Əlaqə Arxiv
news Image
2016.05.13
18:19
| A A A
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 8% artıb

Azərbaycanda bu ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 8%, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,4%, emal sənayesi üzrə 8,6%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5% bahalaşıb. Movqe.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə dəyişiklik baş verməyib.

Bu ilin aprel ayında marta nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 2,4%, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7%, emal sənayesi üzrə 1,6% bahalaşıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,7%, metal filizlərinin hasilatı üzrə 3,1%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4% bahalaşıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 21%, poliqrafiya fəaliyyəti üzrə 13,4%, geyim istehsalı üzrə 5,3%, kimya sənayesi üzrə 4,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,6%, tütün məmulatlarının istehsalı və toxuculuq sənayesi üzrə 2,7%, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,5%, mebel istehsalı üzrə 0,4%, əczaçılıq məhsullarının istehsalı üzrə 0,2%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1% bahalaşıb.

Bununla belə, içki istehsalı üzrə 2,2%, kağız və kartonun, maşın və avadanlıqlardan başqa hazır metal məmulatları, elektrik avadanlıqlarının istehsalı üzrə 0,3%, kompyuter, digər elektrik avadanlıqları, habelə maşın və avadanlıqların istehsalı üzrə 0,1% ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Sizin Reklam Yeriniz