news Image
2016.05.27
09:07
| A A A
Tranzit yükdaşımlarda Azərbaycan əsas mərkəzə çevrilir
Oqtay Haqverdiyev: “Yüklərin həcmini götürsək, İran üçün də Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etmək qaneedici olacaq” Nicat Hacızadə: “Azərbaycan Avropa ilə Cənubi Asiyanın birləşdirilməsində xüsusi rol oynadığını bir daha nümayiş etdirəcək”

İran yeni tranzit marşrutunun yaradılması üzərində çalışır. İranın Dəmir Yolu İdarəsinin rəsmi nümayəndəsi Həsən Aşurinin sözlərinə görə, yeni marşrut İran və Qafqaz ölkələrindən keçəcək və onun son dayanacağı Avropa İttifaqı olacaq: "Artıq Azərbaycan və Gürcüstanla yeni tranzit arteriyasının yaradılması istiqamətində razılıq əldə olunub. Marşruta avtomobil və dəmir yolları daxildir. Marşrut Azərbaycan və Gürcüstandan keçəcək. Layihə xüsusi olaraq Türkiyədən yan keçməklə malların Avropaya ixrac olunması üçün yaradılır. Layihənin reallaşması ilə ixrac müddəti 45 gündən 23-ə enəcək. Layihədə Rusiya və Finlandiya da iştirak edəcəklər".

Maraqlıdır, Azərbaycanın yeni mühüm marşuruta qoşulması ölkəmizə nə vəd edir? Ölkənin tranzit gəlirləri baxımından bu nə deməkdir?

İqtisadçı alim Oqtay Haqverdiyev bu qənaətdədir ki, İranın təklif etdiyi həmin tranzit layihəsi Baki-Tiflis-Qars dəmir yolundan kənar reallaşacaqsa, onun iqtisadi əsası olmayacaq: "Hazırda bilirsiniz ki, Avropa ölkələrinə yük daşımada mühüm rol oynayacaq Bakı-Tiflis-Qars dəmir yolu tikilir. Onun bu il, yaxud da gələn ilin əvvəllərində təhvil veriləcəyi gözlənilir. Azərbaycanın da hazırda Avropaya yük daşınmasında başlıca məqsədi Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsidir.

İran rəsmisinin öz ölkəsini və Qafqazı Avropa İttifaqı ilə birləşdirəcək yeni tranzit marşurutu üzərində çalışdıqlarını deməsinə baxmayaraq, hələlik onun heç layihəsi də ortalıqda yoxdur. Bu məsələ hələlik ideya olaraq səslənir. Bəlkə bu ideyanın da mərkəzində Bakı-Tiflis-Qars dəmir yolundan istifadə də nəzərdə tutulur. İranın təklif etdiyi həmin tranzit marşurutunun Bakı-Tiflis-Qars dəmir yolundan kənarda reallaşdırılması baş verəcəksə, açıq şəkildə deyirəm, həmin ideyanın iqtisadi əsası olmayacaq. Yüklərin həcmini götürsək, İran üçün də Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etmək qaneedici olacaq. Belə olan halda həmin dəmir yolundan kənar keçməklə bu ərazidən yeni tranzit yolunun xərclənməsinə nədən boş yerə milyonlar xərcləməlidirlər ki? İran Avropaya çıxmaq istəyirsə, gəlsin Azərbaycandan Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə getsin".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nicat Hacızadə isə qeyd etdi ki, Tehranın yeni tranzit marşurutu təklifi Azərbaycana tranzit gəlirliyi gətirməsi və burada həmin məhsulların ucuz başa gəlməsi baxımından əhəmiyyət daşıyacaq: "Azərbaycanın qarşıdakı əsas hədəflərindən biri bir sıra yükdaşımalar üzrə mərkəzə çevrilməkdir. Artıq həm Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya, Cənubi Asiya regionundan Avropaya getmə xətti üzrə də Azərbaycan müəyəyn təkliflərini verib.

İran, Azərbaycan və Gürcüstandan keçməklə Avropa İttifaqına tranzit xəttinin açılması tranzit gəlirliyi cəhətdən ölkəmizə xeyir gətirə bilər. Həmin tranzit xətti üzrə ölkəmizə gələcək məhsullar digər ölkələrə gedəcək məhsullara nisbətdə daha ucuz başa gələcək. İkincisi, Azərbaycan ümumi layihənin gəlirliyindən, yəni həmin marşrut üzrə göndərilən məhsulların gəlirliyindən müəyyən faizə sahib olacaq. Tranzit gəlirləri dövlət büdcəmizə də vergi vasitəsilə müəyyən mənffət verəcək. Bu yolla Azərbaycan Avropa ilə Cənubi Asiyanın birləşdirilməsində xüsusi rol oynadığını bir daha nümayiş etdirəcəkdir".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs