Əlaqə Arxiv
news Image
2016.05.13
10:00
| A A A
Ödənişli yollarla mənzil başına daha tez çatmaq mümkün olacaq
Azər Allahverdiyev: “Müəyyən kriteriyalar baxımından ödənişli yol sürücülər üçün əlverişlidir” Natiq Cəfərli: “Ödənişli yolların tam infrastruktur olaraq oturuşması üçün bir müddət keçməsi və insanlarımızın belə yollara öyrəşməsi lazımdır”

Ələt-Astara yoluna paralel tikilən magistral yol gələcəkdə ödənişli ola bilər. Artıq bununla bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib. Bildirilir ki, magistardan xüsusi təyinatlı avtomobillər pulsuz istifadə edəcəklər.

Hazırda yeni yolda tikinti işləri həyata keçirilir. İşlərin demək olar ki, 60-70 faizi yekunlaşmaq üzrədir. Torpaq yatağının eni 26,5, ayırıcı zolağı 4 metr olan magistral 4 hərəkət zolağından ibarət olacaq. Magistralda yol polisi və radar nəzərdə tutulmayıb. Sürət həddi isə saatda 120 km–dən çox olacaq. Yolun daha bir özəlliyi isə onun heç bir yaşayış məntəqəsindən keçməməsidir. Yüksək keyfiyyətdə tikiləcək magistral yol tranzit yüklərin daşınmasında da əvəzsiz olacaq.

Qeyd edək ki, bir çox ölkələr artıq çoxdan ödənişli yollardan yararlanırlar. Bunun sayəsində büdcəyə də müəyyən qədər vəsait daxil olur. Bu mənada görəsən ödənişli yollardan istifadə ölkəmizə, onun iqtisadiyyatına nə vəd edir?

Ekspert Azər Allahverənovun fikrincə, ödənişli yolların istifadəyə verilməsi dövlət büdcəsinə əlavə maliyyə toplanması demək olacaq ki, həmin vəsait hesabına başqa işləri də həyata keçirmək olar: "Hər halda ödənişli yol daha çox koorporativ yola şamil olunur. Sürücülərin seçim imkanları olur. Onlar ya adi yolla gedir, ya da alternativ yol olaraq daha az məsafə qət etməklə ödənişli yoldan istifadə edir. Müəyyən kriteriyalar baxımından ödənişli yol sürücülər üçün əlverişlidir. Bu zaman onlar həm vaxta, həm də yanacağa qənaət etmək imkanı qazanırlar. Belə yollar yeni olmaqla yanaşı, həm də kifayət qədər sürətlidir. Yəni, hər tərəfdən insanların rahatlığına hesablanmış bir yoldur. Ödənişli yolların ödəniş haqqı o səpkidə olmalıdır ki, sürücülər rahat şəkildə bu yoldan yararlana bilsin və ödəniş edərək daha az məsafə qət etməklə təyinat ünvanına çatsınlar. Bu, o deməkdir ki, ödənişli yolun qiyməti təxminən həmin məsafə üçün sərf olunan yanacaqdan artıq olarsa, insanlar əvvəlki yolan istifadə etməkdə daha çox maraqlı olacaq. Çünki həmin qiymət fonunda yaranmış bu vəziyyət sürücüyə vaxtdan başqa heç bir dividend vermir. Amma ödənişli yollar üçün nəzərdə tutulan ödəniş haqları sürücüərin digər yollardan istifadə edərkən sərf etdiyi yanacağın məbləğindən aşağı olarsa, insanlar da sərbəst şəkildə məhz ödənişli yoldan istifadə etməkdə maraqlı olacaq.

Ödənişli yolların olması dövlət büdcəsinə həm də müəyyən vəsaitlərinm daxil olması deməkdir. Belədə büdcəyə əlavə bir maliyyə axını təmin olunur. Təbii ki, həmin toplanan vəsaitlər digər yerlərdə də bu kimi alternativ yolların açılmasına sərf oluna bilər. Habelə, mövcud yol infrastrukturunu bir qədər də təkmilləşdirmək imkanı əldə edilər. İstənilən halda, ödənişli yolların olması müsbət hal kimi dəyərləndirilməlidir. Bir şərtlə ki, gediş haqları sürücünün cibinə müvafiq hesablansın".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Azərbaycan ərazisinin kiçik olmasını əsas gətirərək, bu fonda ödənişli yolların iqtisadiyyatımıza ciddi rəqəmlərlə ölçüləcək gəlir gətirəcəyinə əmin olmadığını söylədi: "Ödənişli yolların tam infrastruktur olaraq oturuşması üçün bir müddət keçməsi və insanlarımızın belə yollara öyrəşməsi lazımdır. Çünki dünyanın bütün ölkələrində alternativlər də var. Yəni, insanlara alternativlər də təklif olunur ki, pullu yollardan, ya da daha uzun, amma pulsuz yollardan istifadə etsinlər. Azərbaycanda gələcəkdə ödənişli yolların olması praktikası yayılsa, sürücülərin ona öyrəşməsi üçün də müəyyən zaman kəsiyinə ehtiyac olacaq. Bir müddət zaman keçməlidir ki, insanlar bu yeniliyə alışsın. İkincisi, ödənişli yollar daha keyfiyyətli və daha sürətli olmalıdır ki, insanlar prosesə maraq göstərsin və pul ödəməklə mənzil başına daha tez çata bilsinlər.

Bu istiqamətdə bəzi ölkələrin maraqlı təcrübələri var. Bir sıra ölkələrdə alternativ pullu və sürətli yolların çəkilişini dövlət biznesin üzərinə qoyur. Nəticədə bu işi xüsusi kapital görür, investisiya yatırır və ödənişli yoldan gələn gəlirlə öz qazancını artırır. Azərbaycan kimi ərazisi kiçik olan ölkələrdə də bu praktikadan istifadə edilməsi daha doğru olardı. Yəni dövlətin 100 milyon, milyardlarla vəsait ayırıb pullu yollar çəkməsi doğru olmazdı. Dövlət təşviqi vasitəsilə xüsusi kapitalın bunu etməsi fikrimcə, daha doğru olardı".

Sizin Reklam Yeriniz