Bakcell şirkəti Nikolai Bekersin şirkətin yeni baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edir. Şirkətdən Movqe.az-a verilən məlumata görə, telekommunikasiya sahəsində bir sıra rəhbər vəzifələrdə çalışmış cənab Bekers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunmamışdan əvvəl Rumıniyada Almaniyanın "Deutsche Telekom" telekommunikasiya qrupunun baş icraçı direktoru vəzifəsində çalışıb. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə 20 illik zəngin beynəlxalq təcrübəyə malik olan cənab Bekers "T-Systems Fransa" şirkətinin prezidenti, "Makedonski Telecom" şirkətinin baş icraçı direktoru, "Deutsche Telecom France SAS" şirkətinin prezidenti vəzifələrində işləyib və İndoneziya, Malayziya, Sinqapur və Filippin kimi ölkələrdə telekommunikasiya sənayesi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, yeni layihələrin həyata keçirilməsi, biznesin inkişaf etdirilməsi, internet və mobil rabitə xidmətləri göstərən şirkət və müəssisələrin yenidən qurulması və strategiyanın planlaşdırılması mərhələsindən, bazara çıxış strategiyasının hazırlanması və korporativ mədəniyyətdə müsbət dəyişikliklərin həyata keçirilməsinə qədər müxtəlif sahələrdə uğurlu fəaliyyətinə görə fərqlənib.
Cənab Bekers INSEAD biznes məktəbinin və Köln Universitetinin MBA
(Biznesin İdarə Edilməsi üzrə magistr) diplomuna
sahibdir.
"Son zamanlar dünyada yaşanan çətin iqtisadi vəziyyət Azərbaycandan
da yan keçməyib. Telekommunikasiya sahəsi Azərbaycan
iqtisadiyyatında əhəmiyyətli yer tutur və şübhəsiz ki, mövcud
iqtisadi durum bu biznes sahəsinin qarşısında da çətin və mürəkkəb
vəzifələr qoyur. Buna baxmayaraq, Bakcell ölkənin telekommunikasiya
bazarında olduqca güclü mövqeyə sahibdir və mən inanıram ki, biz öz
şəbəkəmizə və təqdim etdiyimiz yeni xidmətlərə investisiya
qoyuluşlarını davam etdirərək, bu çətinliklərin öhdəsindən gələcək
və Bakcell şirkətinin peşəkar və səmimi işçi heyəti ilə birlikdə
daha böyük və parlaq nəticələrə nail olacağıq",- deyə Bakcell
şirkətinin yeni təyin olunmuş baş icraçı direktoru cənab Nikolai
Bekers bildirib.