Əlaqə Arxiv
news Image
2016.06.29
09:22
| A A A
«Brexit» şoku davam edir
Avropa Ittifaqının parçalanması zəncirvari reaksiyaya çevrilə bilər

İngiltərədə Avropa İttifaqından çıxmaq barədə iyunun 23-də keçirilən referendumun nəticələri hazırda dünya siyasi gündəmini zəbt edən ən qalmaqallı hadisədir. Ölkə vətəndaşlarının 52 faizi Böyük Britaniyanın Aİ-dən çıxmasına ("Brexit") səs verib İlk baxışda qeyri-adi heç nə olmayıb: ittifaqın bir üzvü öz hüquqlarından istifadə edib nizamnaməyə uyğun şəkildə referendum keçirib və səsvermə yolu ilə ittifaqdan çıxmaq istəyini demokratik yolla bəyan edib. Bəs, onda bu ajiotaj nədən qaynaqlanır?

Gəlin, məsələyə baxışın trayektoriyasını bir balaca dəyişək. Əvvələn, bir məsələni qəti şəkildə nəzərə almaq lazımdır ki, Avropa praqmatik idarəetmə sisteminə malikdir, onu qanunlar və pul idarə edir. İngiltərənin paytaxtı London şəhəri isə həm də dünyanın maliyyə mərkəzidir. Bu ölkədə həyat səviyyəsi ittifaq dövlətlərinin əksəriyyətindən xeyli dərəcədə yüksəkdir. Təsadüfi deyil ki, Avropa İttifaqının büdcəsinə hər il ən çox vəsaiti məhz İngiltərə ödəyir:11 milyard avro.

İngiltərənin Avropanın siyasi ailəsini tərk etməsi haqda söhbət 10-15 ildir səslənir. Mübahisələr əsasən ittifaq budcəsinə ödənilən vəsaitin məbləği və ondan istifadə üstündədir. Londonun iddiasına görə, məsələn, birlik daxilində kənd təsərrüfatına verilən subsidiyalarda daha çox onun vəsaitindən istifadə edilsə də, nəticə gözə görünmür. Subsidiyalardan istifadə edən ölkələrdə kənd təsərrüfatının inkişafı ləng gedir, onlar daim büdcədən "yeyən" müftəxorlara çevrilirlər. Praktikada bu necə baş verir? Məsələn, Fransa kimi sənayeləşmiş kənd təsərrüfatına malik ölkədə hər inəyə görə sahibkara illik 3 min avro subsidiya verilir. Xələflərindən miras kimi iri torpaq sahələri almış hər hansı fransız gənc 10 inəyi satın alır və bunlara görə illik 30 min avro əldə edir. Həmin şəxs yalnız ət tədarükü ilə məşğul olur, daha süd istehsalı, ondan istifadə, təsərrüfatın genişləndirilməsi onu maraqlandırmır. Yəni, alınan vəsait əmtəə şəklində faizlə geri qayıtmaq əvəzinə yerində sayır. Belə çıxır ki, subsidiya inəyin saxlanmasına, yəni məhsuldarlığın, məhsulun artırılmasına, təsərrüfatın genişləndirilməsinə yox, əslində insanların saxlanmasına sərf edilir. Təbii ki, bu cür vəziyyət iqtisadçılar və ekspertlər tərəfindən izlənilir, təhlil olunur və müxtəlif səviyyələrdə aşkara çıxarılır. Nəticədə, birliyin idarəetməsi tənqidə məruz qalır, əhalidə qurumun lüzumsuzluğu barədə dünyagörüş formalaşır. Təsadüfi deyil ki, Aİ əleyhinə daha çox kənd əhalisi olub. Paytaxt Londonda seçicilərin 60 faizi Aİ-də üzvlüyün lehinə səs verib.

Başqa bir səbəb ittifaq üzvü olan dövlətlərin inkişaf səviyyəsinin qeyri-bərabərliyindədir. Almaniya Avropanın ən qüdrətli sənayeyə malik ölkəsidir. Yunanıstan maliyyəsinin defolt həddinə çatmasının bir səbəbini də bəzi ekspertlər Almaniyanın iqtisadi gücdən istifadə edib özündən geridə qalan ölkələrin hesabına daha da varlanmaqda görürlər. Buna bənzər misalları kifayət qədər çəkmək olar.

Bu gün fakt budur ki, İngiltərə əhalisinin 52 faizi ittifaqdan çıxmağın lehinə səs verib.

Məsələ burasındadır ki, artıq Fransa, Avstriya, Hollandiya kimi ölkələrdə də ittifaqda qalıb-qalmamaq barədə referendum keçirmək haqda təkliflər səslənməyə başlayıb. Doğrudanmı İngiltərənin birliyi tərk etməsi presedentə çevriləcək və Avropa İttifaqının dağılması prosesi başlayacaq? Çətin!?

Avropa İttifaqı bir-iki il içərisində yaranmayıb ki, belə tezliklə də dağılıb məhv olsun. İttifaqa daxil olan 28 ölkəni bir-birinə bağlayan iqtisadi tellər çox güclüdür və onların qırılması bəzən adama mümkünsüz görünür. Amma problem tək iqtisadiyyatda deyil. Siyasi cəhətdən qonşuluqda Rusiya kimi məkrli "düşmən" marıqda yatıb. "Parçala, hökm et" siyasi aforizmi avropalıları daim sayıqlığı qorumağa səsləyir. Üstəlik, indiki siyasi ab-havada parçalanmaq Avropanı iri dövlətlərin ayaqları altına sala bilər. Rusiyaya, təbii ki, xırda dövlətlərlə anlaşmaq daha asan və sərfəlidir, nəinki dövlətlərin birliyi ilə. ABŞ da Avropanın parçalanmasında maraqlı olmamalıdır. Düzdür, İngiltərənin Avropa İttifaqıdan kənarda qalması bəlkə də siyasi və iqtisadi cəhətdən ABŞ-a sərf edər. Çünki, ona özündən gücsüz, amma birgə Avropa lazımdır. İlgiltərə isə onsuz da həmişə okeanın o tayındakı tərəfdaşı ilə birlikdədir. Aydındır ki, İngiltərəsiz Avropanı idarə etmək amerikalılara daha asan başa gələr.

Aİ-nin aparıcı dövlətlərindən olan Almaniya, Fransa və İtaliya da birliyin dağılması əleyhinə dərhal hərəkətə keçiblər. Onlar birlikdə olmağın gücünü və 500 milyonluq əhalinin adından danışmağın şöhrətini çoxdan duyublar. Postbrexit dövrü başlanan kimi dərhal Berlin, Paris və Roma Aİ-i xeyrinə "yeni impuls" barədə fikir mübadiləsinə başlayıblar. İyunun 27-də Almaniyanın federal kansleri Angela Merkel, Fransa prezidenti Fransua Holland və İtaliya hökumətinin başçısı Matto Renzi keçirdikləri mətbuat konfransında bildiriblər ki, təhlükəsizlik, inkişaf və gəncliyə dair gələn ay yeni təkliflərlə çıxış edəcəklər.

Bu arada Şotlandiya hökumətinin rəhbəri, birinci nazir Nikola Stercen Şotlandiya hakimiyyətinin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasında veto qoya biləcəyini bəyan edib. Stercen deyib ki, əgər Böyük Britaniya hökuməti Şotlandiya hökuməti qarşısında Avropa İttifaqından çıxmaq məsələsini qoyarsa, o halda bu məsələni Şotlandiya parlamentində müzakirəyə çıxaracaq və deputatlardan bu məsələnin əleyhinə səs verməyi xahiş edəcək.

Beləliklə, Avropa İttifaqının dağılmasından danışmaq çox tezdir. Bəlkə də, əksinə, əgər İngiltərənin həqiqətən birliyi tərk etməsi baş versə, yerdə qalanların monolitliyi daha da möhkəmlənəcək. Hələlik, hadisələrin inkişafını səbrlə gözləmək gərəkdir. Aİ-nin bir tərəfdən dağılmasının və digər tərəfdən möhkəmlənməsinin tərəfdarları olan xarici qüvvələrin fəaliyyətindən də çox şey asılıdır.

Sizin Reklam Yeriniz