Əlaqə Arxiv
news Image
2016.07.01
09:15
| A A A
«Valyuta müharibəsi» yenidən qızışır
Fikrət Yusifov: “Riskli-risksiz, hər bir ölkənin özünün məzənnə siyasəti var və lazım bilinən məqamlarda mərkəzi banklar və hökumətlər bu rıçaqdan müxtəlif məqsədlər üçün istifadə edə bilirlər” Samir Əliyev: “Bir ölkə valyutasını ucuzlaşdırdıqda, digəri də müəyyən bəhanə ilə milli valyutasını ucuzlaşdırır”

Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi deyib ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra dünya məzənnə müharibəsi riski ilə üzləşib.Onun sözlərinə görə, məzənnə müharibəsi riskinin yaranmasına səbəb budur ki, hər bir ölkə öz milli valyutasını devalvasiya etməklə iqtisadi artıma nail olmaq istəyidir.

M.Draqi bildirib ki, iqtisadiyyatlar arasında məzənnə devalvasiyası rəqabətinin qarşısını almaq üçün dünya mərkəzi banklarının rəhbərləri öz cəhdlərini birləşdirməlidir: "Bu cür devalvasiyalar qlobal iqtisadiyyat üçün yalnız itkidir".

Ekspertlər də birmənalı olaraq məzənnə müharibəsinin başlandığını ehtimal edirlər. Çünki, məzənnə müharibəsi bütün dövrlərdə özünü göstərməkdədir. Artıq mediaya Çin yuanı barədə ilkin məlumatlar sızıb. Çinli iqtisadçılara görə, Çin Mərkəzi Bankı, dəyərdən düşmə nəzarət altında olduğu müddət ərzində yuanın ucuzlaşmasını görməyə istəklidirlər. Beynəlxalq xəbər agentliklərinə danışan mənbələr də, Çin Mərkəzi Bankının yuanın ABŞ dolları qarşısında 6,8 səviyyəsinə qədər düşməsinə icazə vermək niyyətində olduğunu ifadə edirlər. Bu baş verdiyi təqdirdə Çin yuanı, bu il də ötən il olduğu kimi 4,5 faiz dəyər itirəcək.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması doğrudan da Avropa Birliyinin sonunun başlanğıcı kimi dəyərləndirilməlidir: "Artıq AB-nin rəsmləri bunun belə olduğunu etiraf etmək məcburiyyətində qalıblar. Unutmayaq ki, Böyük Britaniya Avropa Birliyinin sıravi üzvü olan bir ölkə deyildi. Avropa Birliyi mövcud olduğu bu illər ərzində üç əsas dayaq üzərində duruş gətirə bilirdi. İndi bu dayaqlardan biri çəkildi. Qaldı Almaniya və Fransa. Bu iki ölkə bundan sonra bir çox üzvləri iqtisadi və maliyyə çətinlikləri içərisində üzən AB-nin bütün yükünü öz çiyinlərində daşımağa razı olacaqlarmı? İnandırıcı görünmür. Deməli, AB-nin çöküşü qaçılmazdır və bu çox uzaqda deyil.

Əgər ingilislər bu Birliyin gələcəyinə inansaydılar, onu heç vaxt tərk etməzdilər. Son 2-3 il ərzində Birliyin gələcəyinə inamsızlıq üçün kifayət qədər əsaslar yaranmışdı. Bir qədər öncə Yunanıstanın defoltun bir addımlığına gəlib çatması və digər üzv ölkələrdə də maliyyə vəziyyətinin buna yaxın olması, Birliyin sonrakı taleyinin yaxşı olmayacağından xəbər verən ilk ciddi siqnallar idi. Bir çoxları Birləşmiş Krallığın AB-dən çıxmasını az qala bütün dünyanı bürüyəcək iqtisadi və maliyyə fəlakəti kimi təqdim etmək istəyirlər. Lakin unutmayaq ki, referendumun keçirilməsinin baş təşəbbüskarı İngiltərənin indiki baş naziri Devid Kemerondur. Bu məsələ onun seçkiqabağ proqramının əsas müddəalarından biri idi. Vaxt çatdı və o bu məsələnin həllinə nail oldu. Yəni, məsələ dövlət səviyyəsində ölçülüb biçildikdən sonra xalqın səsverməsinə çıxarılmış məsələ idi. Heç kəs hesab etməsin ki, İngiltərənin AB-dən qopmasının onun iqtisadiyyatı, milli valyutası və maliyyə vəziyyəti üçün nə ilə nəticələnəcəyini İngiltərə hökuməti əvvəlcədən hesablamamışdı.

Birləşmiş Krallığın Avropa Birliyindən çıxmasının dünya iqtisadi və maliyyə məkanında hansı ciddi nəticələri ola bilər? Azərbaycan iqtisadiyyatına və milli valyutamızın məzənnəsinə bu hadisə nə dərəcədə təsir edə bilər? Doğrudur, bu qopmanın dünya maliyyə bazarlarına və iqtisadi proseslərə müəyyən təsirləri olacaq. Lakin məsələnin panik tərəfləri onun real təsir gücündən dəfələrlə böyükdür. Yəni, burada hələlik pisxoloji durum kifayət qədər dominantlıq edir. ABŞ-ın iqtisadiyyatı dünya iqtisadiyyatının 1/4 -nə bərabərdirsə, İngiltərə iqtisadiyyatı dünya iqtisadiyyatının 3,9%-ni təşkil edir. Dünya dövlətlərinin xarici valyutada olan yığımlarında ABŞ dollarının payı 63%-i ötürsə, İngiltərə funtunun bu ehtiyatlarda payı 3,8%-dir. Göründüyü kimi, rəqəmlər müqaiysəediləcək səviyyədə deyil. Bu səbəbdən də hadisələrin ilk günlərində dünya maliyyə bazarlarında yaranmış psixoloji durum istisna olunmaqla, ciddi bir dəyişikliyin baş verməsi real görünmür. Azərbaycan manatı da yaranmış bu panik vəziyyətə bir qədər "qıcıq" göstərib, sonradan tam sakitləşəcək. Avropa Mərkəzi Bankının prezidenti Mario Draqinin dünyada məzənnə müharibəsi riski ilə bağlı fikirləri isə bir o qədər də real görünmür. Riskli-risksiz, hər bir ölkənin özünün məzənnə siyasəti var və lazım bilinən məqamlarda mərkəzi banklar və hökumətlər bu rıçaqdan müxtəlif məqsədlər üçün istifadə edə bilirlər. Bunun üçün dünyada hansısa bir ölkənin hansısa bir birlikdən qopması hadisəsinin baş verməsinə ehtiyac yoxdur. Məsələn, elə Avropa Mərkəzi Bankı bir neçə il bundan öncə avronun məzənnəsinin yumşalması barədə qərar qəbul etdi. Məqsəd avrozonaya daxil olan ölkələrdə ixracın stimullaşdırılmasını təmin etməkdən ibarət idi. Bunun üçün dövrüyyəyə əlavə olaraq yüz milyardlarla vəsait buraxıldı".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, əslində, belə bir müharibə çoxdan gedir: "Xüsusən də 2008-ci ildə maliyyə böhranından sonra özünü daha qabarıq şəkildə göstərdi. Dövlətlər bir-birini milli valyutalarını ucuzlaşdırmaqda ittiham etməyə başladılar. ABŞ Çini, Braziliyanı ittiham edir ki, valyutalarının məzənnəsini aşağı salır. Devalvasiya isə ixrac məhsullarının rəqabət qabiliyyətini artırır. Ölkələrin öz milli valyutalarını ucuzlaşdırmasının əsas səbəbi də budur.

İyunda FES-in uçot dərəcəsini artırması gözlənilirdi. Bundan əvvəl isə Çin yuanı ucuzlaşdırdı. "Brexit" hadisəsindən sonra yuan yenə ucuzlaşdı. Baxmayaraq ki, "Brexit" Böyük Britaniya üçün iqtisadi, siyasi fəsadlar törədə bilər. Funt-sterlinq 10 faizə qədər ucuzlaşıb. Yəni, Britaniya iqtisadiyyatı üçün bundan əlverişli şərait yoxdur. Funt-sterqlinqin ucuzlaşması inflayasiya yaradıb. Faktiki olaraq, Britaniya hökuməti də buna çalışırdı. Avropa Mərkəzi Bankı da avronu ucuzlaşdırmaq üçün dövriyyə hər ay 80 milyard pul buraxır. Bir neçə gün funk-sterlinqlə yanaşı avro da ucuzlaşdı. Son iki gün isə hər iki valyuta dollara münasibətdə bahalaşmağa başlayıb. İyulda FES-in iclası olmalıdır. Uçot dərəcəsini qaldırsa, dollar bahalaşacaq. Amma bu hadisələrin fonunda FES iyulda uçot dərəcəsini qaldırmayacaq. Yəni, valyuta müharibəsi daim olub və davam edəcək. Bir ölkə valyutasını ucuzlaşdırdıqda digəri də müəyyən bəhanə ilə milli valyutasını ucuzlaşdırır. Bu, Azərbaycan manatına da təsirini göstərib".




Sizin Reklam Yeriniz