Əlaqə Arxiv
news Image
2016.06.30
09:40
| A A A
Bankların kredit ayrı-seçkiliyi
Əkrəm Həsənov: “Əmək haqqını kartla alan şəxs iş yerinə ərizə yaza bilər ki, pulu nağd verin və ya başqa bankda bank hesabı açmışam, ora köçürün” İldırım Qurbanov: “Banklar da öz risklərini sığortalamaq üçün çalışırlar ki, daha dayanıqlı iş yeri olan vətəndaşa kredit versinlər”

Banklar məvacibi kartla almayanlara kredit verməkdən imtina edir. Halbuki, özəl sektorda hələ də müəyyən təşkilatlar var ki, əmək haqqını kartla vermirlər. Banklar da bundan xəbərsiz deyillər.

İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov hesab edir ki, bankların bu qərarı hazırda yaranmış vəziyyətlə bağlıdır: "Vətəndaş əmək haqqını kartla alırsa və krediti ödəyə bilmirsə, banklar həmin borcu kartdan tuturlar. Adətən kredit müqaviləsində bu, nəzərdə tutulduğundan məhkəməyə müraciət etmədən də bank pulu kartdan çəkə bilər. Burada banklar faktiki olaraq, işəgötürənlərlə qeyri-rəsmi olaraq iş birliyinə girirlər.

Bank heç məhkəməyə müraciət etmir. Məhkəməyə müraciət etsə belə, ən yaxşı halda əmək haqqının 50%-ni tutacaq. Ancaq kartdan isə əmək haqqının hamısını tutmaq mümkündür". Hüquqşünasın fikrincə, vətəndaş bundan da yaxa qurtara bilər: "Çünki, Əmək Məcəlləsinə görə, işçi maaşı hansı formada almasını özü müəyyən edə bilər. Əmək haqqını kartla alan şəxs iş yerinə ərizə yaza bilər ki, pulu nağd verin və ya başqa bankda bank hesabı açmışam, ora köçürün. Adətən də işəgötürənlər işçinin bu ərizəsini qəbul etmirlər. Lakin işçi əmək haqqını kartla almırsa, bank ondan heç nə ala bilmir. Krediti ödəməyəndə bank vətəndaşı məhkəməyə verməyə məcburdur. Məhkəmə prosesi isə illərlə uzana bilər ki, həmin zaman ərzində heç bir ödəniş olmayacaq. Hətta sonda bank qalib gəlsə də, ən yaxşı halda əmək haqqının 50%-ni ala biləcək. Bu səbəbdəndir ki, banklar karla əmək haqqı alanlara üstünlük verirlər".

Ekspert əlavə etdi ki, vətəndaş əvvəlcədən müqavilə bağlanan zaman banka belə bir icazə verir: "Ancaq bu qərar problemli kreditlərin qarşısını qismən almış olacaq. Çünki, əmək haqqını kartla almayan şəxs krediti qaytarmayanda bank üçün problemlər yaranır. Lakin əvvəl-axır bunun da sonu olacaq. Nə vaxtsa işçi işəgötürəni kart hesabını bağlamağa məcbur edəcək. Ondan sonra bu sistem də dağılacaq".

Digər iqtisadçı-ekspert İldırım Qurbanov bildirdi ki, ümümiyyətlə, istehlak kreditləri əvvələr əmək haqqı kartı əsasında - hesabdan çıxarışla verilib: "Yəni, bu yeni hadisə deyil. Özəl müəssisələrinin əksəriyyəti bir o qədər də dayanıqlı deyil. Tez-tez işçiləri ixtisar edib, yeniləri ilə əvəz edirlər.

Banklar da öz risklərini sığortalamaq üçün çalışırlar ki, daha dayanıqlı iş yeri olan vətəndaşa kredit versinlər. Çünki mövcud vəziyyətdə bankların kifayət qədər problemləri var. Banklar indi daha tədbirli addımlar atmalıdırlar ki, riskləri sığortalansınlar. Ümümiyyətlə, istehlak kreditlərinin çox verilməməlidir. Banklar yaxşısı budur ki, öz vəsaitlərini real sektora ayırsınlar. Real sektorun inkişafı ölkəmiz üçün vacibdir. Ölkəmizdə böyük iqtisadi potensiala malik olan aqrar sektor mövcüddür. Banklar bu sektora vəsait ayırsınlar. Bu sektoru canlandırmaq lazımdır. Ölkəninin neft asılılığının aradan qaldırılması ancaq bu yolla mümkündür. Çünki istehlak krediti ölkəyə heç bir gəlir gətirmir. Kimsə sadəcə, öz şəxsi tələbatını ödəyir. Amma real sektora ayrılan kreditlər kapital qoyuluşu hesab olunur. Təbii ki, hər biznesə kredit ayırmaq düzgün deyil. Öncədən bu biznesin dəqiq maliyyə analizi aparılmalıdır. Banklar da, kredit komitəsi də peşəkar olmalıdırlar və dəqiq, qərəzsiz qərar verə bilməlidir".

Sizin Reklam Yeriniz