Əlaqə Arxiv
news Image
2016.06.01
09:15
| A A A
Dollar üçün məzənnə dəhlizi
Rəşad Həsənov: “Vətəndaşlar və banklar əllərindəki dolları manata çevirərsə, prosesə yanaşma tərzi dəyişər və bu da kreditləşmə prosesinin aktivləşməsinə gətirib çıxarar”

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında hazırda 2 milyard dollardan artıq həcmdə valyuta resursları mövcuddur. Bu ehtiyatların iqtisadiyyata cəlb edilməsi məqsədi ilə təklif olunur ki, Mərkəzi Bank tərəfindən müəyyən məzənnə dəhlizi müəyyənləşdirilsin. Hesab olunur ki, bu şəraitdə vətəndaşlar, eləcə də banklar əllərindəki dolları manata çevirəcəklər.

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Mərkəzi Bank tərəfindən müəyyən məzənnə dəhlizi müəyyənləşərsə, bu prosesdə banklar, eləcə də vətəndaşlar özlərində olan dolları manata çevirməkdə maraqlı olacaqlar : "Uzun müddətli dövrdə Azərbaycan vətəndaşları və banklar üzən məzənnəyə uyğun olaraq fəaliyyətlərini tənzimləyib. Keçən ilin dekabr devalvasiyasından sonra üzən məzənnənin tətbiqi və manatın məzənnəsində bir neçə ay ərzində ciddi dalğalanma, bahalaşma və ucuzlaşmanın müşahidə olunmasının özü vətəndaş və bankları müəyyən tərəddüdlər qarşısında qoydu. Əslində, Mərkəzi Bank tərəfindən rəsmi məzənnə dəhlizinin formalaşdırılması bu tərəddüdlərin aradan qaldırılmasına hədəflənən addımlar idi. Belədə həmin təklifi edən tərəflər düşünürdü ki,bu halda həm banklar milli valyutada kreditləşmə siyasdətini genişləndirə bilər, vəsaitlərin manata çevirib iqtisadiyyata yönləndirilməsi güclənər, həmçinin vətəndaşların özləri də xarici valyutada kredit əldə etməyə meylli olar. Bu da bankların öz portfellərini, valyuta strukturunu diversifikasiya etmək üçün imkanları genişləndirər.

Son 6 ayda kredit portfeli demək olar ki, daimi olaraq işləmir. Banklar geri qayıdan kreditin yenidən yerləşdirilməsində risqlərin olmasını nəzərə alaraq tərəddüd edirlər. Həmçinin, kredit tarixçəsi şəffaf və əvvəlki dövrlərlə müqayisədə kredit qaytarma qabiliyyəti olan müştərilərin azlığı onların bu vəsaitləri yerləşdirə bilməməsinə gətirib çıxarıb. Əlbəttə ki, bankların funksiyası kreditlərin verilməsi yolu ilə həm iqtisadiyyatın inkişafına nail olmaq, digər tərəfdən kreditlərin əldə olunmasından bu yolla gəlir əldə etməkdən ibarətdir. Çox təəssüf ki, bankların maliyyə hesabatlılığı 2015-ci ilin yanvar hesabatından sonra tamamilə dayandırılıb. Hazırkı situasiyada bankların gəlir və xərclərinin üzə çıxarılması mümkün qədər çətinləşib. Amma buna baxmayaraq, banklar ciddi problemlə üzləşir. Vəsaitlər üçün ödənilən dividendlər baxımından da. Bu xərclərin daha da artmasına gətirib çıxarır.

Düşünürəm ki, vətəndaşlar və banklar əllərindəki dolları manata çevirərlərsə, proseslərə yanaşma tərzi dəyişər və yaşanan narahatçılıqlar aradan qalxar ki, bu da kreditləşmə prosesinin nisbətən də olsa aktivləşməsinə gətirib çıxarar".

Sizin Reklam Yeriniz