Əlaqə Arxiv
news Image
2016.06.10
11:00
| A A A
Vergidən yayınmaya qarşı yeni alətin tətbiqinə başlandı

Büdcə daxilolmalarının artırılması, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, Vergilər Nazirliyinin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər olunması məqsədilə Vergilər Nazirliyində bir sıra ciddi tədbirlər həyata keçirilir.

Nazirliyin Mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, onlardan biri də vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti tədbirlərinə nəzarətin elektron qaydada həyata keçirilməsi, vergi potensialının daha dəqiq qiymətləndirilməsi, risklərin müasir idarəetmə alətlərindən istifadə edilməklə idarə olunması exanizmlərinin hazırlanmasıdır.

Vergi ödəyicilərinin risk meyarları üzrə qiymətləndirilməsi və vahid mərkəzdən idarə edilməsi məqsədi ilə Vergilər Nazirliyi tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yeni "Risklərin vahid mərkəzdən idarə edilməsi" alətinin tətbiqinə başlanılıb.

"Risklərin idarə edilməsi" aləti müasir texnologiyalara əsaslanaraq vergidən yayınma hallarını aşkar etməklə onların elektron qaydada idarə olunması, mövcud risklərin daha dəqiq qiymətləndirilməsi və vergi potensialının düzgün dəyərləndirilməsi təmin edir. Həmin alət istər elektron, istərsə də digər vasitələrlə aşkar olunmuş hər bir vergidənyayınma halının dəqiqliklə yoxlanılmasına, onun vergi nəzarəti tədbiri baxımından düzgün qiymətləndirilməsinə və aşkar edilmiş hallar üzrə daha səmərəli vergi nəzarəti tədbirinin seçilməsinə imkan verir.

Bununla da, vergidən yayınan hər bir vergi ödəyicinin vergi nəzarəti tədbirlərindən kənarda qalması hallarının aradan qaldırılması, habelə heç bir risk meyarına əsaslanmayan vergi nəzarəti tədbirlərinin keçirilməsinin qarşısı alınmış olacaqdır.

"Risklərin idarə edilməsi" aləti vasitəsi ilə aşkar edilmiş risk üzrə, hər şeydən əvvəl, onun dürüstlüyü qiymətləndirilməklə, mövcud potensial vergitutma baxımından dəyərləndirilir. Bundan sonra, aşkar edilmiş vergidənyayınma halının növünə uyğun olaraq 3 növ (kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbiri) vergi nəzarəti tədbirindən biri seçilir və onun icrası avtomatik olaraq həmin alət vasitəsi ilə qeydiyyat prinsipi nəzərə alınmaqla müvafiq vergi orqanına həvalə edilir. "Risklərin idarə edilməsi" aləti vasitəsi ilə aşkarlanmış elə risklər mövcud ola bilər ki, vergidənyayınma halının vergi ödəyicisinin ilkin sənədləri əsasında yoxlanılması zərurəti yaransın. Bu halda səyyar vergi yoxlamasının təyin edilməsi məqsədəmüvafiq hesab olunur.

Bundan başqa, həmin alət vasitəsilə hər hansı bir vergi ödəyicisinin dövriyyəsinin biznes ölçüsü və yerləşdiyi məkan nəzərə alınmaqla analoji fəaliyyətlə məşğul olan ödəyici ilə müqayisədə kəskin fərqləndiyi aşkar edilərsə, həmin tip vergidənyayınma halları ilə əlaqədar xronometraj metodu ilə müşahidələr aparıla bilər.

Vergi nəzarəti tədbirlərinin təyin edilməsi "Risklərin idarə edilməsi" aləti vasitəsilə həyata keçirildiyindən həmin yoxlamalara vahid mərkəzdən nəzarət ediləcəkdir. Yerli vergi orqanları tərəfindən müvafiq risk meyarına əsaslanmayan, qiymətləndirmə nəticəsində vergidənyayınma ehtimalı olmayan vergi yoxlamalarının qarşısı tamamilə alınacaqdır.

"Risklərin idarə edilməsi" aləti vergidən yayınan və ya qanunvericiliyin tələblərinə əməl etməyən riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsi üçün səmərəli mexanizm olaraq, təyin ediləcək vergi yoxlamaların tam əsaslandırılmasına, vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə edilməsinə, vergidən yayınan vergi ödəyicilərinin vaxtında aşkar olunmasına imkan verəcəkdir.

Sizin Reklam Yeriniz