news Image
2016.06.22
10:15
| A A A
Azərbaycan tranzit yükdaşımalardan daha çox gəlir əldə edəcək
Fikrət Yusifov: “Yüklərin Azərbaycan üzərindən daşınması bizə yeni valyuta gəlirləri gətirəcək” Ruslan Atakişiyev: “Azərbaycanın tranzit ölkə kimi mövqeyinin möhkəmlənməsində böyük imkanlar yaranır”

PKK terror təşkilatı Türkiyənin şərqində İrana məxsus TIR-lara növbəti dəfə hücum təşkil etməsindən sonra rəsmi Tehran qonşu ölkəyə alternativ yol axtarır. İran Quru Yolları Tranzit və Sərhəd keçid məntəqəsinin baş direktoru Məhəmməd Cavad Atrçianın sözlərinə görə, Türkiyə İrana məxsus yük avtomobillərinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Avropa istiqamətində alternativ yollardan söz açan baş direktor qeyd edib ki, yük daşıyıcıları Azərbaycan üzərindən keçməklə, Qara dəniz hövzəsində yerləşən Gürcüstan və Bolqarıstana, oradan isə Avropaya çıxış əldə edə bilər: "Bu, daha uzun, lakin təhlükəsiz marşrutdur. Sürücülərimizin təhlükəsizliyi isə bizim üçün daha önəmlidir".

Mütəxəssislərin fikrincə, bu amil ölkəmizin traznit əhəmiyyətini artıracaq. Eyni zamanda gəlirlərimiz baxımından da müsbət dəyərləndirilir. Sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirir ki, ümumiyyətlə, Azərbaycanın coğrafi mövqeyi bütün istiqamətlərdə yükdaşımalar üçün əlverişlidir: "Bu gün haqqında danışdığımız yüklərin Azərbaycan üzərindən daşınması ilə bağlı İran rəsmilərinin təşəbbüsü isə ölkəmizdə mövcud sabitliyə verilən dəyərdir. Bu gün Azərbaycan ictimai – siyasi sabitlik baxımından dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib və bunu bütün dünya etiraf edir. Yaxın Şərqdə gedən qanlı toqquşmalar, dünyanın hər yerində mütəmadi baş verən terror hadisələri fonunda Azərbaycandakı sabitlik qonşu dövlətlər tərəfindən də yüksək qiymətləndirilir.

Bu sabitlik öz-özünə yaranmayıb. Sabitliyin qarantı ölkə Prezidenti cənab İlham Əliyevdir. Biz bu gün tranzit yükdaşımaların bir epizodundan söhbət edirik. Heç kim şübhə etməsin ki, tranzit yükdaşımalar sahəsində ölkəmizin potensial imkanları indi reallaşdıra bildiyimizdən qat-qat yüksəkdir. Bu sahənin inkişafı üçün Prezidentin müəyyən etdiyi strategiya yaxın 10 ilə qədər vaxt ərzində bizə neftin satışından əldə etdiyimiz valyuta gəlirlərindən artıq valyuta axını təmin edə biləcək. Tranzit yükü Azərbaycan üzərindən daşımaq istəyən tərəfə nə lazımdır? Yükdaşımaların tarifləri sərf edən olsun, yüklər vaxtında təyinat yerinə çatdırılsın və bu zaman həmən yüklərin təhlükəsizliyi təmin edilsin. Bu üç komponentdən biri olmayanda artıq yükdaşıyan tərəf yeni marşrutlar axtarışına çıxır. İran yüklərinin avtomobillər vasitəsilə Türkiyə üzərindən Avropaya daşınmasında PKK terrorçularının yaratdıqları əngəllər təbii ki, İran rəsmlərini alternativ yollar axtarmağa vadar edib. Onlar bu məsələdə ən məqbul olan variantı – Azərbaycanı seçiblər. Qərbin İran üzərindən sanksiyaları götürməklə bağlı qərarından sonra, İranla Avropa ölkələri arasında ticarət əlaqələri getdikcə genişlənir. Bu isə o deməkdir ki, İranla Avropa ölkələri arasında tranzit yükdaşımalarının da həcmi getdikcə artacaqdır. Bu yüklərin Azərbaycan üzərindən daşınması isə bizə yeni valyuta gəlirləri gətirəcək".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də vurğuladı ki, ümumiyyətlə, son dövrlər Azərbaycanın tranzit ölkəyə çevrilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir: "Bununla bağlı infrastruktur da yenilənməkdədir. Ələtdə böyük bir daşıma limanının, Şimal-Cənub dərmiryolu dəhlizinin qurulmasını misal göstərə bilərik. Eyni zamanda ölkə başçısının verdiyi fərman əsasında Astaraçayın üzərində körpü tikilərək İran dəmiryolu şəbəkəsi ilə birləşdirilib. Bunlar Azərbaycanın tranzit ölkəsi kimi əhəmiyyətini artırır.

Nəzərə alaq ki, Avropa ölkələri İran üzərindən sanksiyaları götürüb. Onların İran ilə iqtisadi əlaqələrinin genişlənməsi fonunda idxal-ixrac əməliyyatlarının Azərbaycan üzərindən həyata keçirilmə ehtimalları genişlənib. Bütün bunlar Azərbaycanın tranzit ölkə kimi mövqeyinin möhkəmlənməsində, beynəlxalq yükdaşımalarda gəlirlərin əldə olunması baxımından böyük imkanlar yaradır. Eyni zamanda İpək Yolu fəaliyyət göstərir. Bu çərçivədə İran məhsullarının Azərbayan üzərindən daşınması ölkəmizin gəlirlərinə müsbət təsir göstərəcək. Həmçinin bu yol üzərində xidmət sahələrinin gəlirlərinin formalaşmasında əhəmiyyət daşıyacaq".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs