdən danışıb, bildirib ki, 2008-ci ildən SAP-ın müxtəlif modulları ilə birlikdə "HR" modulu da tətbiq olunur. Bu fəaliyyətlərin davamlı şəkildə, beynəlxalq təcrübəyə əsaslanan idarəetmə prinsipləri nəzərə alınaraq daha effektiv icrası üçün "işə qəbul", "xidməti fəaliyyətin qiymətləndirilməsi və karyera planlaması", "biliklərinin test üsulu ilə yoxlanılması", "təlimlərin təşkili", "işçilərlə əlaqələr" üzrə beynəlxalq təcrübəyə əsaslanan metodoloji sənədlər və müvafiq standartlar hazırlanaraq tətbiq olunmağa başlanıb. İşə qəbul və namizədlərin biliklərinin yoxlanması proseslərinin tam avtomatlaşdırılmış formada tətbiqinə nail olunub, bu sahədə operativlik və şəffaflıq təmin edilib.


İnformasiya-telekommunikasiya texnologiyalarının intensiv istifadəsi namizədlər və işçilərlə daha effektiv ünsiyyət qurulmasına imkan yaradıb. İşçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi və karyera planlaması proqramı hazırlanıb, SOCAR-ın bir neçə müəssisəsində pilot layihə olaraq tətbiq edilib. Qeyd olunub ki, rəqabətli qlobal mühitlə ayaqlaşmaq üçün SOCAR-da insan resurslarının idarə olunması üzrə tədbirlərin təkmilləşdirilməsi və vahid mərkəzdə inteqrasiyası zəruri əhəmiyyət kəsb edir. Bu məqsədlə tanınmış beynəlxalq şirkətlərdən olan SAP şirkəti ilə birlikdə "İnsan Resurslarının funksiyalarının transformasiyası" layihəsinin həyata keçirilməsinə başlanılıb.


"SAP-Azərbaycan"ın direktoru Rüfət Hacıəlibəyli layihənin məqsədindən söz açıb, başlıca prioritetlərin işçi heyətin idarə edilməsində effektivliyin yüksəldilməsi, peşəkar əməkdaşların inkişafı və saxlanılması üçün fundamental əsasın yaradılması, vəsait sərfinin şəffaflığının təmin edilməsi olduğunu söyləyib. "SAP-MDB"-nin direktoru Oleq Kornişev "İnsan Resursları funksiyalarının transformasiyası" layihəsinin təqdimatını keçirib, SOCAR-ın aidiyyəti struktur bölmələri və SAP şirkətinin əməkdaşlarından ibarət yaradılmış layihə qrupunun iş mexanizmindən bəhs edib. Təqdimatdan sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.


Tədbirə yekun vuran R.Abdullayev bildirib ki, transmilli şirkətə çevrilmə yolunda rəqabət üstünlüyünə nail olmaq üçün SOCAR-ın ən vacib resursu insanlardır və bu resursların inkişafının təmin edilməsi daim diqqət mərkəzindədir. Korporativ strategiyaya uyğun olaraq bu sahədə ardıcıl və məqsədyönlü addımlar atılıb, neft və qaz sahəsində yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, gənclərin nüfuzlu universitetlərdə təhsilinin maliyələşdirilməsi və şirkətə cəlb edilməsi ilə bağlı işlər uğurla davam etdirilir.


"İnsan Resursları funksiyalarının transformasiyası" layihəsi çərçivəsində personalın idarəetmə modelinin təkmilləşdirilməsi, istedadların üzə çıxarılması konsepsiyasının, müvafiq metodoloji sənədlərin işlənib hazırlanacağını, digər mühüm işlərin həyata keçiriləcəyini vurğulayan R.Abdullayev işçi qrupuna uğurlar arzulayıb, əmin olduğunu bildirib ki, Azərbaycanın inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın istiqamətləri ilə uzlaşan bu işlərin həyata keçirilməsi SOCAR-ın beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verəcək.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs