Əlaqə Arxiv
news Image
2016.05.24
09:30
| A A A
Elit mənzillərin qiymət problemi
Vüqar Bayramov: “Bakıdakı elit mənzillərin qiyməti Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə belə yüksək hesab olunur” Ramil Osmanov: “Ucuz mənzil təklif edən şirkətlərin sayı barmaqla sayılacaq qədərdir”

Azərbaycanda elit mənzillətə tələb daha sürətlə azalır.Bir müddət öncəyə qədər vəziiyət tamamilə bunun əksinə idi. Şəhərin bir çox yeni binalarında belə elit evlərə rast gəlmək olurdu və onların müştərilərinin sayı da az deyildi. Adətən elit kateqoriyalı mənzillər baha olması ilə seçilir. Hazırda belə evlərin alıcılarının sayı çox azdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, elit mənzillətə tələbin azalması onların qiymətinin daha baha olması və artıq satarkən, kirayəyə verərkən sahibinə əvvəlki gəliri gətirməməsilə bağlıdır: "Praktiki olaraq, hazırda əmlak bazarında qiymətlər real deyil. Bakıdakı elit mənzillərin qiyməti

kifayət qədər yüksəkdir. Hətta bu qiymətlər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə belə yüksək hesab olunur.

Əvvəllər elit mənzillər sahiblərinə gəlir gətirirdi. Ona görə ki, onu alıb müəyyən müddətdən sonra daha baha qiymətlərə satmaq mümkün idi. Bu da həmin evlərin sahiblərinə gəlir əldə etməyə imkan verirdi. Digər tərəfdən, bu tip evlərin gəlirli olması daha yüksək qiymətlərlə kirayəyə verilməsilə bağlı idi. İndi isə həmin mənzillər gəlir gətirmir. Çünki bazarda qiymət azalmaları müşahidə olunur. Qiymət azalmaları baş verdiyindən də elit mənzil alıb müəyyən zamandan sonra onu daha baha qiymətə satmaq mümkünsüz hala çevrilib. Həmçinin, belə mənzillər üçün kirayə tələbi də kəskin azalıb. Bütün bunlar da elit mənzillərin kirayəyə verilməsi baxımından gəlirli olmamasına gətirib çıxarıb. Belə vəziyyətdə elit mənzillərə marağın azalması müşahidə olunur ki, bu da onların qiymətlərinə təsir göstərir. Güman olunur ki, elit mənzillərin qiymətlərində azalmalar davam edəcək. Çünki o mənzillərə tələbin aşağl düşməsi birmənalı şəkildə özünü göstərir. İnsanlar daha çox yığıma üstünlük verir. Nəticədə növbəti dönəmlərdə də elit mənzillər üzrə qiymət azalmaları baş verəcək".

Həmsöhbətimiz qeyd etdi ki, tikinti şirkətlərinin ekonom klass evlər tikməyə meyl etməməsi isə tikintidə canlanmanın olmaması ilə bağlıdır: "Ekonom evlər Azərbaycanda daha çox sosial evlər kmi formalaşıb. Güman olunur ki, hələlik bazarın seqmentinə uyğun olaraq mövcud layihələr daxilində sosial evlərin inşasını davam etdirməyə çalışırlar. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, neftin qiyməti aşağı düşdükdən sonra inşaat sektorunda da bir durğunluq var. Tikinti şirkətləri prosesi proqnozlaşdıra bilmədikləri üçün indilikdə ciddi investisiya qoyuluşu həyata keçirməyə meyl etmir.

Amma neftin qiymətinin qalxması və çətinliklərin yox olması ilə tikintidə yenidən canlanmanın yaranması halında ölkəmizdə elit deyil, daha çox ekonom mənzillərə üstünlük verilə bilər".

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanov isə bu qənaətdədir ki, əhalinin alıcılıq qabiliyyəti elit mənzillərə tələbatı da azaldıb: "Azərbaycanda elit mənzillər əslində, o qədər də çox deyil. Bundan başqa həmin mənzillərə olan tələbatın azalması səbəbi əhalinin iqtisadi vəziyyətilə əlaqədardır. 2013-2014-cü illərdə yeni tikililərdə mənzillər üzrə təqribən orta satış göstəricisi 136-140 kvadratmetr arasında dəyişirdisə, hazırda bu rəqəm 95 kvadratmetr həddində dəyişir. Əhalinin alıcılıq qabiliyyətinin azalması qiymətlərdə olduğu kimi, təbii ki, mənzilin ölçülərinə də təsir edib.

Elit mənzillər üçün bir qayda olaraq bir kvadratmetrin dəyəri 2500-3000 manatdan başlayaraq yuxarı qalxır. Belə olan halda təbii ki, alıcının geniş kütləsi belə mənzillərə maraq göstərə bilməz. Ekonom klass evlər tikməklə məşğul olan şirkətlər isə bazarda demək olar ki, artıq yoxdur. Bu istiqamətdə fəaliyyət göstərən şirkətlər artıq bazardan gedib. Buna da müxtəlif səbəblər təsir edib. Təəssüf ki, ucuz mənzil təklif edən şirkətlərin sayı barmaqla sayılacaq qədərdir və onlar da tikdikləri mənzilləri satıb qurtarıblar".

Sizin Reklam Yeriniz