Əlaqə Arxiv
news Image
2016.06.17
09:45
| A A A
Quş əti xeyli ucuzlaşa bilər, əgər…
Çingiz Fərəcov: “Respublikada quş yemi istehsal edən zavod istifadəyə verilməli və bu yemdə olan komponentlər daxildə istehsal olunmalıdır”

Azərbaycan əhalisi daha çox həcmdə quş əti istehlak edir. Amma ölkənin quşçuluq sektoru hələ də müəyyən qədər idxaldan asılı vəziyyətdədir. Ölkədə quş ətinə olan təlabatın bir hissəsi xaricdən gətirilən məhsulların hesabına ödənilir. Bundan başqa ölkədə ildə damazlıq yumurtaya olan təlabat 100 milyon ədəd təşkil edir. Bunun 60 milyonu quşçuluq təsərrüfatlarında istehsal olunur. Qalan 40 milyonu isə qonşu ölkələrdən gətirilir. Azərbaycanda damazlıq yumurta istehsal edən cəmi 4 müəsisə fəaliyyət göstərir. Mütəxəsislər deyir ki, əlavə investisiya cəlb etməklə istehsalı genişləndirmək və yaxud da yeni müəsisələr açmaq olar. Bununla da idxaldan asılılıq aradan qalxacaq. Quşçuluq sahəsində digər problemlər də var. Yem komponentlərinin 80 faizi , baytarlıq preparatlarının isə hamısı xaricdən idxal olunur.

Əməkdar kənd təsərrüfatı işçisi Çingzi Fərəcovun fikrincə, sözügedən sahədə idxaldan asılılığa son qoymaq üçün daxildə istehsal olunan məhsulların maya dəyərinin aşağı salınmasına nail olmaq lazımdır. Bunun üçün də ekspertə görə, ölkə daxilində quş yemi və dərman istehsal edən müəssisələr yaradılmalıdır: "Quş əti digər ət növlərinə nisbətən tez və ucuz başa gələn ət növüdür. Respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında ən baçlıca rolu oynayan komponentlərdən biri ət və ət məhsullarıdır. Azərbaycan əhalisi də öz rasionunda əsasən quş ətindən istifadə edir.

Keçən il ölkədə 98 min ton quş əti istehsal edilmişdi. Belədə artıq quş ətilə təminat artıq 95 faizi keçib. Lakin quş əti ölkə daxilində baha başa gəlir. Mağazalarda quş ətinin kiloqramı 3.50-3.80 qəpik arasındadır. Xarici ölkələrdə isə bu ətin kiloqramı Azərbaycan manatına çevirəndə 1.50-2.00 manat arasında dəyişir. Bu hal ona görə baş verir ki, Azərbaycanda quş ətinə çəkilən xərclərin 70 faizini yemlər təşkil edir. Azərbaycanda da buğda, arpa, qarğıdalıdan başqa, yerdə qalan quş yemləri tamamilə xaricdən gətirilir. Soya, mineral maddələr, qarğıdalının bir hissəsi idxal olunur. Çünki daxildə istehsal olunan qarğıdalı quş yemi üçün tələb olunan komponentlərin 50 faizini verir. Ona görə də biz çalışmalıyıq ki, həmin yemləri ölkə daxilində istehsal etməklə idxalın qarşısını ala bilək. Bunun üçün də respublikada quş yemi istehsal edən zavod istifadəyə verilməli və bu yemdə olan komponentlər daxildə istehsal olunmalıdır. Əks halda bu məsələdə hələ uzun müddət xaricdən asılı vəziyyətdə qalacağıq.

Azərbaycanda hazırda heç bir dərman istehsal olunmur. Quş xəstəliklərinə qarşı aparılan bütün profilaktik və müalicəvi dərmanların hamısı xarici ölkələrdən gətirilir. Belə vəziyyətdə də quş ətinin maya dəyəri qalxır. Bu dərmanlar və kifayət qədər soya, mineral maddələr, vitaminlər ölkə daxilində istehsal edilərsə quş ətinin maya dəyəri təxminən 50 faizə qədər aşağı düşə bilər. Belədə aztəminatlı ailələrin quş ətilə təmin olunması istiqamətində mühüm addım atılmış olar. Məhz quş ətindən ən çox istifadə edənlər yoxsul ailələrdir. Dünyanın əksər ölkələrində bu səbəbdən də istehsal olunan ətin 45-50 faizi məhz quş ətinin hesabına təmin olunur. Mal əti ən azından 1-2 yaşında 250-300 kq-a gəlib çatır. Bunun üçün də xeyli vaxt itirilir. Amma quş əti 30-32 günə 1-1,5 kq-ya çatır. Deməli, quş əti tez yetişir. Ona görə də quşçuluq təsərrüfatına həmişə geniş şərait yaradılmalıdır ki, daxili tələbatı yerli məhsul və ona lazım olan komponentlər vasitəsilə tam təmin edə bilək. Quş yemini İran və Türkiyədən gətiririk. Daxildə quş yemi istehsal edən zavod tikilsə və quş yeminin tərkibində olan komponentlərin istehsalı üçün şərait yaradılsa, torpaq ayrılsa, məhz daxili imkanlar hesabına quş yeminin istehsalını həyata keçirə bilərik. Ona görə də bu sahəyə ciddi diqqət ayrılmalıdır ki, idxaldan xilas ola bilək".

Sizin Reklam Yeriniz