Əlaqə Arxiv
news Image
2016.11.30
09:30
| A A A
Azərbaycanın Gürcüstanın enerji bazarında mövqeləri güclənir
Fuad Rəsulov: “bütün bu işlər qısa müddətdə həll ediləsi məsələ deyil” Zəfər Vəliyev: “Gürcüstanın həm yanacaq-sürtkü materailları, həm də qaz bazasında SOCAR önəmli mövqeyə malikdir”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın "Neft və qaz korporasiyası"nın səhmlərinin əldə olunması barədə məsələni satış barədə rəsmi elan olunarsa, nəzərdən keçirməyə hazırdır. Bu barədə  "SOCAR Georgia"dan məlumat verilib. Məlumatda deyilib: "Hələlik konkret bir şey demək mümkün deyil. Əgər səhmlərin satışı barədə rəsmi elan olarsa, bu məsələni nəzərdən keçirəcəyik". 

Mütəxəssislərin fikrincə, SOCAR  Gürcüstanın "Neft və qaz korporasiyası"nın səhmlərini əldə edərsə, Azərbaycan qonşu ölkənin enerji bazarında mövqeləri daha da möhkəmlənəcək. Ancaq eyni zamanda bu məsələdə ehtiyatlı davranmağın da vacib olduğunu düşünürlər. Energetika məsələləri üzrə iqtisadçı-ekspert Fuad Rəsulov bildirir: “Əvvəla, Gürcüstan "Neft və qaz korporasiyası"nın səhmlərinin maksimum 25 faizini satışa çıxara bilər. Digər tərəfdən bu, təkcə iqtisadi yox, eyni zamanda siyasi məsələdir. 
Nəzərə alaq ki, bütün bu işlər qısa müddətdə həll ediləsi məsələ deyil. Hələlik Gürcüstanın özü də konkret qərar qəbul etməyib. Çünki, adətən ilk günlərdə belə obyektlərdə səhmlərin qiymətləri kəskin şəkildə aşağı düşür. Bundan başqa, Gürcüstan bu təşəbbüslə əvvəllər xeyli vəsait qazana bilərdisə, hazırda elə pul qazana bilməyəcək. Çünki, qazın da, tranzitin də qiyməti aşağı düşür. Onlar da qiymətlərin qalxmasını gözləyirlər ki, o  zaman satışa çıxarsınlar”. 
Energetika məsələləri üzrə digər mütəxəssis Zəfər Vəliyev bildirdi ki, Gürcüstanın illik yanacaq enerji balansına nəzər salsaq, 2005-ci ildən bu günə qədər SOCAR-ın Gürcüstanın yanacaq enerji balansında xüsusi çəkisinin olduğunu görərik: “SOCAR bu gün Gürcüstanın yanacaq-sürtkü materailları bazasında önəmli mövqe tutmaqdadır. Eyni zamanda qonuşumuzun illik qaza ola tələbatının 80 faizdən çoxu SOCAR-ın Gürcüstana ixrac etdiyi qaz həcmləri hesabına təmin edilir. Bu mənada "Neft və qaz korporasiyası"nın səhmlərininin alınması SOCARA mənfəət verə bilər. 
Nəzərə alaq ki, Gürcüstanın həm yanacaq sürtgü materailları, həm də qaz bazasında SOCAR önəmli mövqeyə malikdir. Bu hadisə SOCAR-nin Gürcüstanın yanacaq enerji bazarında yerini daha da möhkəmləndirəcək”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz