Əlaqə Arxiv
news Image
2016.06.02
09:50
| A A A
Banklar hələ də gözləmə mövqeyindədir
Vüqar Bayramov: “Bankların gəlirlərinin əhəmiyyətli hissəsini məhz kredit verilişləri təşkil edir”


Ölkədə fəaliyyət göstərən bankların yarıya qədəri kredit verilişini bərpa edib. Yerdə qalan yarısı isə hələ də gözləmə mövqeyi tutub.

Qeyd edək ki, keçən ilin dekabrında baş verən ikinci devalvasiyadan sonra banklar demək olar ki, böyük əksəriyyətlə kredit verilişini dayandırmışdılar. Son aylara qədər bu proses davam edirdi. Lakin görülən tədbirlərdən sonra nəhayət mövcud bankların yarısı kredit verməyi bərpa etdi. Lakin hələ də prosesə qoşulmaqdan çəkinən banklar var. Görəsən, bəzilərinin kredit verilişini bərpa etməsinə rəğmən, digərlərinin də gözləmə mövqeyi tutması nədən qaynaqlanır? Kredit verilişini bərpa etməkdən uzaq qaçan banklar bununla nədən gəlirlərini azaldırlar?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, bəzi bankların hələ də kredit verilişini bərpa etməməsi onların kredit borclarının yüksək olmasından irəli qaynaqlanır: "Banklar üçün kredit vermələri çox vacibdir. Bank kredit vermirsə, praktik olaraq, bu, o deməkdir ki, bank cüzi gəlir əldə edə biləcək. Çünki bankların gəlirlərinin əhəmiyyətli hissəsini məhz kredit verilişləri təşkil edir. Azərbaycan banklarının kredit verməməsi bir çox bankların kredit borclarının yüksək olması ilə bağlıdır. Problemli kreditlərin həcmində də kifayət qədər ciddi artımlar var.

Eyni zamanda, ikinci devalvasiyadan sonra son həftələr manatın müəyyən qədər möhkəmlənməsinə baxmayaraq, milli valyutaya inamın tam olaraq formalaşdığını söyləmək mümkün deyil. Banklar da bunu nəzəər alır. Həmçinin, banklardan xarici valyuta ilə istehlak kredit verilməsi məhdudlaşdırılıb. Ancaq xüsusi hallarda xarici valyuta ilə istehlak krediti verilə bilər. Bu da sözsüz ki, onların kreditləşməsinə təsir göstərir. Bəzi banklar da real sektora kredit verməkdə yubanır. Bu da onların ehtiyatlanması ilə əlaqədardır. Hazırda da banklarda bu ehtiyatlanma tendensiyası davam edir. Bu ehtiyatlanma da birmənalı şəkildə bankların gəlirliyinə təsir edir. Bu fonda banklar çalışmalıdır ki, qısa müddətdə real sektora kredit verilişini bərpa etsinlər. Bu bərpa banklara da kreditləşmədən gəlir əldə etməyə imkan yaradacaq. Bir sıra banklarda kreditləşmə prosesi uzun müddət ərzində bərpa olunmazsa, bu, həmin bankların maliyyə vəziyyətinə mənfi tsir göstərəcək".




Sizin Reklam Yeriniz