Əlaqə Arxiv
news Image
2016.06.09
09:30
| A A A
Hostel çatışmazlığı turizmin inkişafında ciddi əngələ çevrilir
Müzəffər Ağakərimov: “Hostellər vasitəsi ilə yüksək qazanc əldə etmək mümkündür” Nicat Hacızadə: “Həm regionlarda, həm də paytaxtda hostellərin sayını artırmaq lazımdır”

Azərbaycanda 500-dən çox otel fəaliyyət göstərir ki, bunların da böyük əksəriyyəti çoxulduzlu otellərdi. İki-üç ulduzlu otellər isə çox axdır. Bu isə turizmin inkişafını ləngidən amillərdən hesab edilir. Elə ötən il Prezident səviyyəsində bu məsələyə toxunuldu ki, ölkədə azulduzlu otellərin sayı artırılmalıdır. Bu sahədə daha pis mənzərə isə hostellərin gözə dəyməməsidir. Ölkə ərazisində demək olar ki, çox az sayda hostel fəaliyyət göstərir ki, bunun da böyük əksəriyyəti paytaxtdadır. Regionlarda isə hostelləri kirayə evləri əvəzləyir.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da Bakı və regionlarda hostellərin yaradılmasının tərəfdarıdır: "Hostelləri aztəminatlı insanlar üçün münasib mehmanxana tipi hesab etmək olar. Qiymətləri isə 10-20 manatdan yüksək olmamalıdır. Düzü, hostellərdə əlavə xidmətlər və avadanlıqların məhdudluğu var. Amma gigiyenik normalara riayət etməklə təmiz hostellərdə istirahət mümkündür.

Turistlər də şəxsi evlərdə qalmaqdansa, hostellərə üstünlük verərlər. Bu, onlar üçün təhlükəsizlik baxımından sərfəlidir. Eyni zamanda vergidən yayınmanın qarşısı alınmış olur. Nəzərə alaq ki, hər il ölkəmizə dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Onların da şəxsi evlərdə qalması yaxşı deyil. Dünyanın bütün turizm ölkələrində hostellər fəaliyyət göstərir. Hostellər vasitəsi ilə yüksək qazanc əldə etmək mümkündür. Eləcə də Bakıda hostellərin fəaliyyəti genişlənməlidir. Rayonlardan Bakıya gələn qonaqlar da az deyil. Bakıda otel və mehmanxana baha olduğundan bəzən insanlar kirayə evlərdə qalırlar. Halbuki, daha ucuz otellərdə istirahətlərini təmin etmək mümkündür. Hostellərdə yeməyin sadə olmasına baxmayaraq, insanları təmin edir".

Müzəffər Ağakərimovun fikrincə, Bakı şəhərində ən azı 50-ə yaxın hostel tikilməlidir: "Bunun üçün də sahibkarlara sərfəli şərtlər təklif edilməlidir ki, maraqlı olsunlar: "Hostellər qazancını fəaliyyətindən bir neçə il sonra əldə edir. Hostellərə marağın artması üçün maarifləndirmə işləri aparmalıdırlar. Ölkəmizdə hostel yox səviyyəsindədir. Lakin hostellərin olması həmin ərazilərdə turizmin inkişafına müsbət təsir edə bilər".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nicat Hacızadə bildirdi ki, Azərbaycanda turizmdə otellərin xidmət və qiymət səviyyəsi artıq uzun müddətdir problem olaraq qalıb: "Təbii ki, Azərbaycanda hostellərin sayının artmasına ehtiyac var. Ölkədə ən çox hostel sayı paytaxtda yerləşir. Lakin bu da ölkənin paytaxt ehtiyacını ödəmir. Nəzərə alaq ki, ölkədə yetərincə əhalinin VİP təbəqəsi üçün otellər mövcuddur. Amma nəzər almaq lazımdır ki, xaricdən gələn turistlər ölkəyə pulunun əksər hissəsini xərcləməyə gəlmir. Amma bizim otellər həmin turistlərin digər xərclərinidə əlindən alır və özü mənimsəyir".

Nicat Hacızadə qeyd etdi ki, Cənubi Qafqazda ən az hostel və ən çox otel bizdədir: "Statistikaya görə, çox hostel Gürcüstanın payına düşür. Gürcüstan dövləti hostellər hesabına kifayət qədər gəlir qazana bilir. Bu baxımdan həm regionlarda, həm də paytaxtda hostellərin sayını artırmaq lazımdır".

Sizin Reklam Yeriniz