news Image
2016.11.29
09:07
| A A A
Tikinti bumu yenidən başlanır

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılış mərasimində iştirak edib. Ölkə rəhbəri bildirib ki, həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda, harada ki, qəzalı binalar var, biz bütün firmaları, iş adamlarını dəvət edirik: “Yerli icra orqanları onlara bütün şərait yaratmalıdırlar ki, bu işə daha da həvəslə qoşulsunlar. Beləliklə, qısa müddətdə, bir neçə il ərzində ölkəmizdə bir dənə də qəzalı vəziyyətdə bina olmamalıdır”.

Prezident qeyd edib ki, hazırda şəhərimizin müxtəlif yerlərində buna bənzər 49 layihə icra edilir: “Bu binaların bir hissəsinin tikintisi artıq gedir. Belə layihələrin ölkə iqtisadiyyatına, xüsusilə, inşaat, tikinti materialları sektoruna da çox gözəl təsiri olacaq. Çünki bu il inşaat sektorunda tənəzzül yaşanır, inşaat sektoru təxminən 25-30 faiz aşağı düşür. Belə layihələrin icrası inşaat sektoruna da canlanma gətirəcək. Tikinti materialları ilə məşğul olan şirkətlər də xeyir götürəcək və beləliklə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Hazırda 49 binanın tikintisində iştirak edən və iştirak edəcək işçilərin sayı 3-4 min nəfər olacaq. Bu da yeni iş yerlərinin yaradılması deməkdir”. 
İqtisadçılar da bu layihənin işsizlik səviyyəsinə müsbət təsir göstərəcəyini proqnoz edirlər. İqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, əgər tikinti işlərinə başlanılarsa, bunun ölkəmizdə birmənalı şəkildə iş yerlərinin artmasına müsbət təsiri olacaq: “Çünki, Azərbaycanda tikinti sektorunun güclü inkişafını müşahidə edirik. 2005-ci ildən 2015-ci ilə qədər tikinti sektorunun mərhələli formada inkişafı ilə əlaqədar Azərbaycanda nəinki işçi qüvvəsinin formalaşması prosesi getdi, eyni zamanda bu sahədə böyük texniki-mühəndis heyət yarandı. Artıq Rusiyanın, Ukraynanın bir çox şəhərlərində, eləcə də İraqda, Əfqanıstanda, Gürcüstanda bu sahədə azərbaycanlı mütəxəssislər fəaliyyət göstərirlər. Bu investisiyalar kadrlara qoyulan investisiyalar idi və bu da formalaşıb. 
İqtisadiyyatın hansısa sektorunda problem yaşana bilər, amma məhz tikinti sahəsində bizim çox böyük potensialımız yaranıb. Düzdür, son zamanlar böhranla bağlı işsizlərin sayında artım oldu. Ancaq bu proqram yüksək səviyyədə həyata keçirilərsə, yenidən iş yerlərinin bərpası prosesi gedəcək. Nəzərə alaq ki, biz böhranın ən pik həddini keçmişik. Bu baxımdan sözügedən layihə həyata keçirilərsə, işsizlik səviyyəsinin azaldılmasına ciddi stimul vermiş olacaq”.
Digər iqtisadçı-ekspert Yusif Vəliyev isə hesab edir ki, böhran vəziyyətində söküntü işlərinin tam sürətlə gedəcəyi çətin məsələdir: “Hazırda yaşanan maliyyə böhranına görə bu işlər hissə-hissə qarşıdakı bir neçə il ərzində reallaşa biləcək. Həmçinin nəzərə alaq ki, bu işi özəl şirkətlər tərəfindən həyata keçirilməsi gündəmdədir. Tikinti başlarkən gözlənilən iş yerlərinin əsasən usta və fəhlə sahələri üzrə artması mümkündür”. 
 

 

Mübariz BAYRAMOV 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs