Əlaqə Arxiv
news Image
2016.05.18
09:45
| A A A
Mənzillər qiymətdən düşür
Rəşad Həsənov: “Mənzil bazarında aktivliyin olmaması müxtəlif səbəblərlə əlaqəlidir” Ramil Osmanov: “Proqnozlar bazara daha çox mənfi təsir göstərir yib”

Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər aprel ayında mart ayı ilə müqayisədə bir qədər azalıb. Belə ki, həmin dövrdə manatla qiymətlərdə 3.59 faiz, ABŞ dolları üzrə isə 0,52 faiz azalma müşahidə olunub. Lakin buna baxmayaraq, mənzil bazarında hələ də tələb və aktivlik aşağı səviyyədə olaraq qalmaqdadır.

İqtisadçı-ekspert Rəşad Həsənov qiymət enməsinə baxmayaraq, mənzil bazarında aktivliyin olmamasını müxtəlif səbəblərlə əlaqələndirdi: "Daşınmaz əmlak bazarında ötən ay qiymətlərin enməsinə baxmayaraq, bu sahədə aktivliyin müşahidə edilməməsi müxtəlif səbəblərlə bağlıdır. Daşınmaz əmlak bazarının əsas iştirakçıları biznes sektorunda çalışanlar və Rusiyada işləyən soydaşlarımızdan ibarətdir. Hazırda Rusiyada işləyən soydaşlarımız Azərbaycanın daşınmaz əmlak bazarında əvvəllər tələb formalaşdırırdısa, indi buradakı əmlaklarını bazara təklif edirlər.

Biznes sektorunda çalışan insanlar bəzən əmlaklarını bazara çıxarır. Onlar bu halda artıq alıcı tərəfi deyil və tələbi formalaşdırmırlar. Əhalinin bir qismini təşkil edən digər sosial qruplar isə hazırkı situasiyada qərar verməkdə çətinlik çəkir. Bu baxımdan da daşınmaz əmlak bazarında həmin kateqoriya insanlarının fəaliyyətində də passivlik müşahidə olunur. Eyni zamanda prosesə təsir edən amillərdən biri də İpoteka Fondunun 2016-cı ildə fəaliyyətsizliyilə bağlıdır. İpoteka Fondu cari ildə demək olar ki, ipoteka krediti verməyib. Bu da daşınmaz əmlak bazarına mənfi təsirini göstərib.

Bu gün artıq daşınmaz əmlak bazarında situasiya heç də ürəkaçan deyil. Başqa bir tərəfdən, bəzi insanlar mövcud vəziyyətdə qərar verməkdə çətinlik çəkir. Bildiyimiz kimi, Azərbaycanın daşınmaz əmlak bazarında son 10 ildə formalaşan qiymətlər real qiymətlər deyildi. Həmin qiymətlər vətəndaşın alıcılıq imkanından yüksəkdə dayanırdı. Bu qiymətlərin də kəskin şəkildə aşağı düşəcəyi ehtimalı böyükdür. Düşünürəm ki, Mənzil İnşaat Dövlət Agentliyinin fəaliyyətə başlaması ilə yaxın aylarda sosial evlər layihəsi aktuallaşacaq ki, bu da son nəticədə daşınmaz əmlak bazarında qiymətlərin minimum 20 faizə qədər yenidən ucuzlaşmasına səbəb olacaq. Belə olduğu təqdirdə də müəyyən insanlar qərar verməkdə çətinlik çəkir".

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanov yaranmış vəziyyəti ipoteka kreditlərinin verilməsindəki problemlə əlaqələndirdi: "Mənzillərin qiymətilə bağlı hazırda yaranmış vəziyyəti stabil qiymətləndirərdim. Çünki əvvəlki dinamik qiymət azalmaları demək olar ki, artıq dayanıb və proses stabilləşməyə doğru gedir.

Ötən ildən fərqli olaraq bu il ipoteka kreditlərinin verilməsində də müəyyən problemlər var. Hələ ki, İpoteka Fondunun əsasnaməsi təsdiq olunmayıb. İl ərzində təxminən 1200-ə yaxın əmlak ipoteka yolu ilə alınırdı. Onun da təxminən yarısı ilin birinci yarım ilinə düşürdü. Cari ildə də ilin birinci yarısını başa vurmaq üzrəyik. Bu dövrə qədər ipoteka ilə satılan mənzillərin sayı cəmi 5 ədəddir. Bunun özü də prosesə təsir edib. O cümlədən alıcılıq qabiliyyətinin düşməsi fonunda nağd alışlarda məhdudlaşma davam etməkdədir. Bütün bunlar da mənzil alqı-satqısına öz mənfi təsirlərini göstərir. Amma mövsümlə əlaqədar olaraq adətən yayda daim stabilləşmə müşahidə olunmaqdadır. Bu ildə artıq aprelin sonu-mayın əvvəllərindən başlayaraq bazarda stabilləşmə görünür. Düşünürəm ki, bu stabilləşmə də bir müddət çəkəcək. Sonrakı mərhələni isə proqnozlaşdırmaq istəməzdim. Çünki proqnozlar bazara daha çox mənfi təsir göstərir. Hər halda gözləyək görək, prosesin axarı hara gedir".

Sizin Reklam Yeriniz