news Image
2016.05.21
10:00
| A A A
Avropadan Azərbaycana yeni sərmayə axını başlanır
Natiq Cəfərli: “Azərbaycanın ciddi strateji əhəmiyyəti var” Rəşad Həsənov: “Ölkəmizdə islahatların davamı gəldikcə Avropa ölkələri şirkətlərinin də Azərbaycanın qeyri-neft sektoruna axını artacaq”

Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Avropa şirkətləri Azərbaycanda aktiv işləmək və bu ölkəyə sərmayə qoymaq istəyirlər: "Biz Azərbaycanla energetika sahəsində fəal iştirak edirik, lakin bizim digər sahələrdə də əməkdaşlığı genişləndirmək üçün imkanlarımız var".

Avropa şirkətlərinin bu günə qədər Azərbaycanda əsas diqqəti neft-qaz sənayesinə yönəldib. İndi isə onlar ölkəmizin qeyri-neft sektoruna da investisiya yatırmağa hazırlaşırlar. İqtisadçı-ekspert Natiq Cəfərli ümid edir ki, müəyyən addımların atılması fonunda yaxın zamanlarda xarici investorlar Azərbaycanın qeyri-neft sektoruna da maraq göstərəcəklər: "Avropa İttifaqının Bakı nümayəndəliyi rəhbəri Malena Mardın Avropa şirkətlərinin Azərbaycana sərməyə yatırmaqda maraqlı olmasını deməsi əslində, iqtisadi bir mesajdır.

Azərbaycanın ciddi strateji əhəmiyyəti var. Orta Asiyaya, İrana, Rusiyaya yaxın olması fonunda bura qoyulan sərmayə və istehsal edilən məhsulların həmin ölkə bazarlarına da ixrac olunması üçün Bakı ideal loqistik mərkəz rolunu oynaya bilər. Amma bunun üçün Azərbaycan tərəfinin də atması vacib olan addımlar var. Bu da ilk növbədə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsidir. Bu baş verdikdən sonra təbii ki, Avropa və bir çox digər dünya ölkələri şirkətlərinin də qeyri-neft sektoruna, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatına marağı artacaq. Bu ölkəmiz üçün də vacibdir. Çünki xarici sərmayədar özü ilə yeni texnologiya gətirir, maaşın yüksək olması, sosial sığorta məsələsinin həll olunması fonunda Azərbaycan vətəndaşları da xarici şirkətdə işləməyə üstünlük verir. Ümid edirəm ki, yaxın zamanlarda bu istiqamətdə lazımı addımlar atılacaq və xarici investorların ölkəmizə gəlişi təmin ediləcək".

Digər ekspert Rəşad Həsənov qeyd etdi ki, aparılan islahatların davamı gələrsə, Avropa şirkətləri də Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoymağa ciddi şəkildə girişəcəklər : "İnvestorlar ümumiyyətlə, sərmayə yatırıb qazanmaq üçün həmişə daha münbit şərait axtarır. Ona görə də daim yeni-yeni bazarlar axtarırlar. Bu hal Avropa firma və şirkətlərinə da aid məsələdir. Düşünürəm ki, ölkəmizdə islahatların davamı gəldikcə, Avropa, eləcə də dünyanın digər ölkələrinin şirkətlərinin də Azərbaycanın qeyri-neft sektoruna axını artacaq. Hazırda qeyri-neft sektorunda müəyyən sahələr var ki, orada bəzi boşluqlar mövcuddur. Bu boşluqlar Avropa şirkətlərinin təcrübəsi və onların maliyyə imkanları hesabına doldurula bilər. O baxımdan qiymətləndirsək, Azərbaycan biznes mühitini daha da saflaşdırmalıdır. Burada kənar müdaxilələr ümumiyyətlə, olmamalıdır. Digər bir məsələ isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prosesinin sürətləndirilməsindən keçir. Habelə, maliyyə-bank sektorunda da ciddi işlərin aparılması vacibdir, beynəlxalq maliyyə korrporasiyaları Azərbaycana buraxılmalıdır ki, şirkətlər öz fəaliyyətlərini daha etibarlı maliyyə institutları ilə qura bilsin. Biznesə başlama şərtləri, differensial vergi siyasətinin həyata keçirilməsi, təşviq mexanizmlərinin gücləndirilməsi istiqamətində islahatlar davamlı olarsa, xarici sərmayədarların ölkəmizin qeyri-neft sahəsinə investisiya yatırması istiqamətində nəticə gözləməyə dəyər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs