Əlaqə Arxiv
news Image
2016.05.17
09:45
| A A A
Dollar əməliyyatları kəskin şəkildə azalır
Vüqar Bayramov: “Artıq dollarlaşma prosesi başa çatdığından dedollarizasiya başlayıb”

Azərbaycanda 2016-cı ilin ilk rübündə valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Mərkəzi Bankdan bildirilib ki, nağd xarici valyutaya tələbin azalması şəraitində rüb ərzində banklar tərəfindən gətirilən nağd ABŞ dolları ötən ilin müvafiq dövrünə nisbətən 6,2 dəfə azalıb.

İlin ötən dövründə valyuta bazarında əməliyyatların 82%-i ABŞ dollarında, 18%-i digər valyutalarda aparılıb. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 2016-cı ilin yanvar-mart aylarında banklar tərəfindən satılan xalis nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 7 9 milyon dollar, avro ilə əməliyyatlar isə 3,5 dəfə azalaraq 69 milyon avro təşkil edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, növbəti dövrlərdə dollara olan tələb birbaşa 3 faktorla müəyyənləşəcək: "Hazırda Azərbaycanda dollara tələbin azalması müşahidə edilir. Dollara tələbin azalması da ölkədə çox qısa zamanda dollarlaşmanın həyata keçirilməsilə bağlı idi. Vətəndaşlar manatın məzənnəsinin daha çox aşağı düşəcəyindən ehtiyatlandığından, ikinci devalvasiyadan sonra keçən ilin dekabrında manatın məzənnəsinin kəskin ucuzlaşması vətəndaşlarda və biznesdə müəyyən narahatlıq yaratdı. Bu da kəskin dollarlaşmaya və bizneslə vətəndaşların öz vəsaitlərini qısa zamanda dollara çevirmələrinə gətirib çıxardı. Artıq dollarlaşma prosesi başa çatdığından dedollarizasiya başlayıb. İndi məhz dedollarizasiya prosesi müşahidə edilməkdədir. Bu isə o deməkdir ki, biznes və vətəndaşlar artıq əllərində olan vəsaitin bir qismini manata çeviriblər.

Cari xərclər və digər məqsədlər üçün bank və biznes pulunu manata dəyişir. Çünki manatla ödəniş etməli, vergi ödəməli, əmək haqqı verməlidir. Nəticə etibarı ilə bu da dollar təklifini artırır, amma manata tələb yaradır. Eyni zamanda, manat bazasının kiçilməsinə də birbaşa təsir göstərir. Çünki manat bazasının kiçilməsi də müşahidə olundu. Manat bazasının kiçilməsi də Mərkəzi Bankın manat bazasını azaltması ilə bağlıdır. Son bir ildə Azərbaycanda manat bazası iki dəfəyə qədər azalıb ki, bu da sözsüz, dollar tələbini azaldıb.

Növbəti dövrdə manatın məzənnəsinin dəyişməsi birmənalı şəkildə manat bazası və neftin dünya bazarındakı qiymətindən asılı olacaq. Eyni zamanda, ixrac-idxal əməliyyatlarından. Yenidən idxalın artımı müşahidə olunarsa, o zaman dollar tələbatı yenidən artacaq. Bu da real sektor, həm də dövlət xərcləmələrinin azalması ilə bağlıdır. Amma idxala tələb artarsa, dollara tələb yenidən arta bilər. Mərkəzi Bankın manat genişləndirməsi yenidən dollara tələbatı artırar. Neftin qiyməti aşağı düşərsə, bu da psixoloji olaraq yenidən dollara tələbi yüksəldə bilər. Güman edirəm ki, növbəti dövrlərdə dollara olan tələb birbaşa qeyd olunan əsas 3 faktorla müəyyənləşəcək, yəni idxal-ixrac əməliyyatının səviyyəsi, manat bazası və neftin dünya bazarındakı qiyməti".

Sizin Reklam Yeriniz