Əlaqə Arxiv
news Image
2016.06.07
09:30
| A A A
Avro dolları ucuzlaşdırır
Natiq Cəfərli: “Xaricdən dollarla alınan məhsulların qiymətində stabillik yarana bilər” Anar İbrahimov: “Dolların məzənnəsinin avro qarşısında aşağı düşməsini ölkəmizdə ixracın artımına stimulverici hal hesab etmək olar”

ABŞ-da bu ilin may ayında qeyri-kənd təsərrüfatı sektorunda iş yerlərinin sayının proqnozlardan çox az açıqlanması dolların məzənnəsini sərt aşağı salıb. Adı çəkilən göstərici proqnozlaşdırılan 164 min əvəzində 4 dəfə az, 38 min olub. Nəticədə, dollar avro qarşısında ucuzlaşmağa başlayıb.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, bu tendensiyanın qalıcı olması üçün bir müddət gözləmək lazımdır: "Ən azından bu həftənin də nəticələrinə baxmaq lazım olacaq ki, bu, qalıcıdır yoxsa, bazarın anlıq reaksiyasıdır. ABŞ Federal Ehtiyat Sisteminin (FES) toplantısı yaxınlaşdıqca və faiz artımı ehtimalı ortada olduqca bir müddət sonra əks tendensiyanın yaşandığını görə bilərik.

Yəni, dolların avro qarşısında yenidən bahalaşması mümkündür. Ancaq avronun bahalaşmasının Azərbaycana təsiri var. Bu, özünü ilk növbədə Avrozonadan Azərbaycana gətiriləcək məhsullarda göstərəcək. Onların qiymətində müəyyən dəyişiklər olacaq. Eyni zamanda nəzərə alaq ki, Azərbaycanın xarici ticarətində dollarla böyük əməliyyatlar həyata keçirilir. Bu baxımdan ən azından xaricdən dollarla alınan məhsulların qiymətində stabillik yarana bilər. Qlobal anlamda isə nəzərə alaq ki, biz Avrozonadan daha çox məhsul alıb-satırıq. Bu baxımdan avronun məzənnəsinin dəyişməsi müəyyən dərəcədə tədiyyə balansımıza təsir göstərəcək. Ona görə də yaxın 10 günü gözləmək lazımdır. Bu tendensiya haqqında ondan sonra nəsə demək mümkündür. FES-in toplantısı iyunun 15-də bitəcək. Ondan sonra dollar-avro münasibətləri barədə daha dəqiq demək mümkün olacaq".

Digər iqtisadçı-ekspert Anar İbrahimov bildirdi ki, dünya bazarının ayrılmaz tərkib hissəsi olduğu üçün dünya bazarında istənilən hadisənin baş verməsi Azərbaycandan yan keçmir: "Dünya bazarında neftin qiymətinin azalması fonunda milli valyutamızın dollar və avro qarşısında dəyər itirməsi buna əyani sübutdur. Xüsusilə dolların məzənnəsindəki istənilən dəyişiklik ölkə iqtisadiyyatında təsir edir. Çünki, ölkəmizin xarici ticarətinin əhəmiyyətli hissəsinə dolların birbaşa və dolayı təsiri var.

Dolların məzənnəsinin avro qarşısında aşağı düşməsini ölkəmizdə ixracın artımına stimulverici hal hesab etmək olar. Bunu isə qarşıdan ölkəmizə turist axınının gələcəyi gözlənilməsi fonunda müsbət hal kimi qiymətləndirmək olar. Xarici turistlər dolları satmaqla daha çox manat ala biləcəklər. Bu da turist axınına müsbət təsir edən amillərdən sayılır. Ölkəmizin maliyyə bazarında ümumi vəziyyətə gəldikdə isə, qeyd etmək olar ki, manatın məzənnəsinin formalaşması həmişəki kimi neftin dünya bazarındakı qiymətindən asılı olacaq".

Sizin Reklam Yeriniz