Əlaqə Arxiv
news Image
2016.11.29
09:00
| A A A
Azərbaycanın əsas iştirakçısı olduğu layihəyə qoşulmaq istəyən ölkələrin sayı artır
Üfüqləri genişlənən nəqliyyat dəhlizləri ölkəmizi mühüm tranzit qovşağına çevirir

Rusiya-Azərbaycan-İran üçlüyünün bu üç ölkədən keçməklə reallaşdıracağı Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi sona yaxınlaşdıqca onun sorağı daha uzaq ellərdən gəlir. Dəmiryol xətlərini birləşdirəcək bu nəqliyyat şəbəkəsi əslində, nəhayətsiz bir ərazini əhatə edir. İqtisadi əlaqələrin inkişafında, mal dövriyyəsində isə dəmir yolların oynadığı rol əvəzsizdir. Bu səbəbdən şəbəkə nə qədər geniş olursa, əhəmiyyəti də bir o qədər artır. Bu mənada Şimal-Cənub nəqliyyat dəhlizinin resursları kifayət qədərdir. 

Bu yaxınlarda Estoniya Respublikası beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq barədə qərarını açıqlayıb. Bundan daha əvvəl isə Ukrayna şəbəkəyə qoşulmaq haqda arzusunu bildirib. Şərqi Avropanı təmsil edən bu ölkələrin sıralarının genişlənməsi ehtimalı yüksəkdir. Məsələn, Bakıda Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıda tezliklə fəaliyyətə başlayacaq nəqliyyat sisteminə qoşulması barədə bəyanat verəcəyi şəksizdir. Çünki, bu yolun xətləri Belarusun lap “ayağı üstdə”dir. Ölkənin Azərbaycan və İranla əlaqələri isə durmadan artır. 
Bu tərəfdən nəqliyyat yollarının birləşdirilməsi prosesinə başlamış Azərbaycan-Türkiyə-Gürcüstanın yaratdıqları Qərb-Şərq nəqliyyat dəhlizi də Şimal-Cənub dəhlizi ilə qarşılaşacaq. Bu günlərdə İran-Azərbaycan-Gürcüstanın müvafiq strukturları öz ərazilərindən keçən yeni bir nəqliyyat dəhlizinin formalaşdırılacağını bildiriblər. Təbii ki, bu sistem də digər iki şəbəkəyə qoşulacaq.    
Şimal-Cənub beynəlxalq dəhlizinin potensialı o qədər böyükdür ki, bəzən fantaziyanı işə salmaq lazım gəlir. Məsələn, Skandinaviya ölkələrinin bu dəhlizdən kənarda qalmaları mümkünsüzdür. Hələ sovetlərin vaxtından Finlandiyadan İrana tədarük edilən taxta məmulatları Bakıdan keçməklə İrana su yolu ilə daşınır. Sirr deyil ki, su yolu elə “su qiyməti”nə başa gəlir. Lakin bu daşınmada digər nəqliyyat növlərinə görə vaxt itkisi böyükdür. Dəmiryol xətti isə ucuz olmaqla bərabər həm də sürəti ilə seçilir. Finlandiyadan Rusiyaya dəmiryol xəttinin mövcudluğu bu ölkədən İrana Azərbaycan ərazisindən  keçməklə məhsul və xammal daşıyan yeni və sərfəli bir xəttin açılmasına təkan verəcək. Ümumiyyətlə isə, Avropa ilə böyük əlaqələrə malik İranın Azərbaycan vasitəsilə öz partnyorları ilə qurduğu işləri inkişaf etdirmək imkanı qazanacaq. 
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin getdikcə daha geniş anlamda dünya birliyi tərəfindən tanınması Azərbaycanın tək regionda deyil, həm də Avrasiya məkanında və Afrikada iqtisadi nüfuz qazanmasını stimullaşdıracaq. Çünki, Azərbaycan yüzlərlə ölkənin, minlərlə konsorsium və təşkilatın iştirak edəcəyi nəqliyyat dəhlizində tranzit qovşaq rolunu yerinə yetirəcək. Bu, ölkəyə sabit valyuta axınını təmin edəcək, qovşaq boyunca bir neçə xidmət növünün təşkili sayəsində yeni iş yerlərinin açılması ilə əhalinin bir qrupunun həyat səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz