news Image
2016.05.21
09:15
| A A A
Manatın yeni bahalaşma dövrü başlanır
Oqtay Haqverdiyev: “Mərkəzi Bankın hansı siyasət aparacağını indidən söyləmək çətindir” Cümşüd Nuriyev: “Sentyabr ayına qədər dolların manata nisbətdə enməsi prosesi gedəcək”

Azərbaycan Mərkəzi Bankının açıqladığı son məzənnəyə görə USD/AZN rəsmi məzənnəsi 1,4987 səviyyəsində müəyyən edilib. Bu isə o deməkdir ki, keçən ilin dekabr ayında baş verən devalvasiyadan sonra ilk dəfədir ki, manatın dollara nisbətdə məzənnəsi 1,50 səviyyəsindən aşağı düşüb. Bu arada onu da qeyd edək ki, Azərbaycan neftinin qiyməti də 50 dollarlıq həddi keçərək 51 dollara çatıb. Bu da məzənənyə təsir edir. Bir sözlə, son günlər tendensiya manatın möhkəmlənməsi istiqamətində gedir. Halbuki, dünya birjalarında son günlər xarici milli valyutalar dollara nisbətdə dəyər itirməkdədir.

Görəsən, manatın dollara nisbətdə 1,50 səviyyəsindən aşağı düşməsi tendensiyası görəsən davamlı ola bilərmi?

İqtisadçı Oqtay Haqverdiyevin fikrincə, manatın dollarla nisbətinin 1,50 aşağı düşməsi halının davamlı olub-olmayacağı Mərkəzi Bankın yeritdiyi siyasətdən asılı olacaq: "Azərbaycanda bildiyiniz kimi, manatla dollar və digər valyutaların bir-birilə nisbəti Mərkəzi Bank tərəfindən tənzimlənir. Ona görə də Mərkəzi Bankın hansı siyasət aparacağını indidən söyləmək çox çətindir. Dəfələrlə qeyd etmişəm, əslində, manatın real qiyməti indiki səviyyə deyil. Mərkəzi Bank süni şəkildə manatın dollara nisbətdə məzənnəsini stabil saxlayır ki, bu da iqtisadi baxımdan əsaslandırıcı proses deyildir. Görünür, indiki halda prosesin belə olması lazımdır, ona görə də bu yolu tutublar.

Əslində, dollar manat məzənnəsinin 1,50 səviyyəsindən aşağı düşməsinin də bir əsası var. O da Azərbaycanda əhalinin əksər hissəsinin alıcılıq qabiliyyəti, həyat səviyyəsindən qaynaqlanır. Bu fonda dollarla manat məzənnəsinin stabil saxlanılmasında məqsəd həm də insanların həyat səviyyəsinin pisləşməsinə maneə olmaqdan ibarətdir. Mərkəzi Bank manatın üzən məzənnə kursuna keçdiyini bildirib, amma əslində görürük ki, by belə deyil, kursu stabil olaraq saxlayır. Manatın kütləsi də azalaraq 11 milyarddan 5 milyarda düşüb".

İqtisadçı-ekspert Cümşüd Nuriyev düşünür ki, payız aylarına qədər manat dollar nisbətində mövcud durumu qoruyub saxlamaq mümkün olacaq: "Əslində, manatın dollara nisbətdə 1,50 səviyyəsindən aşağı düşməsinin hazırkı situasiyada iqtisadi şərait var. Birincisi, Amerika Federal Ehtiyat Sistemi hələlik dolların kursunu qaldırmayıb, əvvəlki mövqedə saxlayıb. İkincisi "Azərilayt" markalı neftin qiyməti 51 dollara qalxıb. Yəni Azərbaycanda manatın qorunması üçün kifayət qədər şərait var. Azərbacanda ikinci devalvasiyadan sonra ciddi problemlər yarandı. Həmin problemlərin "çiçəklənməsinə" imkan verməmək üçün hökumət islahat istiqamətində müəyyən tədbirlər görür. Həmin islahatlar davam etdirilməlidir.

Yay aylarında manatın ucuzlaşmasını gözləməyə də ehtiyac yoxdur. Çünki adətən yay ayları kifayət qədər sakit keçir. Bu fonda da düşünürəm ki, sentyabr ayına qədər dolların manata nisbətdə enməsi prosesi gedəcək. Amma bütün hallarda məzənnənin səviyyəsi 1,45-dən aşağı düşməyəcək, hardasa, 1,46-1,47 səviyyəsinə qədər enə bilər. Bundan aşağı düşəcəyi indilikdə inandırıcı görünmür. Lakin bütün hallarda proqnoz vermək olar ki, sözügedən kursun 1,50 səviyyəsindən aşağı düşmə tendensiyasını hələlik qoruyub saxlamaq mümkün olacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs