news Image
2016.06.30
09:50
| A A A
Manat dollar və avroya nisbətdə bahalaşacaq

Əgər dünyada ən çox işlədilən valyutaların oynadıqları rolu təhlil etsək, güman etmədiyimiz nəticələrə gəlib çıxarıq. Belə ki, hər bir pul vahidi nominal dəyərə malikdir. Bu, əskinasın, yaxud monetin üzərində göstərilmiş rəqəmlə ölçülür. Bundan başqa pulun konkret bazarda konkret məhsula görə mütəhərrik alıcılıq qabiliyyəti var. İlk baxışda hansı valyutaya daha çox mal almaq mümkünsə, o da qiymətli sayılır. Amma "alıcılıq qabiliyyəti" subyektiv mahiyyət daşıdığından, yəni eyni valyutanın eyni məhsul üzrə müxtəlif bazarlarda qeyri-bərabər səviyyədə olması sübut edir ki, valyutanın əsas dəyəri heç də alıcılıq qabiliyyəti ilə müəyyənləşmir. Burada valyutanın mənsub olduğu dövlətin iqtisadi və siyasi gücü həlledici rol oynayır, desək, yəqin ki, yanılmarıq.

Bu gün dünya iqtisadiyyatının əsas valyutası Amerika Birləşmiş Ştatlarının valyutası-dollar sayılır. Nə üçün? Mütəxəssislərin fikrincə, valyutanın dəyərliliyi onun arxasında duran malın, yəni aid olduğu ölkədə istehsal olunan ümumi daxili məhsulun həcmi ilə ölçülür. Bu göstəriciyə görə ABŞ dünyanın digər ölkələrini üstələyir. Onun bu üstünlüyi uzun illərdir ki, davam edir və hələlik heç bir dövlət onun bu hegemonluğuna ciddi təsir edə bilməyib.

Məsələ burasındadır ki, hazırda ümumbəşər resurslarının 40 faizi Amerikanın istifadəsindədir. Bu dövlətdə yaradılmış maliyyə-iqtisadi mexanizm hesabına bütün bəşəriyyətə məxsus olan təbii ehtiyatların ölkəyə axını təmin edilib. Əgər əldə xammal varsa, demək, bu xammalın istehsal sahəsi də var, istehsal hazır məhsul, bu da öz növbəsində məhsulun reallaşdırılması ilə ticarətin inkişafı deməkdir. Və nəticə etibarilə müvafiq sistemi qura bilməyən inkişaf etməkdə olan ölkələrin ehtiyacı ödənilməklə bərabər onlarda asılılıq yaradılır.

Amma müasir vəziyyət əvvəlki dövrlərdən fərqlənir. Artıq bir çox inkişaf etmiş dövlətlər məhz iqtisadi inkişaf sayəsində dolların diqtəsindən yayına, öz milli valyutasının inkişafına və möhkəmlənməsinə nail ola bilib. Bu, daha çox Avropa İttifaqına aiddir.

"Köhnə dünya"nın inkişaf etmiş ölkələri dünya iqtisadiyyatında ABŞ-ın hegemon rolunu heç vaxt həzm edə bilməyiblər. Xüsusilə, Aİ-i yaranandan sonra Fransa, Almaniya və İtaliya kimi ölkələrin tarixi ambisiyaları yenidən "dilə" gəlib. Avropalıları ən çox həyəcanlandıran məsələ qüvvələrin qeyri-proporsionallığı, Şarl de Qollun yaddaqalan ifadəsi ilə desək, "dolların populyarlığı ABŞ-a "hədsiz imtiyaz" verir. Avropa istehsal və ticarətdə Amerikaya tən gəlir. Bəs, pul məsələsində niyə geri qalsın?

Avropa ölkələrinin iqtisadi və monetar birliyini şərtləndirən amillərdən ən mühümü də elə bu idi. Məqsəd Avropanın dünya arenasında rolunu yüksəltmək, dolların qlobal monetar üstünlüyü ilə başabaş rəqabət aparmaqla dominant qabiliyyətli pul vahidi yaratmaq idi. İqtisadi resursları birləşdirəndən sonra Avropa istəyinə çatdı və avro yarandı. Dövriyyəyə buraxıldığı ilk gündən avro iqtisadi təminliliyinə görə dolları üstələdi və daha çox isnkişaf etmiş Qərbi Avropa dollar asılılığından qurtardı. Amma bir neçə il əvvəl Avropa İttifaqına qəbul edilmiş Şərqi Avropa ölkələri haqda bunu demək olmaz. Çünki, onların iqtisadi inkişafı rəqabətlilik baxımından hələ müasir tələblərə cavab vermir və bu baxımdan da avro monetar siyasətini qəbul etsələr də dollardan tam yaxa qurtara bilməyiblər.

Eyni inkişaf prosesi bizim ölkədə də müşahidə olunub. Ötən əsrin sonlarına yaxın, iqtisadiyyatın xeyli dərəcədə dağıldığı 90-cı illərdə Amerika dollarının məzənnəsi 1:4500 manat idi. Amma ölkədə siyasi vəziyyət sabitləşdikcə, iqtisadiyyat yüksəldikcə analoji şəkildə milli valyutamız manat da gücləndi və bu gün 1:1,53 manat nisbəti dollarla müqayisədə milli valyutamızın qazandığı dəyər diqqətəlayiqdir. Ancaq, xarici ticarət hesablaşmaları dollarla aparılır və bu da təbiidir. Çünki, beynəlxalq bazarda dollar birinciliyini qoruyub saxlayır. İndiki durumad isə İngiltərənin Avropa İttifaqından ayrılması hələ də dünya maliyyə bazarlarını silkələməkdə davam edir. Hadisələrin inkişaf axarı göstərir ki, baş verənlər ingilis funt-sterlinqi, avro və dollar üçün tamamilə yeni vəziyyət yaradıb. Söhbət bu pulların dəyər itirməsindən gedir. Britaniyanın Avropa İttifaqından çıxmasından sonra hər iki tərəfin valyutası, dünya fond birjaları, istiqrazların gəlirliliyinin azalması ilə bərabər ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı ehtimallar da aşağı enib. FES-in uçot dərəcəsini artırması ehtimallarının gücləndiyi ilk iclasın 2017-ci ilin martında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, "Brexit"dən sonra bu il keçiriləcək 4 iclasda uçot dərəcəsinin artırılması gözlənilmir. Belə vəziyyətdə manat dollar qarşısında yenpidən güclənməyə başlayacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs