Əlaqə Arxiv
news Image
2016.06.25
09:42
| A A A
İstirahət mərkəzlərində qiymətlərdən yenə narazılıq var
Müzəffər Ağakərimov: “Türkiyə və Gürcüstanda turizm qiymətlərinin bizə nisbətən daha münasib olması onlarda rəqabətin güclü olmasından irəli gəlir” Məhəmməd Talıblı : “Bu istiqamətdə ardıcıl addımlar sözügedən sahədə iqitsadi dinamizmi təmin edə bilər”

7 günlük istirahət üçün cəmi 190 manata. Bu, Kabuletidə istirahətin qiymətidir. 190 manata oteldə 6 gecə 7 gün qalmaq, gündə üç dəfə yemək, otelin bütün xidmətlərindən istifadə etmək daxildir.

Elanlar göstərir ki, ümumiyyətlə, Gürcüstanda istirahətin qiyməti bu civarda dəyişir. Məbləğ birmənalı olaraq istənilən turist üçün cəlbedicidir. Hazırda Türkiyə turizmində nə qədər ağır günlərini yaşasa belə, orada da qiymətlərin münasib olduğunu deyə bilərik. Bütün bunlar isə yayın gəlişi fonunda vətəndaşlarımızı seçim qarşısında qoyur. Çünki, daxildə 7 günü 190 manata istirahət mərkəzi yoxdur. Ekspertlər qonşu ölkələrlə müqayisədə Azərbaycanda turizm xidmətlərinin dəfələrlə baha olmasını müxtəlif səbəblərlə izah edirlər. Burada xüsusən rəqabətin zəif olması vurğulanır.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir ki, Türkiyə və Gürcüstanda turizm qiymətlərinin bizə nisbətən daha münasib olması onlarda rəqabətin güclü olmasından irəli gəlir: "İkincisi, onlarda əlavə xidmətlərin çeşidi boldur. Yəni, turistlərə daha çox xidmətlər təqdim olunur. Üçüncüsü, qiymətlərin ucuz olması üçün daxili turizm inkişaf etməlidir. O zaman insanlarımız elə Azərbaycanda istirahət etməyə üstünlük verəcəklər. Ən əsası, azulduzlu otellərin sayı artırılmalıdır. Belə olan təqdirdə digər otellərdə də qiymətlər ucuzlaşacaq. Çünki, müştəriləri itirmək istəməyəcəklər.

Bundan başqa, bəzən turistlər dəniz turizminə üstünlük verirlər ki, Qara dəniz bunun üçün daha üstün hesab olunur. Bu baxımdan Xəzər dənizinin resurslarından istifadə etməliyik. Orada təmizlik işləri aparılmalıdır".

Ekspert əlavə etdi ki, Azərbaycanın turizmi inkişaf etdirmək üçün hər baxımdan potensialı böyükdür: "Nəzərə alaq ki, qiymətlər rəqabət bazar şəraitində ucuzlaşır. Otellərə də alternativ hostellərdir. Yəni, aşağı ödənişli istirahət mərkəzlərinin olması vacibdir ki, digəri ilə də qiymətləri azaltsınlar. O zaman vətəndaşlarımız xaricdə yox, məhz Azərbaycanda istirahətə üstünlük verəcəklər. Həmçinin nəzərə alaq ki, ümumiyyətlə, xaricə üstünlük verən insanlar da var. Amma daxildə ucuzluq olarsa, vətəndaşlarımız əsasən daxildə istirahət etməyə üstünlük verəcəklər. Burada təhlükəsizlik də mühüm məsələdir. Bu baxımdan Azərbaycanda sabitlikdir. Biz bu üstünlüyümüzdən yaxşı bəhrələnməliyik. Regionlarda ucuz istirahət mərkəzləri olmalıdır. Ciddi marektinq təhlili aparılmalıdır. Səbəbləri yaradan maneələr aradan qaldırılanda vətəndaşlarımız daxildə istirahət etməyə üstünlük verəcəklər. Amma buna baxmayaraq, ötən illərə nisbətən daxili turizm inkişaf edib. Say hesabına görə, keçən illərə nisbətən insanlarımız daxildə istirahətə daha çox üstünlük veriblər. Lakin ucuz istirahət mərkəzi çox olsa idi, rəqəmlər daha böyük olardı. Çünki, o zaman aztəminatlı insanların da istirahətə getmək şansı artmış olur".

İqtisadçı-ekspert Məhəmməd Talıblı bildirir: "Rəqabət aparan istirahət mərkəzlərinin sayı azdır. Bu isə qiymətlərin yüksək olmasına zəmin yaradır. Lakin Azərbaycanda il ərzində iki dəfə devalvasiya oldu. Milli valyutanın xarici valyutalar qarşısında dəyər itirməsi əcnəbilərin həmin ölkəyə turist kimi getməsinə zəmin yaradan amildir. O baxımdan qiymətlərin indiki səviyyədə olması ilə də turizmin həcmi arta bilər. Eyni zamanda turizm sektorunda rəqabətli mühit formalaşmalıdır ki, nəticədə qiymətlər aşağı düşsün. Amma son illər bu istiqamədə irəliyə doğru addımlar atılıb. Amma orta saihbkarlığa dəstək daha da sürətlənməlidir. Hansı ki, bu da turizm sektorunda çalışan şirkətlərin imkanlarının artımına gətirib çıxara bilər. Bu istiqamətdə ardıcıl addımlar sözügedən sahədə iqitsadi dinamizmi təmin edə bilər".

Sizin Reklam Yeriniz