news Image
2016.06.02
10:00
| A A A
Bağ evlərinin kirayə qiymətləri yenidən artmağa başladı
Rəşad Alıyev: “Bağ evlərinin satış və kirayə qiymətlərinin artması mövsümi xarakter daşıyır” Rövşən Talıbzadə: “Tələb artdığından həm satış, həm də kirayə qiymətlərində yüksəliş müşahidə edilir”

Daşınmaz əmlak bazarında durğunluq müşahidə edilsə də, bağ evlərinə tələbatartıb. Artım həm satış, həm də kirayə qiymətlərində özünü göstərir. Ekspertlər bunun mövsümi xarakter daşıdığını deyirlər.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Rəşad Alıyev bildirir ki, bağ evlərinin satış və kirayə qiymətlərinin artması mövsümi xarakter daşıyır: "Ümumiyyətlə, daşınmaz əmlak bazarının bəzi seqmentləri mövsümi təsirlərə məruz qalır. Mənzil, kommersiya obyektləri bazarında yay vaxtı adətən mövsümi olaraq qiymətlər aşağı düşür. Hələlik daşınmaz əmlak bazarında yay ayları üçün ilkin məlumatlar yoxdur. Amma adətən mövsümi olaraq bir sıra seqmentlər üzrə qiymət enməsi baş verir. Bağ evləri və kiçik torpaq sahələrində isə qiymətlər artır. Bu da mövsümi xarakter daşıyır. Bu, onunla əlaqədardır ki, yay vaxtı bağ evlərinə tələbat artır. Nəzərə alaq ki, bağ evləri istrahət üçün daha əlverşlidir. Ona görə də onun icarə haqqının qiyməti artır".

Daşınmaz əmlak məsələləri üzrə digər ekspert Rövşən Talıbzadə bildirdi ki, böhranla əlaqədar hazırda daşınmaz əmlak bazarının əksər seqmentlərində qiymətlər stabil olaraq qalır: "Lakin Bakı və Abşeron ətrafındakı bağ evlərinə tələbat artır. Bu da yay mövsümünün başlaması ilə əlaqədardır. Onlara tələb artdığından həm satış, həm də kirayə qiymətlərində yüksəliş müşahidə edilir. Lakin bağ evlərinə tələbatın artması ərazilər üzrə fərqlidir. Məsələn, Bilgəh, Zuğulba, Mərdəkana tələbat daha böyükdür. Bu ərazilərə daha çox yüksək təminatlı ailələr müraciət edirlər. Həmin ərazilərin həm infrastrukturu yaxşı inkişaf edib, həm də havası yaxşıdır. Hansı ki, bu faktorlar tələbatı artırır.

Ümumiyyətlə, bu ərazilərdə qiymətlər Abşeron yarımadasının digər sahələrinə nisbətən həmişə üstün olub. Səbəbi də iqlimi, infrastrukturu ilə bağlıdır. Orta təminatlı insanlar isə daha çox Novxanı, Goradil, və Pirşağıya üstünlük verirlər. Həmin ərazilərdə kirayə və satış qiymətləri adətən orta səviyyədə olur".

Ekspert əlavə etdi ki, əhalinin kirayə seçərkən üstünlük verdikləri amillər var: "Burada əsas faktor əlbəttə ki, sərin havada yaxşı istirahət etməkdir. Digər amillər isə çimərliyin əlverşliliyi, ərazilərin infrastrukturunun münasibliyi, evin təchizatı və s.-dir. Bu baxımdan Novxanı ərazisi daha cəlbedicidir. Çünki, onun çimərlik hissəsi daha genişdir. İnfrastruktur baxımdan həm Bakı, həm də Sumqayıt tərəfdən yaxındır. Eyni zamanda ictimai nəqliyyat cəhətdən də daha əlverşlidir. Bu faktorlar alqı-satqı və kirayədə bağ evlərinə olan tələbatda əsas amildir".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs