news Image
2016.11.30
10:45
| A A A
Azərbaycanda Vergilər Nazirliyinə dəstəklə bağlı Tvinninq Layihəsi yekunlaşıb

Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilir. Movqe.az-ın xəbərinə görə, mərasimdə çıxış edən Azərbaycan Respublikası vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, belə layihələr dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə həyata keçirilən modernizasiya siyasətinin və Azərbaycan ilə Avropa İttifaqı arasında olan səmərəli əməkdaşlığın real nəticəsidir. Vergilər Nazirliyi dövlət vergi orqanları qarşısında qoyulan məqsəd və vəzifələrə nail olunması üçün insan resurslarının inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 4 avqust tarixli Sərəncamına uyğun olaraq aparılan  ilə vergi sahəsində islahatlar da insan resurslarının davamlı inkişafını tələb edir.  Bu sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün zəruri qanunvericilik, institusional və maddi-texniki baza artıq yaradılıb. 27 ay davam edən Tvinninq Layihəsinin icrası zamanı  Vergilər Nazirliyinin aidiyyəti əməkdaşları insan resurslarının idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa Vergi Administrasiyalarının ən yaxşı təcrübələrini ətraflı şəkildə öyrəniblər. Bu müddət ərzində insan resurslarının inkişafı sahəsində uzunmüddətli strategiya və tədbirlər planının layihəsi, insan resurslarının idarə edilməsi sahəsində bir sıra qaydalar, tədris-təlim proqramları, üsulları və təlim keçmək üçün metodik materiallar, o cümlədən yekun hesabat hazırlanıb, 2 kitab nəşr olunub. S.Ələkbərov layihə üzrə görülmüş və bundan sonra görülməsi nəzərdə tutulan işlərin ölkədə aparılan islahatlar çərçivəsində vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və vergi daxilolmalarının artımına öz töhfəsini verəcəyinə əminliyini diqqətə çatdırıb. Tədbirdə  İspaniyanın müvəqqəti işlər vəkili Jose Luis Dies, Tvinninq layihəsinin rəhbərləri Asəf Əsədov, Qonzalo Qomez de Liano və Noel Claudion təqdimatlarla çıxış edərək layihə barədə ətraflı məlumat veriblər.  Vergilər Nazirliyinin İnsan Resursları İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Faiq Şahbazov Tvinninq Layihəsinin icra vəziyyəti məlumat verərək bildirib ki, layihənin icrası zamanı dövlət vergi orqanlarında insan resurslarının idarə edilməsi sahəsində bir sıra təkmilləşdirmə işləri aparılıb, yeniliklər tətbiq edilib. Layihənin nəticəsi olaraq dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün daxil müsabiqənin keçirilməsi qaydaları, yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması mexanizmi yaradılıb. Görülən işlər çərçivəsində rəhbər vəzifəli şəxslərin seçilməsi və inkişafı üçün fərqli proseduralar müəyyən edilib. Bu istiqamətdə “Dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün keçirilən müsahibə Qaydaları” və “Dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması Qaydaları” adlı iki mühüm sənəd qəbul olunub. Layihənin icrasının yekunu olaraq Nazirliyin insan resurslarının inkişafı üzrə yeni strategiyasının və tədbirlər planının layihələri hazırlanıb. Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi, vergi xidməti müşaviri Əli Həsənov Tvinninq Layihəsinin komponentləri barədə məlumat verərək bildirib ki, artıq bu layihədən faydalanaraq e-tədris sisteminin tətbiqinə nail olunub. Bundan əlavə, təlim-tədris proseslərinin metodoloji və təşkilati bazasının təkmilləşdirilməsi məqsədilə bir sıra daxili təlimatlar, tövsiyələr, proqram təminatları hazırlanıb. Layihə çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə İspaniya Kralığının Maliyyə Nazirliyinin Fiskal Tədqiqatlar İnstitutu arasında gələcək əməkdaşlığa dair memorandumun imzalanması üçün zəruri müzakirələr aparılıb və bu barədə şifahi razılıq əldə edilib. Tədbirdə Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı təmsilçiləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Zülfiyyə QULUYEVA

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs