Əlaqə Arxiv
news Image
2016.05.19
09:30
| A A A
İstehlak kreditləri yeni parametrlər əsasında veriləcək
Fikrət Yusifov: “Yeni qaydalarla bank kreditləri verərkən riskləri minimum endirəcək, müştəri isə lüzumsuz kredit yükünün altına girə bilməyəcək” Azər Mehtiyev: “Kredit verilərkən kredit alanın ödəmə qabiliyyəti mütləq nəzərə alınmalıdır”

Məlumdur ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qaydalarına əsasən, Azərbaycanda istehlak kreditlərinin verilməsi yeni parametrlər əsasında həyata keçiriləcək. Bundan sonra kreditin maksimum miqdarı müəyyən edilərkən vətəndaşın aylıq borc yükünün onun gəlirlərinə nisbəti hesablanacaq.

Mütəxəssislər bu addımı bütövlükdə müsbət qiymətləndirirlər. Bu, bank fəaliyyətinin sağlamalaşdırılmasına hesablanmış addım hesab olunur. Eyni zamanda problemli kreditlərin həcminin artmasına imkan verməyən qərar kimi dəyərləndirilir.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, qərara çoxdan ehtiyac var idi: "Çünki banklar vətəndaşlara kredit verərkən səhlənkarlıq edirdilər. Bu da nəticədə ölkədə problemli kreditlərin həcminin artmasına səbəb olurdu. Ancaq indiki hesablamaya görə, ilk olaraq borc alanın hazırda digər banklara borcunun olub-olmadığı araşdırılır. Bu qaydaların tətbiqi ilə banklar artıq belə kreditləri müştərilərə əvvəllər olduğu şəkildə verə bilməyəcəklər.

Yeni qaydalarla istehlak kreditləri verilərkən müştərinin buna qədərki borclarının həcmi, onun aylıq gəlirlərinin vəziyyəti, özünün və himayəsində olan ailə üzvlərinin yaşayış minimumü üçün xərclər tam nəzərə alınacaq. Məhz bu xərclər çıxıldıqdan sonara müştəri əmək haqqının sərbəst qala biləcək hissəsinə uyğun olan səviyyədə kredit ala biləcək".

Ekspertin fikrincə, əslində, yeni qaydalar hər iki tərəf üçün – həm banklar və həm də müştərilər üçün çox sərfəlidir: "Daha doğrusu, yeni qaydalarla bank kreditləri verərkən riskləri minimum endirəcək, müştəri isə lüzumsuz kredit yükünün altına girə bilməyəcək. Bu isə o deməkdir ki, bank sistemində problemli kreditlərin həcmi getdikcə azalacaq. Problemli kreditlərin azalması nəticə etibarı ilə bankların sağlam bir duruma yaxınlaşmasına kömək edəcək".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirir ki, ümumiyyətlə, kredit verilərkən kredit alanın ödəmə qabiliyyəti mütləq nəzərə alınmalıdır: "Bank fəaliyyətinin əsas tələblərindən biridir. Beynəlxalq praktikada da geniş tətbiq olunur. Hər bir bank çalışır ki, kredit riskini azaltmaq üçün krediti alan şəxsin onu vaxtında və müqavilədə müəyyən olunmuş şərtlər daxilində qaytarılmasını təmin edə bilsin. Bunun üçün də həmin şəxsin nə qədər gəlirə malik olmasını təsdiq edilməlidir.

Azərbaycanda ötən illərdə elə bir vəziyyət yaranmışdı ki, əhalinin ölkədə olan neft gəlirlərindən istifadəsi imkanların genişlənmişdi, gəlirləri artmışdı. Hətta bəzən insanlar bir rəsmi işdə çalışması ilə yanaşı, başqa qeyri-rəsmi işlərdə də çalışırdı və əlavə gəlir mənbələri formalaşırdı. Buna görə banklar kifayət qədər əsaslandırma olmadan kredit verirdilər. Onun qaytarılacağına ümid edirdilər. Ancaq ötən ildən başlayaraq neft gəlirlərinin azalması, devalvasiya kimi amillər əhalinin istehlak xərclərinin artmasına və gəlirlərin azalmasına gətirib çıxartdı. Bu da kreditlərin ödənilməsində problemlər yaradıb. Xüsusən də dollarla olan kreditlərdə ciddi probemlər yaşanır. Belə bir durumda bank sektorunda bundan sonrakı mərhələdə problemli kreditlərin qarşısının alınması yolunda həm kredit məhdudlaşdırılması, həm də kredit verilən zaman onun qaytarılmasına daha ciddi təminatın verilməsindən keçir. Bu baxımdan Maliyyə Bazarına Nəzarət Palatasının addımı başadüşüləndir.

Həqiqətən də hər bir bank kredit verərkən onun qaytarılmasına tam əmin olmalıdır. Bu, sonradan bank sektorunda böhranın qarşısını alan amildir. Bütövlükdə bank sektorunun sağlamlaşdırılmasına xidmət edən addım hesab etmək olar. Kredit alan insanlar da başa düşməlidirlər ki, kredit borc verilən vəsaitdir. İnsanlar özlərinin alıcılıq qabiliyyətini nəzərə alaraq bu prosesə qatılmalıdırlar".

Sizin Reklam Yeriniz