news Image
2011.11.23
19:28
| A A A

"Neft gəlirlərinin çəkisinin büdcə gəlirlərinin strukturunda artması obyektiv haldır". Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə söyləyib. Ziyad Səmədzadə deyib ki, 3 ildə büdcə gəlirləri və xərcləri 44 faiz artıb: "Hazırda Azərbaycanda adambaşına düşən gəlir xarici borcla müqayisədə 4,2 dəfə çoxdur. Bu, ciddi bir uğurdur".


O bildirib ki, Azərbaycan hökuməti əlvan və qara metallurgiyanın inkişafı sahəsində addımlar atır. Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycanda dünya bazarına məhsullar çıxarmaq üçün müasir tələblərə cavab verən neft-kimya kompleksi yaradılır. Onun sözlərinə görə, Azərbaycanda səmərəli fəaliyyət göstərən müdafiə sənayesi yaradılıb: "Bəzən deyirlər ki, 2012-ci ilin dövlət büdcəsində infrastruktura qoyulacaq dövlət investisiyaları çoxdur. Özəl sektorun bu gün bu həcmdə vəsait qoymağa potensialı yoxdur. Ona görə də dövlətin bu investisiyaları qoyması lazımdır".

Ziyad Səmədzadə nəzərə çatdırıb ki, 2012-ci ildə büdcə kəsiri 0,9 faiz olacaq: "Biz kəsirsiz büdcə tərtib edə bilərdik. Kəsir cəmi 300 milyon manat olacaq. Daxildə borclanmaya getmək, maliyyəni tənzimləmək üçün bu addımı atdıq. Azərbaycan büdcəsinin formalaşdırılması problemi, borc problemi yoxdur. ABŞ-ın xarici borcu ÜDM-ə bərabərdir. İtaliyada, Yunanıstanda borc ÜDM-in 160-170 faizinə bərabərdir. Azərbaycanda isə xarici borc ÜDM-in 9,2 faizi həcmindədir. Söhbət 5 milyard dollardan gedir. Bizim beynəlxalq maliyyə təşkilatları ilə heç bir problemimiz yoxdur. Borc almasan, borc verməsən, sənə yaxşı baxmazlar. Çünki açıq iqtisadiyyat qururuq ".

Ziyad Səmədzadə qeyd edib ki, qeyri-neft sektorunda vergilər sürətlə artır: "60-70 faiz könüllü vergi ödəyir. Büdcə xərclərinin strukturu beynəlxalq tələblərə cavab verir. Hesablama Palatasının da fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. Beynəlxalq təşkilatlar Milli Məclis və Hesablama Palatasının fəaliyyətinə baxanda Azərbaycanda şəffaflığın olduğunu vurğulayır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs