news Image
2016.05.17
13:43
| A A A
Dollar kreditləri Milli Məclisdə müzakirəyə çıxarılacaq-Deputatlardan təklif

Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə edilən növbəti dəyişikliklər layihəsi müzakirə olunub. Movqe.az-ın məlumatına görə, bu Məcəllənin müzakirəsi zamanı deputatlar dollar kreditlərinin qaytarılmasında yaranmış problemləri yenidən gündəmə gətiriblər. Millət vəkili Fazil Mustafa bildirib ki, əhali kredit borcunu qaytarmaq üçün əlavə 1,6 milyard pul ödəməlidir: " Düzdür, banklar haqlıdır,öz pullarını tələb edirlər. Amma vətəndaşlar da narahatdır. Çünki vətəndaşlar, devalvasiyaya hazır deyildilər. Uzun müddətdir ki, bu məsələ müzakirə olunur, ancaq bu istiqamətdə iş görüldüyünün şahidi ola bilmirik. Bankların 50 faizinin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı problemləri var. Amma Mərkəzi Bank əsasən 4 banka dəstək verir. Halbuki, ölkədə 37 bank var. İndi biz İnzibati Xətalar Məcəlləsində vəzifəli və hüquqi şəxslərlə bağlı müəyyən inzibati cəza tədbirləri tətbiq edirik. Bu çox yaxşı haldır. Amma son günlər intiharların sayı artır, iş yerlərinin sayı azalır. Elə etməliyik ki, vətəndaşları acınacaqlı vəziyyətdən çıxara bilək. Kredit borclarının qanunvericilik səviyyəsində Milli Məclisdə müzakirəyə çıxarılmasına ehtiyac var. Baxın, suyun qiyməti artdı. İndi deyirlər ki, qazın və işığın da pulu qalxacaq. Belə olan halda,  həmin insanların vəziyyəti daha da ağırlaşacaq. Dollar kreditlərinin necə ödəniləcəyi naməlum qalacaq".

Deputat Vahid Əhmədov isə bir daha xatırladıb ki, onun həmkarı Əli Məsimli ilə birlikdə 14 səhifəlik, 8 maddədən ibarət təkliflər paketini hazırlanıb: " Bu təkliflər paketini müvafiq instansiyalara təqdim etmişik. Bank sistemi demək olar ki, dayanıb.  Banklar kredit verməyi dayandırıblar. Ona görə də bu təkliflərin bank rəhbərləri ilə birgə müzakirəyə çıxarılmasına ehtiyac var".

Millət vəkili Araz Əlizadə isə qeyd edib ki, həmişə bankların gününə ağlamaqdansa, insanların gününə ağlamaq lazımdır: "Bəs, İnsanların gününə kim ağlayacaq. İndi manat dollara qarşı 0,78 olanda devalvasiya oldu. Görün, banklar nə qədər faiz götürdülər. 20 faiz gəlir əldə etdi banklar. Təbii ki, bu pul millətdən çıxıb".

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə öz növbəsində deyib ki, millət vəkillərinin təklifləri yaxın zamanlarda komitədə müzakirə olunacaq: "Bank rəhbərləri dəvət olunacaq. Çünki bu sektorda yaranmış vəziyyət dərindən araşdırılmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs