Əlaqə Arxiv
news Image
2016.06.29
12:10
| A A A
Gəncə və Şəkidə daşınmaz əmlakın elektron kadastr məlumat bazası yaradılır (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq və digər daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydiyyatının sadələşdirilməsi, daşınmaz əmlakların sənədləşdirilərək leqallaşdırılması, eləcə də əmlak sahiblərinin hüquqlarının qorunması ilə bağlı yeniliklərin tətbiqini davam etdirir.


Komitədən Movqe.az-a  verilən məlumata görə, hazırda Komitə Azərbaycanın daşınmaz əmlak sektorunda əhəmiyyətli inkişafa səbəb olacaq növbəti böyük layihəni reallaşdırır. Belə ki, Azərbaycan və Almaniya hökumətləri arasındakı müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi həyata keçirilir və yekunlaşmaq üzrədir. 2013-cü ildə start verilən layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Göründüyü kimi, komitə alman təcrübəsinin Azərbaycana gətirilməsinə və uğurla reallaşdırılmasına nail olub. Bu nailiyyət daşınmaz əmlakın kadastrı və qeydiyyatında elektron idarəetmənin və vahid bazanın formalaşmasında mühüm təkandır.


Qeyd edək ki, layihə Gəncə və Şəkinin bütün ərazisini, yəni 250 min hektarı əhatə edib. Hazırda layihə çərçivəsində bütün çöl-ölçmə işləri tamamlanıb və 220 minə yaxın əmlak üzrə ölçmələr aparılıb. Əhaliyə məxsus olan bütün daşınmaz əmlaklar - ev, mənzil, həyətyanı və pay torpaqları və kommersiya obyektilərinin sərhədləri dəqiqləşdirilib, sənədləri öyrənilib. Hazırda toplanan məlumatların emalı və elektron xəritələrə yerləşdirilməsi işləri aparılır.


Məlumatların bir hissəsi artıq emal olunaraq yeni xəritələrdə əksini tapıb, eləcə də vahid elektron kadastr sistemlərinə oturulub. Bununla da, həyata keçirilən Layihə əmlakın qeydiyyatının qat-qat sadələşməsinə və vətəndaşların vaxt itkisinin azalmasına imkan verib.


Nəticədə, həmin bölgədə yaşayan sakinlər və əmlak sahibləri artıq öz əmlaklarını və torpaqlarını yeni – faktiki mövcud göstəricilərlə dövlət qeydiyyatına ala bilərlər. Bunun üçün vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Gəncə və Şəkidəki qeydiyyat idarələrinə müraciətlər edə bilərlər.


Qeydiyyat idarələri ilə yanaşı, vətəndaşlar qeydiyyat məsələləri ilə bağlı suallarını Komitənin rəsmi internet səhifəsi, komitə və DƏDRX-in çağrı mərkəzləri vasitəsilə də ünvanlaya bilərlər. Bundan əlavə, "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi çərçivəsində Facebook səhifəsi də yaradılmışdır (səhifənin adı - Gəncə və Şəkidə daşınmaz əmlakın qeydiyyatına dəstək). Vətəndaşlar bu səhifəyə müraciət etməklə də əmlakın qeydiyyatı ilə bağlı ətraflı məlumat ala bilərlər.


Layihə sayəsində, ilk növbədə, Gəncə və Şəkidə daşınmaz əmlaklarla bağlı bütün məlumatlar - onların yeri, koordinatları və ölçüləri müasir texnologiyalar vasitəsilə dəqiqləşib. Bununla da, indiyədək mövcud olmuş anlaşılmazlıqlar və qeyri-dəqiqliklər aradan qalxacaq. Əhalinin əmlak sənədlərinin öyrənilməsi nəticəsində daşınmaz əmlakın sənədləşdirilməsinin hansı səviyyədə olduğu müəyyən ediləcək. Bu isə, Gəncə və Şəki əhalisi üçün sənədləşdirilmiş torpaq və daşınmaz əmlakdan səmərəli istifadə etməyə imkan verəcək.


Bununla yanaşı, layihə zamanı toplanan məlmatlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesində bir sıra çətinliklərin həllinə kömək edəcək. Daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı prosedurlar sadələşəcək, qeydiyyata sərf olunan vaxt azalacaq, məlumatların dəqiqliyi təmin olunacaq. Nəticədə əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artacaq.

Xatırladaq ki, 2013-cü ildən başlanan layihənin Gəncədə icrası artıq yekunlaşıb və şəhərin mükəmməl elektron kadastr informasiya bazası yaradılıb. 2016-cı ilin sentyabrında isə Şəkidə layihənin tamamlanması nəzərdə tutulur. Ötən müddətdə həm Almaniyadan olan məsləhətçilər, həm də yerli özəl şirkətlər layihənin icrasında birbaşa iştirak ediblər. Layihə çərçivəsində aparılan kadastr işlərinə yerli özəl qurumlar də cəlb edilib.


Qeyd edək ki, layihənin icraçısı olan Almaniyanın GFA/GCİ konsorsiumu oxşar layihələri Şərqi Avropa, Bosniya və Hersoqovina, Kosova və Rumıniyada da həyata keçirib. Eyni zamanda, belə layihələr bir sıra Cənubi Amerika və Afrika ölkələrində də reallaşıb.


Sizin Reklam Yeriniz