Əlaqə Arxiv
news Image
2016.06.24
09:15
| A A A
Dolların bahalaşması sona çatır
Rəşad Həsənov: “Manatın yalnız qısamüddətli möhkəmlənməsi prosesi baş verə bilər” Afiq Ağaquliyev: “Sentyabr ayına qədər dolların ucuzlaşması prosesi baş verəcək”

ABŞ dolları əksər ölkələrdə ucuzlaşır. Hazırda Rusiya rublu dollara nisbətdə son iki ildəki ən yuxarı həddinə çatıb. Dolların ucuzlaşması qonşu Türkiyədə də davam edir. Mütəxəssislərin fikrincə, oxşar proses qısamüddətli olsa belə ölkəmizdə də yaşana bilər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, Azərbaycanda Türkiyə və Rusiyada olduğu kimi valyutanın məzənnəsi tam sərbəst bazar şəraitində formalaşmır: "Üzən məzənnə rejiminə keçid elan olunsa da, faktiki olaraq, Azərbaycandakı vəziyyət fərqlidir. Həm administrativ resurslarla prosesə müdaxilə, həm də proseslərin istiqaməti diqqəti cəlb edir. Dünyada bazarlarında dollar öz dəyərini itirdiyi vaxtı Azərbaycanda möhkəmlənir. Yaxud da əksinə. Bu, onu göstərir ki, Azərbaycan valyutasının məzənnəsinin formalaşması hələ tam üzən rejim şəraitinə uyğunlaşdırılmayıb.

Eyni zamanda, dünya qiymətli kağızlar bazarının zəif inkişafı, dünya bazarlarında baş verən proseslərin Azərbaycana təsiri məhdudlaşdırılır. Bizdə valyuta hərracları yalnız Mərkəzi Bankın iştirakı əsasında keçirilir. Belə bir şəraitdə birjalarda baş verən proseslərin Azərbaycan valyutasının məzənnəsinə təsiri prosesi gecikir. Bəzi hallarda isə bu, heç baş vermir. Ona görə də neftin qiymətinin müəyyən qədər möhkəmlənməsi, eyni zamanda "Brexit" məsələsində müəyyən optimist yanaşmaların ortaya çıxması və dünya birjalarında avronun möhkəmlənməsi dolların mövqeyini zəiflədib. Bu da rubla, lirəyə öz təsirini göstərir. Eyni zamanda funt-sterlinqin möhkəmlənməsi də proseslərə təsirsiz ötüşmür. Ancaq Azərbaycanda bunu hiss etməyəcəyik. Çünki, faktiki olaraq, Azərbaycanda xarici valyutaya tələb artıb. Bu, Mərkəzi Bankın təşkil etdiyi hərraclar nəticəsində də aydın olur. Belə ki, əvvəl təşkil olunmuş hərraclarda iştirak edən bankların sayı və dollar tələbinin həcmi aşağı olurdu. Belə şəraitdə isə manatın möhkəmlənməsi davam edirdi. Lakin son günlərdə bunun əksi müşahidə edilir. Bundan başqa avqust ayında neftin qiymətində müəyyən ucuzlaşmalar baş verəcək. Eyni zamanda xarici valyutaya tələb daha da güclənəcək. Belə bir şəraitdə manatın yalnız qısamüddətli möhkəmlənməsi prosesi baş verə bilər".

Digər iqtisadçı-ekspert Afiq Ağaquliyev hesab edir ki, dollar ikinci devalvasiya qiymətinə qədər qalxa bilər: "Həmin müddətdən sonra isə sentyabr ayına qədər dolların ucuzlaşması prosesi baş verəcək. Vətəndaşlar indiki halda əllərində olan pulları qoruyub saxlamağa çalışmalıdırlar. Manatın qorunması üçün isə dövlət tərəfindən müəyyən addımlar atılmalıdır. Çox güman ki, tədbirlər özünün təsirini göstərəcək.

Qarşıdan gələn çətinlikləri tənzimləmək üçün kənd təsərrüfatına diqqət artırılsa, ilin sonuna qədər neftin qiyməti və neft payının artırılması dollara olan ehtiyacın azalmasına gətirib çıxaracaq".

Ekspertin fikrincə, dolların Rusiyada, Türkiyədə ucuzlaşması siyasi oyundur: "Bunun iqtisadi əsası yoxdur. Müəyyən müddətdən sonra onlarda da eyni proses baş verəcək və dolların qiyməti yenidən qalxacaq".

Sizin Reklam Yeriniz