Əlaqə Arxiv
news Image
2016.06.15
09:30
| A A A
Sənaye məhəllələri regionların inkişafında yeni mərhələ açır
Vüqar Bayramov: “Sənaye məhəllələrinin yaradılması imkan verəcək ki, regionlar yalnız aqrar məhsullar deyil, həm də sənaye məhsulları ilə də ortaya çıxa bilsin” Yaşar Əsədov: “Bu, hər bir rayonun sənaye potensialının dirçəldilməsinə xidmət edəcək”

Azərbaycan Prezidenti İlham Əliyev Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. Bundan bir qədər əvvəl isə Nefçalada bu tip Sənaye Məhəlləsinin yaradılmasına başlanılıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov düşünür ki, sənaye məhəllələrinin yaradılması yerli istehsalın artması və qiymətlərin tənzimlənməsinə imkan verəcək: "Azərbaycanda Sənaye məhəllələrinin yaradılması prosesinə xeyli müddətdir ki, start verilib. Amma real addımlar bu istiqamətdə ancaq son dövrlər atılır. Sənaye mərhələlərinin daha çox regionlarda yaradılması nəzərdə tutulur. 

Burada başlıca məqsəd regionlarda sənayeləşmənin dəstəklənməsi, sənaye müəssisələrinin formalaşmasına nail olmaqdır. Məlumdur ki, hər bir rayonun özünün spesifik xüsusiyyəti var, sənaye məhəllələri yaradılan zaman da bu spesifik xüsusiyyətlər nəzərə alınmalıdır. Sənaye məhəllələrinin yaradılması regionlarda aqrar sektordan daha çox  sənaye və emal sektoruna keçid kimi qiymətləndirilməlidir. Azərbaycanda təbii ki, aqrar sektorun inkişafı vacibdir. Amma eyni zamanda aqrar sektorun emaledici sektora transfer edilməsi, sənaye müəssisələrinin istehsalının təşviq edilməsinə də ehtiyac var. Sənaye Məhəlləsi də məhz həmin sənaye istehsalını nəzərdə tutan bir layihədir. Onun reallaşması imkan verəcək ki, regionlar yalnız aqrar məhsullar deyil, həm də sənaye məhsulları ilə də ortaya çıxa bilsin. 

Sənaye Məhəlləsi çərçivəsində güzəşt və təşviqedici siyasətinin olması da vacibdir.  Təşviqedici siyasət ona görə vacibdir ki, sahibkarlar Sənaye Məhəllələrində istehsalla məşğul olsunlar. Bu baxımdan dövlət tərəfindən bu məhəllələr çərçivəsində konkret olaraq iş adamlarına güzəştlərin tətbiqi nəzərdə tutulur. Güman olunur ki, 2016-cı ilin növbəti dövründə və 2017-ci ildə ölkənin digər rayonlarında da sənaye məhəllələrinin yaradılması prosesi davam edəcək. Onlara münasibətdə vergi güzəştləri edilməlidir. Birbaşa olaraq subsidiyaların verilməsi vacibdir.  Dolayı güzəştlərin olması da vacibdir ki, sahibkarlar sənaye məhəllələrindən faydalana bilsin. Belə müəssisələr əsasən də rayonlarda yaradılmalıdır. Gəncə ətrafında da sənaye məhəlləsinin yaradılması tərəfdarıyıq. Habelə cənub bölgəsi və Aran rayonlarında da olmalıdır. 

Ümumiyyətlə, nəzərdə tutulur ki, əksər rayonlarda bu tip məhəllələr yaradılsın. İndiki mərhələdə isə bazar baxımından Gəncə və Bakıya yaxın ərazidə onun formalaşdırılmasına ehtiyac var ki, həmin məhsulların bazara çıxış imkanları reallaşsın. Sənaye məhəllələrinin yaradılmasında başlıca məqsəd daxili bazara daha çox məhsul çıxarılmasına nail olmaqdır ki, bu da öz növbəsində imkan verəcək ki, qiymətləri tənzimləmək mümkün olsun və bazara daha ucuz məhsullar çıxsın. Onun yaradılması həm də yerli istehsalın artırılması baxımından vacibdir". 

İqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, Sənaye məhəllələrinin yaradılması yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir: "Sənaye məhəllələrinin yaradılması gözəl ideyadır.  Sovet dönəmində hər bir rayonun özünəməxsus sənaye istiqaməti var idi. Məsələn, cənub zonasında bu əsasən çay tədarükü, istehsalı, erkən tərəvəz məhsullarının konservləşdirilməsindən ibarət idi. Digər rayonlarda da müəyyən yönümlü bu tip istehsalatlar yaradılmışdı. Amma sonradan sənaye potensialı itirildi. Proses indi sənaye məhəllələri formasında bərpa olunursa, ona müsbət yanaşmaq lazımdır. Həmin addım hər bir rayonun sənaye potensialının dirçəldilməsinə xidmət edəcək. İkincisi, əhali işlə təmin olunacaq, onun gəliri artacaq, güzəranı yaxşılaşacaq. Bütövlükdə isə işgüzar fəallıq yüksələcək".


Sizin Reklam Yeriniz