Əlaqə Arxiv
news Image
2016.06.08
09:45
| A A A
Mühərrik həcmi böyük olan avtomobillərə müştəri tapılmır
Azər Allahverənov: “Bu gün maşın bazarında bir çox maraqlı hadisələr baş verir” Seymur Yunusov: “Mühərrikin həcmi böyük olan avtomobillərə tələbin azalması bir neçə amillə bağlıdır”

Son dövrlər Azərbaycanda mühərrikin həcmi böyük olan minik avtomobillərinə tələb sürətlə azalır. Ekspert Azər Allahverənov bildirdi ki, mühərrikin həcmi böyük olan maşınlara tələb azalsa da. onların qiymətində aşağı enmələr baş verməyəcək: "Mühərrikin həcmi böyük olan avtomobillərə tələbin azalmasına baxmayaraq, onların qiymətində ucuzlaşmanın ola biləcəyini düşünmürəm. Ola bilsin, tələbat bir qədər azaldığından hansısa bir brenddə zəif ucuzlaşma olsun. Amma bütövlükdə düşünmürəm ki, iri həcmli mühərrikə malik avtomobillərin qiymətində sürətli şəkildə ucuzlaşma olsun.

Müşahidələr də göstərir ki, adətən çox baha qiymətə olan həmin maşınlar xaricdə valyuta ilə əldə olunur. Bu gün valyutanın məzənnəsinə nəzər saldıqda da görürük ki, hazırkı məzənnə qiymətin yüksək olmasına təsir edən bir səviyyədədir. O baxımdan təbii ki, heç bir distribüter və ya hər hansı bir servis özünə zərər verəcək dərəcədə qiymət müəyyənləşdirməyəcək. Qiymət xaricdən neçəyə gətirilməsi, gömrük rüsumlarını da üzərinə gəlməklə müəyyənləşən qiymətdən aşağı olası deyil. Hətta indiki qiymətlər həmin həddən də kifayət qədər yüksəkdir. Təkrar əl fonunda bazara çıxarılan maşınların qiymətində isə bir qədər ucuzlaşma baş verə bilər. Ən azından istismar ili çox olan maşınların qiymətləri aşağı göstərilir. Məsələn, 5 ilin maşını hardasa 50 faiz qiymətlə ucuz satılar.

Mühərrikin həcmi az olan avtomobillərə isə hazırda tələbat artıb. İstər Bakı yollarında hərəkət edən, istərsə də yanacağın sərfiyyəti məsələsində qənaət etməyə meylli insanlar daha çox məhz kiçik mühərrikli avtomobillərə üstünlük verir. Küçələrdəki sıxlıq, istərsə də ki, yanacağın qiymətinin ucuz olmaması fonunda insanların məhz həmin maşınlara üz tutmasına rəvac verən haldır. Buna görə ola bilsin, hətta istismar tarixi yeni olan kiçik həcmli maşınların satış qiymətində cüzi də olsa artımlar da müşahidə edilə bilər. Bu da tələbatın artması ilə bağlı olan prosesdir. Ümumiyyətlə, bu gün maşın bazarında bir çox maraqlı hadisələr baş verir. Dinamikaya nəzər saldıqda reallıq ucuzlaşmaya gətirib çıxarmalı olduğu halda, bazarda qiymət artımının baş verdiyinmi görürük. Habelə əksinə, qiymət artımı olmadığı halda qiymətlərin ucuzlaşmasının baş verdiyini görürük. Bu da bazarın özündə gözə görünməyən qanunların işə düşməsinin nəticəsidir".

İqtisadçı yazar Seymur Yunusov qeyd etdi ki, mühərrikin həcmi böyük olan avtomobillərə tələbin azalması bir neçə amillə bağlıdır: "Belə vəziyyətin yaranmasına səbəb olan amillərdən biri ola bilsin avtomobillərin qiymətilə bağlıdır. Adətən, mühərrik həcmi yüksək olan avtomobillərin qiyməti kiçik həcmli avtomobillərdən baha olur. Yəni, əsas səbəb məhz qiymətlə bağlıdır.

Keçən ildən yeni aksiz qaydaları qüvvəyə mindi. Bu yeni qaydalar mühərrik həcmi 1,6-2 litrdən yuxarı olan avtomobillərin qiymətinin artmasına ciddi təsir etdi. Yəni nə qədər mühərrik həcmi çoxdursa, daha çox aksiz vergisi ödənilir. Ona görə də mühərrik həcmi yüksək olan avtomobillər bahalaşdı. İkinci bir səbəb isə böyük ehtimalla qiymətlərin qalxmasından qaynaqlanır. Dolların manata nisbətən möhkəmlənməsi prosesi başlandıqdan sonra maşınların qiyməti də ciddi şəkildə bahalaşıb. İnsanlar inana bilmir ki, keçən ilin payız aylarında 16-17 min manata aldığı avtomobil üçün, bu gün 30-32 min manat ödəməli olurlar. Devalvasiyadan əvvəl qiyməti 50-60 min manat olan avtomobillərin qiyməti də bu əsasda xeyli dərəcədə artıb. İnsanlar heç cürə bu qiymətlərə hələlik öyrəşə bilməyib. Nəticədə iri həcmli mühərrikə malik avtomobillərə tələbat da azalır. Ümumiyyətlə, son illər ölkəmizdə avtomobillərə tələb aşağı düşüb. Hazırda avtomobil idxalı ayda 300-400 ədəd civarındadır".

Sizin Reklam Yeriniz