Əlaqə Arxiv
news Image
2016.06.09
08:00
| A A A
ABŞ iqtisadiyyatında resessiya dolları ucuzlaşdıracaq
Natiq Cəfərli: “Dolların gələcək taleyi FES-in qərarından asılı olacaq” Yaşar Əsədov: “Hazırda ABŞ iqtisadiyyatı çox ağır vəziyyətdədir”

ABŞ iqtisadiyyatının inkişafı yavaşlama mərhələsinə daxil olub və ölkənin fond birjalarının kəskin azalması milli və qlobal iqtisadiyyatı tənəzzülə apara bilər. "Zero Hedge" maliyyə qurumunun analitikləri ABŞ-ın son iqtisadi statistikası əsasında qeyd edirlər ki, ölkənin iqtisadi inkişaf tempi 2016-cı və 2017-ci illərdə proqnozlarda göstəriləndən aşağı olacaq. Keçən həftə açıqlanan iş yerlərinin sayının 160 min əvəzində 38 min olması ABŞ iqtisadiyyatının perspektivlərini neqativ istiqamətə yönəldib.

Belə vəziyyət dollarla bağlı proseslərə necə təsir edəcək? Dolların digər valyutalar qarşısında ucuzlaşa biləcəyini gözləmək olarmı?

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, hazırda ABŞ iqtisadiyyatında hansı situasiyanın cərəyan etməsindən asılı olmayaraq, dolların gələcək taleyi Federal Ehtiyat Sisteminin (FES) verəcəyi qərardan asılı olacaq: "Dolların gələcək taleyi əslində obrazlı desək Federal Ehtiyat Sisteminin (FES) qərarlarından asılı olacaq. FES bu ayın 14-15-də toplanır, bir də iyul ayının sonlarında toplanacaq. Bu iki toplantıdan birində uçot dərəcəsinin artırılması ehtimalı çox yüksəkdir. Belə bir qərar çıxacaqsa, təbii ki, dollarda digər valyutalara nisbətən bahalaşacaq. Yox, əgər FES dünyada gedən qlobal prosesləri, yaxud da ABŞ-ın iqtisadi artımının zəiflədiyini, iş yerlərilə bağlı problemləri nəzərə alaraq uçot dərəcəsini artırmasa, təbii ki, dolların digər valyutalara, o cümlədən avro və Çin yuanına qarşı ucuzlaşması prosesi gedə bilər. Burada ancaq funt-sterlinqlə bağlı bir qədər başqa yanaşma var. Çünki iyunun 21-də Böyük Britaniyada bu ölkənin Avropa Birliyində qalıb-qalmaması ilə bağlı referendum olacaq. Burada ölkənin AB-dən çıxması qərarı veriləcəksə, bunun Britaniya iqtisadiyyatına zərbəsi güclü olacaq, funt-sterlinqlə bağlı problemləri artıracaq, onun dəyərdən düşmə ehtimalı yüksələcək. Amma digər valyutalara qarşı dolların ucuzlaşması baş verə bilər.

Amerika iqtisadiyyatı bir qədər fərqli iqtisadiyyatdır. Bu ölkədə iqtisadiyyatın həcmi o qədər böyükdür ki, hətta ümumi daxili məhsulun 1,8-2 faiz gözlənilən artımını 1,7-1,8 faizə salsalar da, bunun özü də kifayət qədər böyük bir həcmdir. Trilyonlarla dollar həcmə malik bir iqtisadiyyatda 1,7 faiz artımın olması belə neqativ deyil, pozitiv hal hesab edilir. Ona görə də ola bilər, ABŞ iqtisadiyyatı barədə verilən proqnozların bu qədər bədbin olması gələcəkdə o qədər də öz təsdiqini tapmasın. Son zamanlar Amerika iqtisadiyyatında iş yerlərinin azalmasının səbəblərindən biri energetika sektorunda yaşanan ixtisarlarla bağlı idi. Şist neftinin istehsalı sahəsində təxminən 700 minə yaxın insan çalışırdı. Amma neftin ucuzlaşması bir çox şirkətlərin bağlanmasına səbəb oldu və hər həftə 12-15 minə qədər insan ixtisara düşdü. Hazırda isə neftin dünya bazarında qiyməti 50-51 dollar civarındadır. Bu da şist layihələrinin rentabelliyini xeyli dərəcədə artırır. Belədə gözləntilərdən biri də odur ki, yaxın gələcəkdə həmin sektorda yeni iş yerlərinin yaranması prosesi sürətlənə bilər. Həmin proqnoz özünü doğrultması iş yerlərinin yaranmasına olan ümidləri də gücləndirir. FES toplantısından öncə əsas baxılacaq məqam bu həftə açıqlanacaq iş yerlərinin artım tempi olacaq. Həftəlik iş yerlərinin artması prosesi baş verəcəksə, FES-in uçot dərəcəsi üzrə faizi artırma ehtimalı da yüksələcək. Bu fonda da bütün dünyada dolların bahalaşmasının şahidi olacağıq. Ən azından iyunda olmasa da, iyulda bu addımın atılma ehtimalı yüksəkdir".

İqtisadçı-ekspert Yaşar Əsədovun fikrincə isə, əslində, ABŞ-ın iqtisadiyyatla bağlı statistikası çoxdandır ki, əsaslı mənbə rolunu oynamır: "Aydındır ki, bütün ölkələr ABŞ-ın göstəricilərinə əsaslanaraq müəyyən nəticələrə gəlirlər. Amma bunlar hamısı üfürülərək şişirdilən köpüklərdir. Prinsip etibarı ilə ABŞ iqtisadiyyatı 2000-ci ilin əvvəllindən sabit tənəzzül halına keçib. Həmin zamandan bu günə qədər ABŞ-ın 19 trilyon dollar həcmində borcunun yığılması belə bir göstəricinin alınmasına gətirib çıxarıb.

2015-ci ildə bu ölkənin dövlət büdcəsi 3 trilyon dollardan bir qədər çox idi, amma onun da 50 faizi kəsirlə formalaşdırılmışdı. Bu da o deməkdir ki, keçən il ərzində ABŞ-ın azı 1,5 trilyon dollar xarici borcu artıb. Fakt ondan ibarətdir ki, hazırda ABŞ iqtisadiyyatı çox ağır vəziyyətdədir. Ciddi ekspertlər bunu etiraf edirlər. FES son illər dolları ən minimum uçot dərəcəsilə çap edirdi. Uçot dərəcəsini indi qaldırmaq istəyirlər ki, bu da FES-in dolları bahalaşdırmaq istədiyinə işarədir. Ancaq bunu edə bilmir".

Sizin Reklam Yeriniz