news Image
2016.06.17
09:30
| A A A
Dollarlaşan əmanətlər
Vüqar Bayramov: “Daha məqsədəuyğun olardı ki, dollarlaşmanın azadılması üçün əmanət faizlərinin azadılması ilə yanaşı, indeksasiya mexanizmi tətbiq olunsun” İldırım Qurbanov: “Milli valyutaya inam üçün dövlət tərəfindən kifayət qədər tədbirlər görülüb və görülməkdədir”

Azərbaycanda əhalinin əmanətlərinin strukturuna görə dollarlaşma dərəcəsi may ayının 1-nə 81,7% təşkil edib. Keçən ay bu göstərici 80,8% olub. İlin əvvəli əmanətlərdə dollarlaşma 85%, keçən ilin analoji dövründə isə 70,9% təşkil edib. Mütəxəssislər hesab edirlər ki, əmanətlərin strukturunda dollarlaşma dərəcəsinin keçən ilin analoji dövrü ilə müqayisədə artmasında devalvasiya xüsusi rol oynayıb. Eyni zamanda əmanətlərin dollarlaşması manata təzyiqləri artırır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, ikinci devalvasiyada sonra dollarlaşma müşahidə edilməkdədir: "Baxmayaraq ki, manatla olan əmanətlərə daha çox ödəniş var. Amma vətəndaşlar pullarını dollarda saxlamağa üstünlük verirlər. Bu, hələlik manata inamın bərpa edilməməsi ilə bağlıdır. Manata inam bərpa edilmədiyi üçün vətəndaşlar pullarını xarici valyutada saxlamaqda maraqlıdırlar. Bu, vətəndaşların valyuta məzənnəsindəki riskləri sığortalamaq cəhdidir.

Əslində, əmanət faizləri ilə dollarlaşmanın azaldılacağı inandırıcı görünmür. Ona görə də daha məqsədəuyğun olardı ki, dollarlaşmanın azadılması üçün əmanət faizlərinin azadılması ilə yanaşı, indeksasiya mexanizmi tətbiq olunsun. İndeksasiya mexanizmi tətbiq olunarsa, vətəndaşlar əmanətlərini manatla saxlayacaqlar. İndiki məqamda Mərkzəi Bank tərəfindən dollarlaşmanın qarşısını alacaq yeganə addım indeksasiyadır. Amma indekasiya tətbiq olunmayacağı halda yenə də vətəndaşlar öz pullarını dollarda saxlamağa üstünlük verəcəklər".

İqtisadçı qeyd etdi ki, dollarlaşma ölkə iqtisadiyyatına təhdid yaradır: "Dollarlaşma dollara tələbi artırır. Bu, o deməkdir ki, vətəndaş əldə etdiyi pulu qısa zaman ərzində dollara çevirməyıə çalışacaq. Yəni, dollara tələb artır. Buna görə də manata təzyiqi artmış olur. Odur ki, indeksasiya mexanizmi dollara tələbin azalması baxımından əhəmiyətli hesab olunur".

Digər iqtisadçı-ekspert İldırım Qurbanov bildirdi ki, Prezidentin 19 yanvar 2016-cı il tarixdə imzaladağı və 1 mart 2016-cı il tarixdən qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Qanuna əsasən, 1 mart 2019-cu ilə qədər banklarda yerləşdirilmiş bütün əmanətlər əvvəl müəyyən edilən 30 minədək limit ləğv edilməklə, məbləğindən asılı olmayaraq, tamamilə sığortalanır: "Dollar üzrə sığortalanan faiz həddi isə 3%-ə endirilməklə manata görə 12%-də saxlanması xarici valyuta ilə əmanət yerləşdirilməsini əvvəlkindən daha artıq səviyyədə etibarlılıq əldə etməsinə rəğmən səmərəsiz, manatla isə cəlbedici etdi. Bu addım banklara dövlətin ən böyük dəstəyi oldu. Məqsəd isə əmanətlərin milli valyutada cəlb olunmasıdır. Vətəndaşların milli valyutaya inamı azaldığından yenə də xarici valyutaya üstünlük verir. Hesab edirəm ki, bu vəziyyət sabitləşəcək. Milli valyutaya inam bərpa olunacaq. Dövlət tərəfindən bunun üçün kifayət qədər tədbirlər görülüb və görülməkdədir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs