Əlaqə Arxiv
news Image
2016.06.22
09:00
| A A A
Əlverişsiz hava aqrar məhsulların qiymətini artırır
Çingiz Fərəcov: “Yerli istehsalın azalması aqrar məhsulların qiymətinin baha olmasına gətirib çıxarıb”

Bu il Azərbaycanda həm alıcılar, həm də satıcılar aqrar məhsulların qiymətinin baha olmasından şikayətlənirlər. Cari mövsümdə kənd təsərrüfatı məhsullarının qiyməti ötən illərin anoloji dövrü ilə müqayisədə bahadır.

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcovun fikrincə, cari ildə kənd təsərrüfatı məhsullarının qiymətinin baha olması həmin məhsullar üzrə yerli istehsalın azalması ilə bağlıdır: "Bu il Azərbaycanda aqrar sahə məhsullarının istehsalı xeyli dərəcədə azalıb. Meyvə, pomidor və xiyar satışı həddən artıq azalıb. Hətta bazarlarda xiyar məhsulu tapmaq müşkülə çevrilib. Yağan yağışların çox olması və "fuzaryoz" xəstəliyinin geniş yayılması nəticəsində xeyli tərəvəz sahəsi tamamilə məhv olub.

İstirahət günü "Yaşıl bazar"la "Təzə bazar"a baş çəkdim. O boyda "Yaşıl bazar"da ancaq bir yerdə xiyar satılmasının şahidi oldum. Burada da xiyarın qiyməti 2 manata idi. "Təzə bazar"da isə xiyar satılmasına rast gəlmədim. Bu da dediyim kimi bütün sahələrin məhv olmasından qaynaqlanır. "Yaşıl bazar"da 6 yerdə pomidor satırdılar. Onun da qiyməti 1.80-2.40 manat arasında idi. Keçən il bu vaxtı pomidorun kilosu ölkədə 60-80 qəpik arasında cərəyan edirdi.

Bu yaxınlarda Sabirabad, Astara və Lənkəranda oldum. Burada tərəvəz məhsullarının yetişdirilməsilə məşğul olanlara demək olar ki, rast gəlmədim. Belədə görürük ki, bu il sahələrdən alınan məhsuldarlıq çox aşağı düşüb. Ona görə də tərəvəz məhsulları ümumən yox dərəcəsindədir və bu əsasda da baha başa gəlir. Yaranmış vəziyyət tərəvəz əkini ilə məşğul olanların azalması ilə bağlıdır. Əkilən yerlərdə də məhsul çox aşağıdır. Belə vəziyyət də sonda gətirib tərəvəzlə meyvənin qiymətinin baha olmasına rəvac verib. Prosesin tənzimlənməsi üçün xarici ölkələrdən Azərbaycana ucuz qiymətə meyvə və tərəvəz gətirilməli, xalqın tələbatı ödənilməlidir. Dövlət Statistika Komitəsi də vəziyyət barədə real məlumatı verməlidir".

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov qeyd etdi ki, daxili istehsalın az olması fonunda kənd təsərrüfatı məhsullarının da qiyməti baha başa gəlir: "Aqrar sahə məhsullarının qiyməti dünya bazarında mövcud olan qiymət konyukturasından xeyli yüksəkdir. Xüsusən də ət, süd, kərə yağı, pendir, bitki yağları, meyvə tərəvəz, kartofun qiyməti bahalaşıb. Kartofun qiyməti digər qonşu ölkələrdə manatla 25-30 qəpik olduğu halda, ölkəmizdə bir qədər yüksəkdir.

Son zamanlar xaricdən ölkəmizə mal-məhsul gətirmək istəyən adi sahibkarlar da zərərə məruz qalıb. Onların gətirdiyi məhsullarda hansısa zərərverici, xəstəlik törədicisi aşkarlayıblar. Daxili istehsalın az olması bazarda qiymətin yüksək olmasını şərtləndirən amillərədn biridir".

Sizin Reklam Yeriniz