news Image
2016.06.18
09:15
| A A A
Banklarda bitməyən ayrı-seçkilik
Cümşüd Nuriyev: “Bankların fəaliyyətində insan faktoru əsas rol oynamadığından, bəzi kateqoriyadan olan insanlara kredit vermə məsələsində belə ayrı-seçkilik davam edir” Rəşad Həsənov: “Yeni qaydalarda gəlir səviyyəsi nəzərə alındığından, həmin səviyyədən aşağı gəliri olan bəzi kateqoriyalı insanlara banklar kredit vermir”

Hələ də Azərbaycanda bəzi banklar var ki, müştəriyə kredit verərkən ayrı-seçkiliyə yol verirlər. Məsələn, bir sıra banklar yaş həddi qoyur. Onlar yaşlı, təqaüdçü insanlara kredit verməkdən yayınırlar. Eyni zamanda, media işçiləri, tələbələr də bu mənada bəzi bankların "qara siyahı"sında yer alıblar.

İqtisadçı-ekspert Cümşüd Nuriyevin fikrincə, kommersiya bankları öz fəaliyyətlərində insan amilinə deyil, pul qazanmağa daha çox dəyər verdiklərindən kredit verilmə prosesində belə ayrı-seçkilik halları da baş verir: "Proses ondan xəbər verir ki, Azərbaycanda əksər kommersiya bankları banklar haqqında qanuna uyğun olaraq fəaliyyət göstərməkdən yayınırlar. Bəzi kateqoriyadan olan insanlara onların kredit verməkdən imtina etməsinin arxasında da əsasən məhz bu amil dayanır.

Hazırda Maliyyə Nəzarəti Palatası yaradılıb. Ona görə də bankların bu ayrı-seçkiliyi barədə onlar ölçü götürməlidir. Ümumilikdə, Azərbaycanın bank sektorunun müəyyən təmsilçiləri belə götürsək, ancaq bir məqsədə, əhalini soymağa xidmət edir. Sahibkarları aldadırlar, adi istehlak krediti verərkən də aldadırlar. Onlar yaşlılara, tələbə və jurnalistlərə ona görə kredit vermir ki, bu kateqoriyadan olan insanların aldığı maaş və təqaüdlər haqqında da məlumatları var və onların vəziyyətinin yaxşılaşması bankların marağı dairəsində deyil. Çünki banklar dövlətə deyil, ancaq özləri üçün işləyir. Normal düşüncələri olsaydı, əslində, onlar dövlət siyasətinə xidmət edərdilər. Kredit götürərək öz sosial şəraitini yaxşılaşdırmağa çalışan insanlara banklar əslində, yardım əlini uzatmalıdır. Banklar Mərkəzi Bankdan 4-5 faizlə kredit götürüb onu 10 dəfəyə qədər artırmaqla müştəriyə təklif edəndə vəziyyət də belə olmalı idi. Belə görünür, kredit verərkən ayrı-seçkiliyə yol verməmələi üçün banklara qarşı məcburetmə siyasəti aparılmalıdır. Bankları hazırda qısa zamanda daha çox gəlir götürmək maraqlandırır. Ona görə də bəzi kateqoriyadan olan insanlara kredit verməkdə maraqlı olmurlar. Habelə bankların fəaliyyətində insan faktoru önəmli yer tutmadığından belə vəziyyətlə rastlaşmaqda davam edirik".

İqtisadçı-ekspert Rəşad Həsənov qeyd etdi ki, yeni qaydalarda gəlir səviyyəsi əsas götürüldüyündən banklar da ona müvafiq olaraq maaşları və təqaüdləri az olan kateqoriyalı insanlara kredit vermirlər: "Faktiki olaraq, təqaüdçülərin, tələbə və media nümayəndələrinin gəlirləri yeni qaydalarla kredit götürmə imkanlarını məhdudlaşdırır. Çünki yeni qaydalarda əsasən, gəlir səviyyəsi nəzərə alınır. Bu baxımdan da qeyd olunan kateqoriyadan olan insanların böyük bir qismi orta hesabla az gəlirli qrupa daxil olan insanlardır. Onların krediti qaytarma qabiliyyəti zəif qiymətləndirilir.

Eyni zamanda, indilikdə banklar kredit verməkdən çəkinirlər. İstehlak kreditlərinin verilməsilə bağlı da müəyyən məhdudiyyətlər qoyulub. Başqa bir tərəfdən bankların problemli kreditləri də sürətlə artır. Artdığı üçün də hazırda banklar kreditləşməyə ehtiyatla yanaşır. Bu kimi səbəblərdən də sözügedən sosial qrupların kredit götürmə imkanları məhdudlaşıb. Ona görə də bu məsələyə ayrı-seçkilik yaradılması kimi deyil, daha çox bu qrup insanların az gəlirli olması prizmasından yanaşmalıyıq. Bəhs etdiyimiz bu qrupa daxil olan insanların hansısa birinin gəlirləri, kredit öhdəlikləri bankların qoyduğu şərtlərə cavab verirsə, bu zaman onarın da kredit götürməsində hansısa problemin yaşanacağını düşünmürəm. Ümumiyyətlə, indi banklar kredit verməkdə maraqlı görünmürlər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs