news Image
2016.07.02
09:00
| A A A
Azərbaycana valyuta gətirəcək sahələr artacaq
Yaşar Əsədov: “Azərbaycanın tranzit imkanları da ölkəmizə valyuta axınına stimul verən sahələrdəndir” Əli Əlirzayev: “Turizmin və kənd təsərrüfatının inkişafı yolu ilə ölkəyə valyuta axınına çatmaq olar”

Azərbaycanda ölkəyə valyuta gətirə bilən istehsal sahələri hələ kifaytə qədər çox deyil. Azərbaycana valyuta axını əsasən neft və qaz sahəsi hesabına əldə olunur. Bu fonda son illər hökumət digər sahələrdən ölkəyə valyuta axınının sürətləndirilməsi üçün müvafiq addımlar atmağa başlayıb. Faktdır ki, ölkəyə valyutanın daxil olmasını təmin etmək üçün dəyər yaradan digər sahələrin maliyyələşdirilməsi, yeni istehsal sahələrinin yaradılması tələb olunur. Bəs, başqa hansı sahələr hesabına Azərbaycana valyuta axını təmin edilə bilər?

İqtisadçı ekspert Yaşar Əsədov neft və qazdan savayı, ölkəmizə valyuta gətirmək iqtidarında olan 5-6 sahənin olduğunu bildirdi. Onun fikrincə, bunlar arasında da əsas yeri kənd təsərrüfatı sahəsi tuta bilər: "Azərbaycan öz aqrar məhsullarını xaricə, xüsusən də şimal ölkəsinə sata bilər. Ölkəmizin bilirsiniz ki, ənənəvi olaraq Rusiya bazarlarına çıxmaq imkanları genişdir. Ora məhsullarımızın aparılması prosesi də son il yarımda kifayət qədər yüngülləşdirilib. Bu fonda da ölkəmizdən Rusiya bazarlarına çox həcmdə aqrar sahə məhsulları ixrac olunur. Həmin ixracı kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla daha da çoxaltmaq olar. Xüsusən də Rusiyanın Qərbə qarşı həyata keçirdiyi əks sanksiyaları fonunda ölkəmiz bu bazarda daha çox kənd təsərrüfatı məhsulları satmaq imkanındadır.

Kənd təsərrüfatı məhsullarının xarici bazara çıxarılması və burada onun rəqabətə davamlılığını təmin etmək lazımdır.

Həmin məqsədə nail olmaq üçün də güclü təsərrüfatlar qurulmalıdır. Çünki xarici bazarlara işləmək üçün iri, güclü, texniki, texnoloji baxımdan imkanları olan təsərrüfatların olması vacibdir ki, onlar keyfiyyət göstəricilərinə cavab verən məhsul istehsal edib, onu xarici bazara çıxara bilsin.

Bunun üçün də birinci şərt zəif milli valyutanın olmasıdır. Hazırda görürük ki, Azərbaycan manatın kursunu aşağı salmaqla buna getdi. Bunun üçün də Azərbaycanın xarici ticarət dövriyyəsi müsbət saldoda olmalı, çox ixrac edib, az idxal etməliyik.

Digər tərəfdən, ölkəmizə valyuta axınına gətirib çıxaracaq sahələrdən biri də turizmin inkişafıdır. Onun üçün də xarici turistlərin ölkəmizə axınını təşkil etmək gərəkdir ki, onlar gəlib burada daha çox pul xərcləsinlər. Misir, Türkiyə kimi ölkələrdə turizm sektoru ölkəyə valyuta axını sahəsində mühüm rol oynayır. Türkiyədə bu sektorun ümumdaxili məhsulda payı 12 faizə qədərdir. Bu sahənin real olaraq inkişaf etdirilməsi yolu ilə onun da ölkəyə valyuta gətirməsi sahəsində çəkisini artırmaq olar.

Ölkədə bu iki sahənin inkişafı üçün daha ciddi addımlar atılacağı təqdirdə əminəm ki, kənd təsərrüfatı ilə turizm sektorları yaxın gələcəkdə valyuta gətirən başlıca sahələrdən birinə çevrilə bilərlər. Həmin bu iki sahənin inkişafı fonunda ölkəni kifayət qədər xarici valyuta ilə təmin etmək olar. Bunun üçün turizm infrastrukturu təşkil olunmalı, xidmət səviyyəsi yüksəldilməli, getdikcə daha da təkmilləşdirilməlidir. Kənd təsərrüfatı sahəsində isə məhsuldarlığın artırılmasına xüsusi diqqət ayırmaq gərəkdir. Digər tərəfdən, Azərbaycanın tranzit imkanları da ölkəmizə valyuta axınına stimul verən sahələrdəndir. Yaxın zamanlarda Rusiya, Azərbaycan və İranla Şimal-Cənub dəhlizinin açılması ilə ölkəmizin tranzit yolu olaraq gəlir götürməsi baxımından da böyük imkanları olacaq.

Həmçinin, ölkəmizin neft-kimya məhsulları ilə də xarici bazara çıxmaq imkanları var. Deməli, bu sahə vasitəsilə də ölkəyə valyuta axınına rəvac verə bilərik. Bunun üçün də xarici texnologiya və avadanlıqla təmin olunan böyük həcmli müəssisələr tikilməlidir. Azərbaycan həmçinin, dəniz məhsulları ilə də xarici bazara çıxıb ölkəyə valyuta gətirə bilər".

İqtisadçı alim Əli Əlirzayev isə sözügedən məsələdə irəliləyişə nail olmaq üçün ilk növbədə kənd təsərrüfatı ilə turizm sahəsinin inkişafına diqqət yetirmək lazım olduğunu söylədi: "Neft və qazdan başqa Azərbaycana valyuta axınına turizm sektorunun inkişafı hesabına nail olmaq mümkündür. Turizmin, iqtisadiyyatyönümlü istehsalın, kənd təsərrüfatı, emal sənayesinin inkişafı və buradan əldə olunan məhsulları xaricə göndərməklə ölkəyə valyuta axınını təşkil etmək olar. Deməli, əsasən kənd təsərrüfatı və turizm sahəsini inkişaf etdirmək yolu ilə əldə olunan məhsulları xaricə çıxartmaq, ixracyönlü istehsalı artırmaq lazımdır".