Əlaqə Arxiv
news Image
2016.05.27
08:00
| A A A
Qeyri-neft sektoruna Avropadan yeni sərmayə axını başlanır
Samir Əliyev: “Həmin qurumlar Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaq istəyəcəklər” Anar İbrahimov: “Avropa Yenidənqurma və İnkişaf Bankının Avropa İttiafaqının ölkəmizdə yatırdığı investisiyalar xüsusi yer tutur”

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana yeni investisiyalar yatırmağa hazır olduğunu bildirib. Qurumun prezidenti Suma Çakrabarti də bunu təsdiq edir və bildirir ki, AYİB-in Azərbaycanla tərəfdaşlığı yüksək səviyyədədir. Onun sözlərinə görə, son iki ildə AYİB tərəfindən Azərbaycanda 270 milyon ABŞ dolları dəyərində 30 layihə reallaşdırılıb. Bundan əlavə, AYİB neft və qeyri-neft sektoru sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. AYİB prezidenti təmsil etdiyi Bankın "Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlı olduğunu, eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılan azad ticarət zonasına investisiya qoyma imkanlarına baxacaqlarını da diqqətə çatdırıb.

Avropa İttifaqı da eyni mövqedən çıxış edir. Qurumun Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard da bildirib ki, Avropa şirkətləri Azərbaycanda aktiv işləmək və bu ölkəyə sərmayə qoymaq istəyir: "Biz Azərbaycanla energetika sahəsində fəal iştirak edirik, lakin bizim digər sahələrdə də əməkdaşlığı genişləndirmək üçün imkanlarımız var".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bilidirir ki, neftin dünya bazarında ucuzlaşmasından sonra Azərbaycanda investisiya cəlb edilməsi kimi aktual məsələ ortaya çıxdı: "Uzun müddət ölkədə investisiyanın yarıdan çoxu dövlət investisiyası olub. Təxminən 70%-i dövlət investisiyası idi. Eyni zamanda, investisiyaların böyük hissəsini neft sektorunun investisiyaları təşkil edirdi.

Bizim qeyri-neft sektoruna investisiya yatırmağa böyük ehtiyac var. Neft sektoruna bu gün də investisiya yatıranlar var. Güman ki, həmin qurumlar məhz Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaq istəyəcəklər. Bu da Azərbaycan üçün çox vacibdir. Çünki, burada əsas məsələ ölkəyə valyuta axınını təmin etməkdir. Eyni zamanda, investisiya ölkənin inkişafını təmin edən alətlərdən biridir. Əgər elan edilən investisiyalar qeyri-neft sektoruna yatırılarsa, Azərbaycanın mövcud vəziyyətdən az itki ilə çıxmasına dəstək verə bilər. Bundan başqa, bu, ölkənin daha sürətli iqtisadi inkişafı üçün vacib elementlərdən biri hesab olunur".

Ekspert əlavə etdi ki, özəl investisiyaların olması çox vacibdir: "Çünki, bu, dövlət yükünü azaldır. Yerli sahibkarlığın inkişafı baxımıdan yerli investisiyalar yaxşıdır. Amma xarici investisiyaya ona görə vacibdir ki, bizə dollar lazımdır. Hətta Azərbaycanın dünyada rəqabət qabiliyyətini artırır. Xüsusən də inkişafda olan ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların yarıdan çoxu xarici investisiyalar olması məsləhətdir".

Digər iqtisadçı-ekspert Anar İbrahimov bildirdi ki, 2015-ci ildə ölkəmizin neft gəlirlərinin kəskin azalması sanki bir sınaq oldu: "Ölkəmiz qeyri-neft sekorunun inkişafı üçün dövlət vəsaitlərindən əlavə, xarici investisiyaların cəlb olunmasında maraqlı olduğunun əcnəbi sərmayədarlara açıq və şəffaf mühit yaratmaqla bildirir. Bu yöndə Avropa Yenidənqurma və İnkişaf Bankının və Avropa İttiafaqının ölkəmizdə yatırdığı investisiyalar xüsusi yer tutur. Təkcə onu demək kifayətdir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə qoyduğu investisiyanın 70%-i özəl sektorun inkişafına yönəldilib və ölkəmizdə maliyyələşdirdiyi 9 layihədən 8-nin qeyri-neft sektorunun payına düşür.

Həmçinin qeyd etmək olar ki, Avropa İttifaqı maliyyə dəstəyi ilə ölkəmizdə özəl sahibkarlığın və qeyri-neft sektorunun inkişafına töhfə verilməkdədir. Bu mövqedən çıxış edərək bildirmək olar ki, Avropa Yenidənqurma və İnkişaf Bankının və Avropa İttifaqının ölkəmizə yenidən investisiya yatırması ölkəmizdə bu gün xüsusi ilə inkişafına çalışdığımız qeyri-neft sektorunun təkmilləşdirilməsinə və inkişafına töhfə verəcək".


Sizin Reklam Yeriniz