news Image
2016.06.23
09:15
| A A A
Banklar dollara tələbi artırır
Cümşüd Nuriyev: “Banklar istədikləri şəkildə fəaliyyət göstərirlər” Natiq Cəfərli: “Hərraca çıxarılan bütün vəsaitlər tamamilə satılır və onu da banklar alır”

Ölkədə fəaliyyət göstərən bankların dollara təlabatının artdığı son hərraclardan da görünməkdədir. Dövlət Neft Fondunun hərraclara təklif etdiyi vəsait tamamilə banklar tərəfindən alınır. Dollara olan ehtiyacı ödəmək üçün, bir sıra banklar tərəfindən alış məzənnəsinin qaldırıldığı iddia olunur. "Marja"ya adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, artıq bir sıra banklar Mərkəzi Bankın 4%-lik marja tələbini pozaraq dolları daha yüksək məzənnə ilə alırlar: "Saytında doların alış qiymətini 1.4900 göstərən bank, filialında dolları 1.53 manatdan alır".

İqtisadçı-ekspert Cümşüd Nuriyev kommersiya banklarının dollara münasibətdə sözügedən addıma getmələrini qanunsuzluq saydı: "Banklar öz istədikləri şəkildə fəaliyyət göstərirlər. Nə Mərkəzi Bankın qoyduğu kursa ciddi rəayət olunur, nə də ölkəqə qəbul olunmuş kredit siyasətinə ciddi əməl edilir. Ən pisi də odur ki, hazırkı durumla daha çox gəlir götürməyə çalışan qurumlar da məhz kommersiya banklarıdır. Hətta depoziti olanlar pulunu bankdan çəkəndə ondan iki faiz kommisyon haqqı götürürlər. Yəni banklar elə addımlara gedir ki, depoziti olanlara ziyan gəlsin, özü isə hər bir halda qazanc əldə etsin. Necə olur ki, ölkədə yüksək, 30-40 faizlə kredit verir, amma depoziti 5-10 faizlə qəbul edirlər? Niyə bu istiqamətdə müvafiq qurumların qoyduğu qaydalara əməl olunmur? Bütün hallarda bankların dolları rəsmi müəyyən edilmiş kursdan baha alması onun göstəricisidir ki, maliyyə bazarında çatışmazlıq var. Burada da məqsəd ancaq şəxsi gəlirlərini daha da artırmaqdan ibarətdir".

İqtisadçı-ekspert Natiq Cəfərli isə kommersiya banklarının bu hərəkətini dollara tələbatın artması ilə əlaqələndirdi: "Əslində, Mərkəzi Bankın dolların məzənnəsi istiqamətində banklar üçün qoyduğu bir dəhliz var ki, bu da 4 faizlik koridorun olmasından ibarətdir. Bu fonda düşünmürəm ki, hər hansı bir bank həmin 4 faizlik koridoru özünə ziyan olan şəkildə aşsın. Sadəcə, banklar bir az əvvəl dolları rəsmi məzənnədən bir qədər aşağı faizlə almağa cəhd göstərdilər. İndi isə ya rəsmi məzənnəyə uyğun, ya da bir qədər üstün faizlə almağa meyllidirlər.

Bu gün dolların rəsmi məzənnəsi 1,53 manata çatıb, hətta bəzi yerlərdə banklar 1,54-lə almağa çalışırlar. Bu da onu göstərir ki, dollara tələbat artıb. Son zamanlar Neft Fondunun hərraca çıxardığı 50 milyon dollarlıq vəsaitin hamısı banklar tərəfindən alınıb. Cəmi 2 ay öncə isə çıxarılan valyutanın böyük bir hissəsi banklar tərəfindən alınmırdı. Nəticədə Mərkəzi Bank prosesə müdaxilə edərək onu özü alırdı. İndi isə görünən odur ki, tələbat xeyli dərəcədə yuxarıdır. Hərraca çıxarılan bütün vəsaitlər tamamilə satılır və onu da banklar alır. Dünyada həmçinin gözləntilər də artıb. Dünyada dolların məzənnəsi yenidən bahalaşma tendensiyasına daxil olacaq. Çox güman ki, bizim banklar da indidən buna hazırlıq prosesinə başlayıb".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs