Əlaqə Arxiv
news Image
2016.06.17
07:04
| A A A
Dolların manata təsiri azalır
Natiq Cəfərli: “Dolların FES-in son qərarından sonra Azərbaycan manatına təsirləri isə ətraf ölkələrdə gedən proseslər və neftin dünya bazarındakı qiymətindən asılı olacaq” Vahid Əhmədov: “Uçot dərəcəsi dəyişməyibsə, deməli, onun manata təsiri də ola bilər, müəyyən qədər azalsın”

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini dəyişməz olaraq saxladı. Əslində, bu gözlənilən idi. Belə ki, uçot dərəcəsinə dəyişiklik ediləcəyilə bağlı hər hansı bir proqnozlar ortalıqda yox idi. Qeyd edək ki, sonuncu dəfə FES uçot dərəcəsini keçən ilin dekabrında dəyişib, həmin zamandan bu günə qədər proses dəyişməz olaraq saxlanılmaqdadır. Belədə, hazırda uçot dərəcəsi 0,25-0,5% səviyyəsində qalır.Bəs, belə vəziyyət dollar-avro və dollarla manatın kursuna nə vəd edir?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, indi dolların avroya nisbətdə bir qədər möhkəmləndiyi müşahidə olunur, amma bu hal özünü elə də kəskin şəkildə göstərmir: "Əslində FES-in uçot dərəcəsini dəyişməz olaraq saxlaması qərarından sonra verilən açıqlama və rəsmi press-reliz onu göstərdi ki, qurum cari ildə az bir dəfə uçot dərəcəsinin faizini artırmağı düşünür. Hətta FES-in 6 üzvü faizi az iki dəfə artıra biləcəkləri fikrini də səsləndirib. Ona görə də

birjalar FES-in son qərarına o qədər də kəskin reaksiya vermədilər. Hətta bir qədər dolların avroya nisbətdə möhkəmlənməsini də müşahidə edirik. Amma bu möhkəmlənmə kəskin olmayacaq. Faiz bu dəfə artmadı deyə müəyyən bir pauza yaranacaq. Dolların möhkəmlənməsi və digər valyutalar qarşısında dəyər qazanmasının FES-in növbəti toplantısından sonra həyata keçəcəyi ehtimalı daha böyükdür. Təbii ki, rəsmi açıqlamalar və faizin artırılma ehtimalının bu il ərzində yüksək olması fonunda FES-in iyulun 26-na olan toplantısına qədər dolların avroya qarşı məzənnəsi özünü indiki səviyyəyə yaxın bir səviyyədə saxlayacaq. Görünən odur ki, avronun aşağı koridoru 1 dollar11 sent, yuxarı koridor isə 1 dollar 13 sent arasında var-gəl edəcək."

Həmsöhbətimiz qeyd etdi ki, dolların FES-in son qərarından sonra Azərbaycan manatına təsirləri isə ətraf ölkələrdə gedən proseslər və neftin dünya bazarındakı qiymətindən asılı olacaq: "Bizimlə ən çox ticarət edən tərəfdaşların milli valyutalarında ucuzlaşma sürətlənəcəksə, bu, təbii ki, manata da təsir göstərəcək. Dolların möhkəmlənməsi neft qiymətlərinə də təsir edir. Artıq neftin qiymətinin yenidən azaldığını görürük. Bu, həm də dolların möhkəmlənməsilə bağlıdır. Son günlər neftin qiyməti 53-dən 48 dollaradək enib. Bu iki amil təbii ki, Azərbaycan manatına da təsir göstərəcək. Amma kəskin devalvasiyanın ola biləcəyi ehtimalı çox aşağıdır. Azərbaycan hökuməti, Mərkəzi Bankı da anladı ki, kəskin devalvasiyalar ölkə iqtisadiyyatına böyük ziyan vurur, bank sektorunu şok vəziyyətə salır. Ona görə də düşünmürəm ki, yenidən ölkədə kəskin devalvasiya olacaq. Amma bununla belə manatın yumşaq şəkildə dollara nisbətdə zəifləməsi prosesini müşahidə edə bilərik və artıq bu proses də görünür. Dolların manata nisbətdə məzənnəsi 1,49 enmişdisə, yenidən 1,52 səviyyəsinə qədər qalxdı. Yəni 3 qəpiklik artım müşahidə etmişik. Bu tendensiyanın zəif addımlarla da olsa, davam edəcəyi ehtimalı isə yüksəkdir".

Milli Məclisin deputatı Vahid Əhmədov indiki situasiyada FES-in qərarının dollarla avro və dollarla manatın kursuna ciddi təsir edəcəyi qənaətində deyil: "FES əslində, uçot dərəcəsinin dəyişməsi prosesini müəyən müddətə qədər təxirə saldı. Qarşıda 6 ay var, yəqin ki, bu müddətə qədər uçot dərəcəsində FES hər hansı bir dəyişiklik edəcək. İyulun 26-da qurumun növbəti iclasında ola bilsin, bu dəyişmə baş versin, hər halda dəyişiklik mütləq baş verəcək, uçot dərəcəsi artan xətt üzrə gedəcək. Uçot dərəcəsinin beləcə dəyişməsi bütün valyutalara, o cümlədən Azərbaycan manatına da müəyyən qədər təsir edir.

İndi uçot dərəcəsi dəyişməyibsə, deməli, manata təsiri də ola bilər, müəyyən qədər azalsın. Lakin manata təsir edən digər məqamlar, ixrac-idxal əməliyyatları, neftin qiyməti kimi amillər var. İdxal ixracı üstələsə, neftin qiyməti düşərsə, bu, manata mənfi mənada təsir edəcək. Mərkəzi Bank da bu fonda yumşaq devalvasiya sistemindən istifadə edir ki, bu, daha doğru addımdır. Yəni, manat gec-tez bazarda öz real qiymətini almalıdır. Ona görə də yumşaq devalvasiyaya start verilməlidir ki, insanlar daha çox ziyan çəkməsinlər. Həmçinin ixrac deyil, idxalın artması da manata öz təsirlərini davam etdirəcək. Neftin qiyməti 52 dollara qalxsa da, indi 48-ə enib. Manatla əlaqədar yaranmış vəziyyətdə müəyyən qədər ehtiyatlı hərəkət, bank sistemində olan problemin həll olunub axıra çatdırılması da milli valyuta olan manata təsir edir".

Sizin Reklam Yeriniz